Dünyanın turizm yolları Azərbaycanda kəsişir

 

   Bakıda keçirilən “AİTF-2012” Beynəlxalq Turizm və Səyahətlər Sərgisində 32 ölkədən 200-dən çox şirkət iştirak edir

  

   AİTF turizm üzrə peşəkarların ənənəvi görüş yerinə çevrilib

  

   Bakı şəhəri artıq 11-ci ildir ki, dünyanın dörd yanından turizm şirkətlərini bir araya gətirən möhtəşəm tədbirə - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə (AİTF) ev sahibliyi edir. Sərgi «İtesa Caspian» şirkətinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin açılışından bir gün öncə, aprelin 11-də «Trend» informasiya agentliyində «AİTF-2012» sərgisi ilə bağlı mətbuat konfransı oldu.

   Tədbirdə çıxış edən «İtesa Caspian» şirkətinin direktor müavini Bəhruz Hidayətzadə bildirdi ki, artıq 11-ci ildir keçirilən AİTF sərgisi turizm üzrə peşəkarların ənənəvi görüş yerinə çevrilib: «Bu səbəbdən də ildən-ilə həm sərginin ekspozisiya sahəsi genişlənir, həm də iştirakçı ölkələrin sayı artır. Builki sərgidə dünyanın 32 ölkəsindən 200-dən artıq şirkət öz məhsullarını nümayiş etdirəcək, 15 ölkə milli stendi ilə çıxış edəcək».

   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev qeyd etdi ki, hər il olduğu kimi, bu il də nazirlik AİTF sərgisinin keçirilməsinə yaxından dəstək verir. Son iki ildə AİTF-lə paralel olaraq, daxili turizm sərgisinin də keçirildiyini xatırladan şöbə müdiri bu sərginin bundan sonra iki ildən bir keçirilməsinin nəzərdə tutulduğunu dedi: “Amma Bakı şəhərində və regionlarımızda fəaliyyət göstərən əksər istirahət mərkəzləri və hotellər builki AİTF sərgisində öz imkanlarını nümayiş etdirirlər».

   Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan qardaş ölkənin üç ildir ki, AİTF sərgisində tərəfdaş ölkə qismində çıxış etdiyini bildirdi: “Bu sərgidə belə yaxından iştirak etməyimizin başlıca səbəbi Azərbaycanın turizm sahəsində qabaqcıl sıralara çıxmasıdır. Buna ölkənin həm potensialı, təbii-coğrafi mövqeyi, həm də zəngin tarixi və mədəniyyəti imkan verir. Təbii ki, Türkiyəyə istirahətə gedən azərbaycanlı turistlərin də sayının artmasını, onların ölkəmizin gözəlliklərindən zövq almasını çox istəyirik. Ona görə də hər il AİTF sərgisində daha yaxından təmsil olunmağa çalışırıq. Bu il bu sərgidə Türkiyənin 14 şirkəti təmsil olunacaq. Nümayəndə heyəti arasında Çanaqqala valiliyi, İstanbul, Qars, Ərzurum şəhərlərindən də nümayəndələr var».

   «İtesa Caspian» şirkətinin AİTF sərgisi üzrə layihə meneceri Xəyal Əliyeva builki sərginin yenilikləri və iştirakçıları haqqında ətraflı məlumat verdi. Sonda tədbirin təşkilatçıları mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.

  

   “AİTF artıq regionun ən nüfuzlu turizm tədbirinə çevrilib”

  

   Aprelin 12-də “Baku Expo” mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi işə başladı. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, artıq 11-ci ildir ölkəmizin ev sahibliyi etdiyi AİTF sərgisi hər il yeniliklərlə yadda qalır: «2001-ci ildə cəmi 7 ölkədən 23 şirkətin iştirakı ilə işə başlayan sərgidə bu il 32 ölkədən 201 şirkət təmsil olunur. Bu sərgi artıq bütün beynəlxalq təşkilatlar tərəfindən regionun ən nüfuzlu və turizm sənayesinin iştirakına təkan verən tədbir kimi qəbul olunur. Builki sərginin özəlliklərindən biri kimi, Türkiyənin növbəti dəfə tərəfdaş ölkə qismində çıxış etməsi ilə bərabər, Bolqarıstanın ilk dəfə «qonaq ölkə» qismində iştirakını qeyd etmək istərdim. «AİTF-2012»nin daha bir yeniliyi burada Dünya Turizm Təşkilatının ilk dəfə olaraq ayrıca stendlə təmsil olunmasıdır. Təşkilat ilk gündən «AİTF»ə dəstək verib və bu il bu addımı atması Azərbaycan turizminin dünyada artan nüfuzunun göstəricisi hesab edirəm».

   Nazir son illər Azərbaycanda turizm sektorunun keçdiyi inkişaf yoluna qısa nəzər saldı: «Ötən il Azərbaycanda ölkə başçısının sərəncamı ilə «Turizm ili» elan olundu. 2011-ci ilin yekunlarına görə, ölkəmizə gələn insanların sayı 2 milyon 134 min nəfər oldu. Bu, 2010-cu illə müqayisədə 14 faiz artım deməkdir. Ötən il 45 mehmanxana və mehmanxana tipli obyekt tikilib istifadəyə verilib. Azərbaycanın ötən il əldə etdiyi nailiyyətlərin sırasında bu il ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli tədbirlər də var. Gələn ay «Eurovision»un iştirakçılarını Azərbaycanda qəbul edəcəyik. Bu tədbir ölkəmizin turizm sektorunun imkanlarını, xüsusilə də mehmanxanaların tələblərə nə qədər cavab verməsini nümayiş etdirəcək”.

   Nazir qeyd etdi ki, sərgini işıqlandırmaq üçün dünyanın bir çox ölkələrindən çəkiliş qrupları da Bakıya gəlib. Onlar eyni zamanda Bakının «Eurovision» hazırlıqları haqqında da çəkilişlər aparacaqlar.

  

   Dünya Turizm Təşkilatı AİTF sərgisinin tərəfdaşı olacaq

  

   Dünya Turizm Təşkilatının şöbə müdiri Alla Peresolova sərgi iştirakçılarını salamladıqdan sonra qurumun baş katibi Taleb Rifainin müraciətini oxudu. Baş katib müraciətində qeyd edir ki, 11 il ərzində Azərbaycanda keçirilən beynəlxalq turizm sərgisi daha da güclənib və bütün Xəzər regionunda nüfuzlu bir tədbirə çevrilib: «Bu səbəbdən də bu ildən etibarən Dünya Turizm Təşkilatı AİTF sərgisinin tərəfdaşı qismində iştirak edəcək. 2012-ci il beynəlxalq turizm sənayesində tarixi bir ilə çevriləcək. Çünki DTT-nin proqnozlarına görə, bu il ərzində dünyada 1 milyarddan artıq insan səyahət edəcək. Sözsüz ki, belə bir vəziyyətdə rəqabətdə davamlılığın təmin olunması ən vacib elementlərdən biridir. Səyahətçilərin tələbləri ildən-ilə artır. Buna görə də turizm fəaliyyəti ilə məşğul olan təşkilatlar daha vacib tədbirlər görməlidir. Azərbaycan hökuməti bununla bağlı bir çox işlər görür və beləliklə, turizm sektorunu ölkənin iqtisadi artımında və sərmayə qoyuluşu üçün imkan yaradan bir sahə olaraq inkişaf etdirir. Bunu Azərbaycanda keçirilən və keçiriləcək beynəlxalq səviyyəli turizm tədbirləri də bir daha sübut edir».

   Tədbirdə Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirinin müavini İvo Marinov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, «İtesa Caspian» şirkətinin direktoru Fərid Məmmədov çıxış edərək, sərginin işinə uğurlar arzuladılar.

  

   Sərgi xarici ölkə təmsilçilərinin gözü ilə

  

   Türkiyədən gələn nümayəndə heyətinin rəhbəri, bu ölkənin İqtisadi İnkişaf Nazirliyinin regional idarəsinin mütəxəssisi Murad Aydo bildirdi ki, hər il olduğu kimi, bu il də Türkiyə bu sərgiyə böyük nümayəndə heyəti ilə qatılıb: «Burada Türkiyənin müxtəlif bölgələrini təmsil edən turizm qurumları iştirak edir. Mən özüm İqdır bölgəsindən gəlmişəm. Bu bölgədə turizmin inkişafı hökumətin prioritet istiqamətidir. Məqsədimiz bölgəmizi Azərbaycanda yaxından tanıtmaqdır».

   Xorvatiyanın paytaxtı Zaqreb şəhərinin turizm idarəsinin direktoru Ameliya Tomaseviç bildirdi ki, Zaqreb AİTF sərgisində ilk dəfə təmsil olunur. Sərgidə iştirak etməkdə əsas məqsədlərinin Azərbaycanın turizm şirkətləri ilə əməkdaşlıq qurmaq olduğunu deyən qonaq qeyd etdi ki, bu sərgi Xorvatiyanın turizm imkanlarını təbliğ etmək üçün gözəl fürsətdir: «Turizm xalqlar arasında mədəniyyətlərin dialoquna imkan yaradan bir vasitədir. Azərbaycanla qarşılıqlı turizm mübadiləsində çox maraqlıyıq. Ümid edirəm ki, yerli turizm şirkətləri ilə sərgi günlərində əməkdaşlıqla bağlı razılıq əldə edə biləcəyik».

   Sərgidə geniş şəkildə təmsil olunan ölkələrdən biri də Litva Respublikasıdır. Bu ölkənin Azərbaycandakı səfiri Kestudis Kudzmanas qəzetimizə açıqlamasında qeyd etdi ki, Litva ölkəmizlə turizm əlaqələrinin inkişafında maraqlıdır: «Son 5 ildə verilən vizaların sayına əsasən demək olar ki, Azərbaycandan Litvaya gedən turistlərin sayı 15 dəfə artıb. Azərbaycanlı turistlər daha çox tibbi turizmə maraq göstərirlər. Ona görə də bu gün Litvadan burada çoxlu sayda şirkət iştirak edir».

  

   «Atlantis Holidays» şirkəti «Azerbaijan» jurnalını təqdim etdi

  

   «AİTF-2012» beynəlxalq turizm səyahətlər sərgisi çərçivəsində maraqlı təqdimatlardan biri Dubay Əmirliyinin «Atlantis Holidays» şirkəti tərəfindən keçirildi. Şirkət Azərbaycanın turizm potensialına həsr edilmiş «Azerbaijan» jurnalını sərgi iştirakçılarına təqdim etdi. Ərəb körfəzi ölkələri üçün nəzərdə tutulan jurnalda Azərbaycanın mədəniyyətinə, turizm imkanlarına iqtisadiyyatına dair məlumatlar əksini tapıb.

   Qeyd edək ki, Dubay Əmirliyinin «Atlantis Holidays» şirkəti ilə Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi arasında Ərəb körfəzi ölkələrində Azərbaycanın turizm potensialını təbliğ etmək turizm bazarında əlaqələrin istiqamətləndirilməsi məqsədilə müqavilə imzalanıb.

   Sənəddə nazirlik tərəfindən sifariş edilən bələdçi kitablarının ərəbdilli ölkələrdə yayılmasına dair razılıq əldə edilib.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 13 aprel.- S. 9.