Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası
Musiqi kollektivlərinin fəaliyyəti
müzakirə olundu
Aprelin 11-də Azərbaycan Dövlət
Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin
növbəti kollegiya iclası keçirildi. Dövlət
Filarmoniyasının və Azərbaycan Dövlət Uşaq
Filarmoniyasının 2008-2011-ci illərdə fəaliyyətinə
həsr olunmuş iclasda əldə olunan uğurlar və
qarşıda duran vəzifələr geniş müzakirə
olundu.
İclasda açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər iki mədəniyyət müəssisəsinin musiqi kollektivlərinin fəaliyyətinin ölkənin bütün musiqi həyatına, incəsənət aləminə böyük təsir göstərdiyini diqqətə çatdırdı: “Bu müəssisələr bugünkü Azərbaycan musiqi mədəniyyətinin səviyyəsinin göstəricisi, real mənzərəsidir. Burada fəaliyyət göstərən yaradıcı kollektivlər musiqi mədəniyyətimizin dünyada tanınmasında əhəmiyyətli rol oynayırlar”.
Nazir son illər ölkəmizdə gedən geniş yenidənqurma işlərinin, aparılan islahatların mədəniyyət sahəsini də əhatə etdiyini vurğuladı. Qeyd olundu ki, ölkəmizin beynəlxalq miqyasda yüksək imicini formalaşdıran amillər arasında mədəniyyət mühüm yer tutur: “Bu gün ölkəmizin dünyada təbliği və təqdimatının mühüm hissəsi mədəniyyətlə bağlı olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdiyi müxtəlif beynəlxalq tədbirlərdə mədəniyyətimizin geniş təqdimatına xüsusi önəm verir. Heydər Əliyev Fondunun bu istiqamətdə müstəsna fəaliyyəti var. Qurumun beynəlxalq tədbir və təqdimatlarında Azərbaycan musiqisi yüksək səviyyədə nümayiş olunur. Ölkəmizdə keçirilən beynəlxalq mədəni tədbirlərdə, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində mədəniyyət və incəsənətimizin təqdim olunmasında musiqiyə böyük yer ayrılır. Təbii ki, bu da musiqi kollektivlərinin üzərinə böyük məsuliyyət qoyur”.
Nazir bildirdi ki, musiqi kollektivlərimiz bu məsuliyyəti dərk edərək daha məhsuldar fəaliyyət göstərirlər: “Təkcə son 10 il öncə ilə indiki dövrü müqayisə etdikdə aydın mənzərə yaranır: musiqi kollektivlərimizin çıxışlarının kəmiyyət və keyfiyyəti çox böyük fərqlə dəyişib. Bununla yanaşı, musiqi kollektivlərinin öz işlərinin daha yüksək səviyyədə təşkili üçün lazımi iş aparılmalı, yeni tərzdə, müasir dövrün tələblərinə cavab verən fəaliyyət sisteminin formalaşdırılması barədə konkret addımlar atılmalıdır. Bu, uzunmüddətli perspektivə hesablanan fəaliyyət mexanizmi olmalıdır. Biz artıq bu gün bilməliyik ki, bir neçə ildən sonra musiqi kollektivlərimizin bazası nədən ibarət olacaq, orada kimlər, hansı potensiallı kadrlar çalışacaq. O kollektivlərin məqsəd və proqramları da indidən müəyyən olunmalıdır”.
Nazir
müzakirələrin daha səmərəli
aparılması üçün iclasa Bəstəkarlar İttifaqının rəhbərliyinin,
Bakı Musiqi Akademiyasının və Milli Konservatoriyanın rektorlarının da dəvət olunduğunu
diqqətə çatdırdı.
İki filarmoniyanın 4 illik fəaliyyəti nəzərdən
keçirildi
Sonra söz nazirliyin İncəsənət
şöbəsinin müdiri Fərəh Əliyevaya verildi.
M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının və Dövlət Uşaq
Filarmoniyasının bugünkü musiqi mədəniyyətimizdə
xüsusi yeri olduğunu deyən şöbə müdiri hər
iki müəssisənin tarixinə və fəaliyyətinə
qısa nəzər saldı. Qeyd olundu ki, ölkəmizin ən
böyük konsert müəssisəsi olan Dövlət
Filarmoniyasının nəzdində Ü.Hacıbəyli
adına Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Dövlət
Kamera Orkestri, Dövlət Xor Kapellası, F.Əmirov adına
Dövlət Mahnı və Rəqs Ansamblı, Dövlət
Xalq Çalğı Alətləri Orkestri, Dövlət Rəqs
Ansamblı, Dövlət Simli Kvarteti, Dövlət Fortepiano
Triosu fəaliyyət göstərir.
Mədəniyyət və Turizm
Nazirliyinin sistemində fəaliyyət göstərən
Dövlət Uşaq Filarmoniyasına gəlincə, bu müəssisənin
uşaq və yeniyetmələrin bədii-estetik
zövqünün formalaşmasında, istedadlı gənclərin
üzə çıxarılmasında, onların
yaradıcılıq imkanlarının inkişaf etdirilməsində
xüsusi rolu olduğu bildirildi. 1991-ci ildə yaradılan təşkilatda
hazırda 1000-dən çox uşaq və yeniyetmə xalq
musiqisi, milli rəqs və xor sahəsində ilkin təhsil
alır. Uşaq Filarmoniyasının gənc istedadların
aşkara çıxarılmasında, onların yaradıcılıq
potensialının inkişaf etdirilməsində məqsədyönlü
iş apardığını diqqətə çatdıran
şöbə müdiri burada Uşaq-Gənclər Simfonik
Orkestri, Uşaq Kamera Orkestri (bədii rəhbər Xalq artisti
T.Göyçayev), Uşaq Xalq Çalğı Alətləri
Orkestri (bədii rəhbər Xalq artisti A.Paşayev), caz,
estrada, xor və rəqs ansambllarının da fəaliyyət
göstərdiyini dedi.
Musiqimizin təbliği daim
diqqət mərkəzindədir
Şöbə müdiri 2008-2011-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının kollektivlərinin ölkəmizdə və xarici ölkələrdə keçirilən irimiqyaslı beynəlxalq musiqi və incəsənət festivallarının, Azərbaycan mədəniyyəti günlərinin, beynəlxalq layihələrin və dövlət tədbirlərinin fəal iştirakçısı olduğunu diqqətə çatdırdı. Bildirildi ki, Uşaq Filarmoniyasının kollektivləri mütəmadi olaraq yerli və beynəlxalq tədbirlərdə iştirak edir. Son 4 il ərzində bu kollektivlərin əldə etdiyi uğurlar qeyd olundu. F. Əliyeva nazirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə aparıcı orkestrlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, mütəmadi olaraq xarici ifaçılar və dirijorlarla birgə iş prosesinin təşkili məqsədilə kollektivlərin iştirakı ilə reallaşdırılan beynəlxalq layihələr barədə də danışdı.
Şöbə müdiri əldə edilmiş nailiyyətlərlə yanaşı, Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Uşaq Filarmoniyasının fəaliyyətində müəyyən problemlər və çatışmayan cəhətlərin də olduğunu diqqətə çatdırdı. Həmçinin simfonik orkestr, kamera orkestri, xor kapellasında kadr məsələlərində mövcud olan problemlərdən danışdı. Filarmoniya kollektivləri ilə orta ixtisas və ali təhsil müəssisələri arasında daha sıx əlaqələrin qurulması üçün müvafiq tədbirlər planının hazırlanmasının vacibliyi vurğuladı.
Qeyd edilən məqamlarla bağlı çıxış edən Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə bəzi məsələlərin həlli üçün görülən işlərdən danışdı. Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya son illər həyata keçirdikləri layihələrdən, iştirak etdikləri tədbirlərdən və təşkil etdikləri konsertlərdən söz açdı, filarmoniyanın tərkibində yaradılan yeni caz kollektivi barəsində məlumat verdi.
Kadr məsələsi
musiqi məktəblərindən
başlayır
Müzakirə olunan məsələlərdən biri də uşaq musiqi kollektivlərinə - uşaq xalq və simfonik orkestrlərinə istedadlı musiqiçilərin cəlb olunması, onların yetişdirilməsi, ali musiqi təhsilinə istiqamətləndirilməsi və sonradan daha peşəkar kollektivlərə göndərilməsi ilə bağlı idi. Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Rauf Abdullayev, Dövlət Kamera, Uşaq-Gənclər Simfonik orkestrlərinin bədii rəhbəri, Xalq artisti Teymur Göyçayev, Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Afaq Məlikova, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Uşaq Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri, Xalq artisti Oqtay Zülfüqarov, Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova qeyd olunan məsələlər haqqında fikirlərini bölüşdülər.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi musiqi sahəsində kadr hazırlığı, müasir səsyazma studiyasının fəaliyyəti, gənc musiqiçilərin ali məktəblərə qəbulu və magistratura pilləsində test imtahanının tətbiqi ilə bağlı yaranan bəzi problemlərdən söz açdılar.
Məsələnin həlli üçün konkret təkliflər
irəli sürüldü
Sonra kollegiya üzvlərinin fikirləri dinlənildi. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva musiqi məktəblərinin alətlərlə təminatı, bəzi alətlər üzrə uşaq ifaçıların az olması barədə danışdı. O, musiqi məktəblərinin nadir alətlər üzrə siniflərə şagird qəbulunu artırmaq üçün müvafiq təbliğat işi aparılmasını və məşhur kollektivlərdə çalışan təcrübəli musiqiçilərin həmin məktəblərdə ustad dərslərinin təşkilini vacib saydı. Nazir müavini uşaqların bəzi alətlərdə ifaçılığa marağını stimullaşdırmaq məqsədilə müəyyən təqaüdlərin verilməsini təklif etdi.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev səslənən fikirlər ətrafında geniş çıxış edərək, ortaya qoyulan məsələlərin həlli yollarından söz açdı, konkret təkliflər irəli sürərək bütün bu işlərdə nazirliklə yanaşı, yaradıcı kollektivləri də aktiv iştirak etməyə çağırdı. O, hər hansı problemlə bağlı ilk öncə kollektivlərin özlərinin təkliflər verməli olduğunu dedi: “Burada səsləndirilən problemlərin həlli istiqamətində nazirlik hər zaman iş görməyə hazırdır. Sadəcə, hər bir kollektiv bu barədə təkliflərini yazılı şəkildə nazirliyə təqdim etməlidir. Sadalanan elə məsələlər də var ki, onların həllini də oturub nazirlikdən gözləmək olmaz. Problem kimi ortaya atılan səsyazma studiyasının təşkili ilə bağlı məsələyə gəlincə isə, hesab edirəm ki, İncəsənət şöbəsi mütəxəssislərlə birgə təkliflərini hazırlasın. Teatrların inkişafı ilə bağlı proqrama müvafiq olaraq bu məqamı da plana daxil edərək sanballı, müasir tələblərə cavab verən səsyazma studiyasının yaradılması həyata keçirilə bilər. Bu sahədə mütəxəssislər var və düşünürəm ki, onların potensialından istifadə edərək bu problemi həll edə bilərik”. Nazir müavini həmçinin musiqi məktəbləri şagirdlərinin böyük kollektivlərin konsertlərində iştirakının vacibliyini diqqətə çatdırdı. Sadalanan problemlərin həlli üçün sistemli iş aparılmasının zəruriliyi qeyd olundu.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev isə musiqi məktəblərində ustad dərslərinin, alətlərin köklənməsi ilə bağlı kursların təşkili üçün geniş maddi təchizatı olan Q.Qarayev adına 8 saylı məktəb binasının əlverişli olduğunu diqqətə çatdırdı.
* * *
İşgüzar müzakirə şəraitində keçən kollegiya iclasının sonunda bu kimi tədbirlərin ümumi işin xeyrinə olması nəzərə alınaraq musiqi təhsili müəssisələrinin rəhbərləri ilə birgə görüşün keçirilməsi təklifi də irəli sürüldü. İclasa yekun vuran nazir Əbülfəs Qarayev səslənən fikirlərə münasibət bildirdi.
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 13 aprel.- S. 4.