Gənc
Tamaşaçılar Teatrında “Müsyö Jordan və Dərviş
Məstəli şah”
Milli
dramaturgiyamızın banisi, görkəmli
ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin
200 illik yubileyi
münasibətilə teatr ocaqlarında ədibin
əsərləri əsasında müxtəlif tamaşalar hazırlanır. Dövlət Gənc
Tamaşaçılar Teatrında yubileyə töhfə olaraq M.F.Axundzadənin “Müsyö
Jordan və Dərviş Məstəli şah» tamaşası yenidən bərpa olunaraq repertuara daxil edilib. Hazırda teatrda bu tamaşanın məşqləri
aparılır.
Teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Tahir Tahirov, musiqi tərtibatçısı İradə Muradovadır. May ayında təhvil verilməsi planlaşdırılan tamaşada rolları Elşən Çarhanlı, Kərəm Hadızadə (Hətəmxan Ağa), Leyli Vəliyeva, Təhminə Məmmədova (Şəhrəbanu), Asya Atakişiyeva, Nigar Məmmədova (Şərəfnisə), Lətifə Əliyeva, Gülər Nəbiyeva (Xanpəri), Elnur Hüseynov, Emin Sevdiməliyev (Şahbaz), Roza İbadova, Fidan Abbasova (Gülçöhrə), Elşən Rüstəmov, Nofəl Vəliyev (Müsyö Jordan), Şövqi Hüseynov, Vüsal Mehrəliyev (Məstəli şah), İlqar Cahangirov, Natiq Fərzəliyev (Qulaməli) ifa edəcəklər.
Tamaşanın məşqlərini izləyib quruluşçu rejissorla qısa söhbət etdik. C.Səlimova bu tamaşa ilə ədibin yenilikçi, maarifçi ideyalarını bir daha diqqətə çatdırmaq istədiklərini bildirdi: “Mirzə Fətəli Axundzadə Azərbaycanın dahi maarifçisidir. Onun əsr yarım öncə yazdığı komediyaların bu gün müasir olması bu dahiliyin bariz sübutudur. Onun bütün komediyalarının yenilikçi ruhu var. “Müsyö Jordan və Dərviş Məstəli şah» komediyası isə günümüzlə səsləşən, müasir ruhlu əsərdir. Görkəmli maarifçi bu əsərində mədəniyyətlərarası dialoqu, təması təbliğ edir, xarici ölkələrlə daha çox əlaqə yaratmağın mədəniyyətimizə töhfə olacağını deyir. Gördüyünüz kimi, çox müasir mövzudur. İndiki zaman üçün isə daha vacib və önəmlidir. Sanki elə bu gün üçün yazılıb».
Uzun illər Bakı Kamera Teatrının repertuarında olmuş tamaşanın bərpasından danışan C.Səlimova bildirdi ki, səhnə əsərində tamaşaçılar bu dəfə fərqli məqamları müşahidə edəcəklər: «Kamera Teatrında 20 il bu tamaşa oynanılıb. Yeni aktyor oyunu, rəssam işi, yeni musiqi tamaşaya təzə nəfəs verəcək».
Gülər
Mədəniyyət.-
2012.- 13 aprel.- S. 6.