“Azərbaycan
dünya mədəniyyətinin
inkişafında fəal iştirak edir”
Nizami Cəfərov: “Bizim mədəniyyətimiz
dünya üçün anlaşıqlıdır. Çünki
tarixən dünya mədəniyyəti ilə sıx təmasda
yaranıb. Musiqimizdə qədim, orta əsrlərin, ən
müasir dövrün təranələri, elementləri var.
Buna görə də mədəniyyətimizi dünyaya təqdim
edərkən yad təsir bağışlamır”
15 aprel mədəniyyət təqviminin
əlamətdar günlərindən biridir. 1935-ci il aprelin 15-də
“Bədii, elmi müəssisə və tarixi abidələrin
qorunması haqqında” Vaşinqton razılaşması (Rerix
paktı) imzalanıb. 1998-ci ildə “Mədəniyyətin
müdafiəsi beynəlxalq liqası” adlı ictimai təşkilat
bu tarixin “Beynəlxalq mədəniyyət günü” kimi qeyd
olunması təşəbbüsü ilə
çıxış edib. Həmin tarixdən 15 aprel bir
sıra ölkələrdə qeyd olunur.
Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri, professor Nizami Cəfərovla müsahibəmiz
də təqvimdəki bu əlamətdar gün ərəfəsinə
təsadüf etdi. Bu günlərdə Milli Məclisdə “Mədəniyyət
haqqında” yeni qanun layihəsinin müzakirəyə
çıxarılması da söhbətimizə ikinci bir
körpü oldu. Beləliklə, professor Nizami Cəfərovla
söhbətimizdə Azərbaycan mədəniyyətinin
dünyaya təqdimatı, mədəniyyət sahəsində
milli qanunvericiliyin müvafiq beynəlxalq konvensiyalara
uyğunluğu və s. məsələlərə toxunduq.
- Nizami müəllim, Azərbaycan
bu gün dünyadakı mədəni inkişaf prosesində
necə iştirak edir və biz öz milli mədəniyyətimizi
bəşəriyyətə necə təqdim edirik?
- Azərbaycan mədəniyyətinin
təbiəti elədir ki, o həmişə dünya mədəniyyətinə
açıq olub. Bu bir tərəfdən Şərq mədəniyyəti
ilə çox bağlıdır, digər tərəfdən
isə Qərb mədəni dəyərlərini özündə
ehtiva edir. Xüsusilə son əsrlərdə Azərbaycan mədəniyyəti
çox mükəmməl bir şəkildə Avropa mədəniyyətini
özündə əks etdirə bilib. Ona görə də Azərbaycanın
dünya mədəniyyətinə inteqrasiyasında kifayət
qədər güclü tarixi təcrübəsi var. Amma
respublikamız müstəqillik qazandıqdan sonra bu məsələlər
həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də
bizim dövlətin siyasətində xüsusi bir yer tutur. Bu, mədəniyyətlə
bağlı qanunlarda da öz əksini tapır. Biz dövlət
olaraq milli mədəniyyətimizin dünya mədəniyyəti
ilə sıx əlaqəsinin olduğunu etiraf edirik. Bu, sadəcə,
deklorativ bir müddəa şəkildə bəyan edilmir, biz
bunu beynəlxalq təşkilatlarla - UNESCO, Avropa
İttifaqı, Avropa Şurası ilə əməkdaşlıq
şəraitində, həyata keçirdiyimiz, ev sahibliyi
etdiyimiz beynəlxalq layihələr, tədbirlərlə
sübut edirik.
Ölkəmiz eyni zamanda həm Qərb, həm də Şərq dünyasının mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlarda fəal iştirak edir. Bu sahədə demək olar ki, hər il hər hansı bir beynəlxalq mədəni konvensiyaya, sənədə, təşəbbüsə qoşulur, onun icrasına dəstək veririk. Təsadüfi deyil ki, ölkənin birinci xanımı Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Bu mənada mədəniyyət sahəsində onun xidmətləri əvəzsizdir. Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, biz daxil olduğumuz beynəlxalq mədəniyyət qurumlarında təkcə öz mədəniyyətimizi təbliğ etməklə, yaxud dünya mədəniyyətinin Azərbaycanda təbliği ilə məşğul olmuruq. Eyni zamanda biz dünya mədəniyyətinin yaranmasında və inkişafında yaxından iştirak edirik.
Xüsusilə son zamanlar həm maddi, həm də qeyri-maddi irsin dünyaya təqdim olunmasında böyük hadisələr baş verdi. Məsələn, Qobustan qayaüstü rəsmləri, İçərişəhər qoruğu dünyanın böyük mədəni irsinin nümunələri siyahısına daxil edildi. Bunun ardınca Azərbaycan muğam sənəti, aşıq sənəti, Azərbaycan xalça sənəti dünya mədəni irsi siyahısına salındı. Bildiyimiz kimi, Novruz bayramı dünyanın bir sıra ölkələrində qeyd olunur. Amma bu məsələdə Azərbaycan daha önə çıxdı və Novruz xalqımızın mənəvi-mədəni sərvəti kimi dünyaya təqdim olundu. Ölkəmizin yaxından iştirakı və təşəbbüsü ilə Novruz BMT səviyyəsində beynəlxalq bayram kimi qəbul olundu.
Dövlətimiz mədəni sərvətlərimizin qorunub saxlanılması, inkişafı, daha uğurlu bir şəkildə, müasir texnologiyalara uyğun formada dünyaya təqdimatı sahəsində də ardıcıl işlər görür. Qeyd etdiyim kimi, Azərbaycan son illər çox böyük mədəniyyət məclislərinə ev sahibliyi edir. Bir vaxtlar var idi ki, bu barədə heç düşünmək mümkün deyildi. Hətta müstəqilliyimizin ilk 10 ilində belə dünyanın böyük mədəniyyət toplantılarını, mədəniyyət xadimlərini Bakıda görmək çətin idi. İndi nəinki Bakıda, hətta Azərbaycanın regionlarında da beynəlxalq tədbirlər təşkil olunur. Əlbəttə, Azərbaycan gənclərinin 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gəlmələri həm bir tərəfdən xalqın istedadının üzə çıxması, həm də böyük təşkilatçılıq demək idi. Eyni zamanda bu, Azərbaycanın musiqi mədəniyyətinin gələcəyinə təminatdır. Bu gün biz artıq onun nəticələrini görürük. Bakı “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edir. Paytaxtımızda indiyə qədərdəki keçirilən tədbirlərin sırasına bu müsabiqənin də əlavə olunması o deməkdir ki, biz artıq ən nüfuzlu beynəlxalq tədbirləri Bakıda təşkil edə bilirik.
- Sizcə, mədəniyyətimizin dünyaya təqdimatında qarşıya çıxan əngəlləri dəf etmək üçün hansı mexanizmlər tətbiq edilməlidir? Ümumiyyətlə, ölkənin mədəniyyət siyasətində bu məsələ necə yer tutur?
- Bu, çox mühüm məsələdir. Bizim mədəniyyətin quruluşu, xüsusiyyətləri elə ola bilərdi ki, biz onu dünyaya təqdim etmək üçün çətinliklərlə üzləşərdik. Birinci üstün cəhət odur ki, mədəniyyətimiz dünya üçün anlaşıqlıdır. Çünki tarixən dünya mədəniyyəti ilə sıx təmasda yaranıb. Ümumiyyətlə, türk xalqlarının təbiəti belədir. Dünyada nə qədər din varsa, türk xalqları onları qəbul edib, dünyanın ən çox, ən müxtəlif inkişaf etmiş dillərində ədəbiyyat yaradıblar. Musiqilərimizdə qədim, orta əsrlərin, ən müasir dövrün təranələri, elementləri var. Buna görə də mədəniyyətimizi dünyaya təqdim edərkən yad təsir bağışlamır, anlaşıqlı olur. Eyni zamanda, əlbəttə, ölkənin iqtisadi inkişafı, dövlətimizin mədəniyyət siyasəti də bu məsələdə aparıcı rol oynayır. Yəni ola bilərdi ki, biz müstəqillik illərindən sonra qazandığımız maddi sərvəti bu qədər səxavətlə mədəniyyətə qoymazdıq və istər-istəməz bu mədəniyyəti dünyaya tanıtmaqda bir az geri qalardıq. Baxmayaraq ki, bu gün dünya mədəniyyətimizi tanıyır, amma onu kütləviləşdirmək lazımdır. Eyni zamanda bizim mədəniyyətimiz həmişə müxtəlif xalqların, qonşu xalqların mədəniyyətinə təsir edib. Bununla yanaşı, bu gün mədəni sərvətimizin bəzi qüvvələr tərəfindən mənimsənilməsinə cəhdlərin qarşısını daha fəal şəkildə almalıyıq. Əgər ermənilərin bu məsələdə yaratdığı hay-küy beynəlxalq aləmə çıxarılırsa, istər-istəməz biz öz mədəniyyətimizə sahib çıxmalıyıq.
Dövlətimizin mədəniyyət siyasətinə gəlincə, əlbəttə, bu da mühüm məsələdir. Belə ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycan dövlətinin mədəniyyət siyasəti çox uğurlu bir istiqamətdir. Buraya birinci növbədə tarix boyu yaratdığımız klassik mədəniyyətin mənimsənilməsi daxildir. Əlbəttə, tarixi tez-tez yada salmasan, tədqiq etməsən, o unudular. Görün, son illər nə qədər böyük sənətkarlarımızın, sənət əsərlərinin yubileyləri keçirildi. Təkcə 2000-ci ildə “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi böyük hadisə oldu. Ölkəmizin həm türk dünyasının tərkib hissəsi olması, həm türk dünyasında xüsusi yeri, onun istedadının qeydə alınması çox mühümdür.
Böyük öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin müasir şəraitdə necə təzahür etməsi məsələsinə xüsusi diqqət yetirirdi. Bugünkü dünya maliyyə-iqtisad münasibətləri, bazar-marketinq münasibətləri dünyasıdır. Bu halda mədəniyyətin, incəsənətin yaranması, yayılması, onun istifadə olunması da istər-istəməz bazar münasibətlərinin diktə etdiyi müəyyən xüsusiyyətlərdən asılıdır və bu proses də indi bizdə gedir. Bu baxımdan biz mədəniyyət, incəsənət sənayemizi dünyaya çıxarmağın texnikasını öyrənməliyik.
- Aprelin 26-da Azərbaycanın Avropa Şurasının “Mədəniyyət konvensiyası”na qoşulmasının 15 ili tamam olur. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olaraq necə düşünürsünüz, qəbul edilən qanunvericilik aktları, qanunlar qoşulduğumuz konvensiyalara uyğun gəlirmi?
- Şübhəsiz ki, uyğun gəlir. Kitabxana işindən başlamış kinematoqrafiya işinə qədər mədəniyyət sahəsində Azərbaycanda xeyli qanunlar qəbul edilib. Bu qanunların qəbulunda həmişə beynəlxalq standartları gözləyirik. Yəni beynəlxalq standartların da heç biri Azərbaycan milli mədəniyyətinin standartlarına zidd deyil. Çünki Azərbaycan mədəniyyəti onsuz da humanist bir mədəniyyətdir. Bizim mədəniyyətimiz heç bir halda zorakılığı təbliğ etmir, milləti, xalqı, dünyanı kütləşdirmir. Bir sözlə, mədəniyyətlə bağlı mövcud beynəlxalq sənədlər, konvensiyalara qoşulmaqda heç bir problemimiz yoxdur.
- «Mədəniyyət haqqında» yeni qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda müzakirə edildi. Bu qanunda əsas yeniliklər nədən ibarət olacaq?
- Yeniliklər həddindən artıq çoxdur və daha çox mahiyyət məsələsi ilə bağlıdır. 1998-ci ildə qəbul olunmuş «Mədəniyyət haqqında» qanun postsovet qanunu idi. Yəni sovet dövründən qalan xeyli xüsusiyyətlər burada öz əksini tapıb. Bu xüsusiyyətlərdən biri də o idi ki, mədəniyyətin, incəsənətin dövlətin inhisarında olmasına çox fikir verilirdi. Bundan başqa, bir sıra anlayışlar dəqiqləşməmişdi. Azərbaycan mədəniyyətinin dünyaya təqdim olunması, təbliği ilə bağlı müəyyən müddəalar dəqiqləşdirilməmişdi. Mədəniyyətin, incəsənətin strukturu, tərkib hissələri ilə bağlı təsəvvürlər aydın deyildi. İncəsənət bu gün prodüsersiz yaşaya, istehlak oluna bilməz. Bu məsələ barədə, demək olar ki, qanunda heç nə yox idi. Bir sözlə, çoxlu belə çatışmazlıqlar var. Məsələn, bu gün şou-biznes çox geniş bir miqyas alıb. Son belə böyük musiqi tədbirimiz “Eurovision” müsabiqəsidir. Onun kifayət qədər özünəməxsus biznes tərkibi var. Bu məsələlər də qanunda artıq öz əksini tapıb. Güman edirik ki, müzakirələrin gedişində daha bir sıra məsələlər ortaya çıxacaq. Həm də bir məqamı xüsusi qeyd etmək istəyirəm. Son illərdə Azərbaycan mədəniyyəti, incəsənəti, onun ən müxtəlif sahələri sürətlə inkişaf edib, çox böyük təşkilati, praktiki işlər görülüb və gələcək üçün çox böyük inkişaf potensialı yaradılıb. Bunun qarşısında bizim qanunvericiliyimiz xeyli geri qalmışdı. İndi güman etmirəm ki, bu qanunu yeni, mükəmməl bir şəkildə qəbul etməklə irəli gedəcəyik. Təki biz həmişə qanunvericilikdə geri qalaq, amma mədəniyyətdə qabağa gedək. Bu, ölkə üçün mühüm bir imicdir. Prezidentin dediyi sözlər bizim üçün prioritet təşkil edir: «Bizim siyasətimiz, bizim işimizdir». Biz həqiqətən çox mükəmməl qanunlar yarada bilərik. Amma o qanunlar işləməyəcəksə, onun əhəmiyyəti yoxdur. Lakin işin özü varsa və bu iş gedirsə, onu qanunlarla tənzimləmək daha asandır.
Mehparə
Mədəniyyət.-
2012.- 13 aprel.- S. 5.