Şirvanşahlar sarayı - Bakının
möhtəşəm memarlıq nümunəsi
Tarixdən qalan iz, xatirələri
dilə gətirib canlandıran İçərişəhər
özünü müdafiəsi üçün əhatələnmiş
hər daşı ilə danışır. Kimsəyə bəlli
olmayan hekayəni özündə yaşadır. Şücaətimi,
ölümümü, sevinci, ya sevginimi fərq etməz, əsas
olan hər abidəsində qorunan tarixi gələcək nəsillərə
ötürmək, doğma şəhəri qorumaqdır.
"Şirvanşahlar Sarayı Kompleksi" əski
şəhərin möhtəşəmlik nümunəsidir.
XV əsrdə Şirvanşahlar
dövlətinin hökmdarı Şirvanşah İbrahim Xəlilullahın
dövründə tikilmiş saray kompleksi təkcə Azərbaycanın
deyil, Yaxın Şərqin ən görkəmli memarlıq
abidələrindən biridir.
Saray üç həyətdən
ibarətdir: yuxarı, aşağı və orta həyət.
Yuxarı həyətdə divanxana və ikimərtəbəli,
52 otaqdan ibarət şah sarayı yerləşir. Saray
binasının divarlarında 1918-ci il mart
qırğınından qalan güllə izləri də diqqət
çəkir.
Burada müxtəlif eksponatlar
qorunub saxlanılır. Onların arasında Şirvanşahlar
sarayı ərazisindən tapılan qədim küplər, məişət
qabları da yer alıb. Şirvanşahlar sarayı kompleksinin
XIX əsrin sonuna aid fotoşəkilləri də maraqlı
eksponatlardandır. Qədim sikkələrin nümayiş
olunduğu vitrinlərdə elə nümunələr var ki,
onları kiçik olduğuna görə lupa altında
müşahidə etmək mümkündür. Bu, Makedoniyalı
İsgəndərin dövrünə aid metal puldur.
XVII və XIX əsrdə
xanımlar üçün gümüşdən
hazırlanmış bəzək əşyaları, kəmərlər,
toqqa, həmçinin kişi üzükləri, məişətdə
istifadə olunan mis qablar - aşsüzən, sərpuş (yeməyin
ağzını bağlamaq üçün qapaq), lampa,
dolça, ləyən də müxtəlif vitrinlərdə
sərgilənir.
Ekspozisiyada XIX əsrə aid qoz
ağacından hazırlanan, üzərində üzüm və
əncir yarpaqları naxışları olan nərd taxtası
diqqət çəkir. Həmçinin Bakı, Quba,
Şamaxı xalça məktəblərinə aid qədim
xalçalar, qadın geyimləri, musiqi alətləri,
müxtəlif tərtibatlı taxta qaşıqlar, cehiz ayna
qabları, daraqlar, qələm qutuları və s. müxtəlif
dövrlərin tarixi ab-havasını yaradır.
Sarayın bir otağında isə
“Bakı turistlərin gözü ilə” adlı sərgi yer
alır. XX əsrdə Bakının təsvirlərini
fotokameranın yaddaşına köçürən turistlərin
çəkdikləri şəkillərdə tarixi abidələrlə
yanaşı, neft buruqları, dənizkənarı bulvar,
müxtəlif küçələri görmək olar.
Kompleksin diqqət çəkən
abidəsindən biri də 1428-ci ildə tikilən
divanxanadır. Burada dövlət və məhkəmə
işləri aparılırdı. Divanxananın giriş
qapısı naxışlarına görə fərqlənir.
Xalça, üzüm və əncir ağacları
yarpaqları naxışları ilə bəzədilib.
Aşağı hissədə medalyonlar var ki, orada 6 dəfə
“Allah təkdir” (“Allahu Əhəd”) və 6 dəfə “Məhəmməd”
sözü yazılıb. Divanxananın içəri
qapılarına Qurandan ayələr həkk olunub.
Sarayın orta həyətində
saray alimi Seyid Yəhya Bakuvinin türbəsi yerləşir.
Şamaxıda anadan olan Bakuvi sonradan Bakıya
köçüb. 30-dan çox elmi əsərin müəllifidir.
Onun türbəsi iki - yeraltı və yerüstü hissədən
ibarətdir. O, dərviş olduğundan yerüstü hissədəki
türbə dərviş papağı formasındadır. Bura
bəzən “dərviş türbəsi” də deyilir.
Orta həyətdə,
açıq havada qədim silah növü - mancanaq (üzərinə
daş qoyularaq atılan silah növü), top maketləri sərgilənir.
Sarayın ərazisində 699 ədəd
daş kitabə var. Xəzər dənizindən tapılan
kitabələr vaxtilə dənizdəki bir adadakı
qalanın hissələridir. 1306-cı ildə dənizdə
baş verən zəlzələ nəticəsində
dağılaraq suyun altında qalan qalanın üzərini bu
kitabələr bəzəyirmiş. Həmin daşlar 1939-cu
ildə Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində
tapılıb. 30 illik araşdırma nəticəsində
onların böyük qismi üzə çıxıb.
Daşların üzərində Şirvanşah
hökmdarlarının adları, həmçinin müxtəlif
heyvan rəsmləri yer alır.
Aşağı həyətdəki
abidələrdən biri şahın ailəsinə aid
türbədir. Türbənin girişindəki yazıdan məlum
olur ki, buranı İbrahim Xəlilullah anası və 5-6
yaşında xəstəlikdən vəfat etmiş oğlu
üçün tikdirib. Sonradan şahın özü, həyat
yoldaşı və üç oğlu burada dəfn olunublar.
Minarəsi 22 metr
hündürlüyündə olan saray məscidi də
türbənin yanında yerləşir. Minarənin üzərindəki
yazıdan məlum olur ki, məscid 1441-ci ildə şah Xəlilullahın
əmri ilə tikilib. Məscidin üç qapısı var:
kişilərin, qadınların, şah və onun
yaxınlarının girdiyi qapılar.
Kompleksin diqqət çəkən
daha bir abidəsi 1438-ci ildə tikilən hamamdır.
Bütün Şərq hamamlarında olduğu kimi
qışda isti, yayda sərin olması üçün hamam
yarı yeraltı formada tikilib. Şirvanşahlar dövləti
dağıldıqdan sonra hamam istifadəsiz
qaldığından üzərini torpaq qatları
örtüb və 1939-cu ildə burada aparılan arxeoloji
qazıntılar zamanı hamam üzə çıxıb.
Hamam daxili və xarici otaqlardan ibarət olub. Hamama su yerin
altında yerləşən ovdandan gəlirdi. Bütün
otaqlarda üst-üstə saxsı borular var idi. Borunun biri ilə
soyuq su külxanaya gələrək orada
qızdırılaraq ikinci boru ilə otaqlara
paylanılırdı.
Möhtəşəm tikili paytaxt sakinləri ilə yanaşı, şəhərin qonaqlarının, turistlərin də hər zaman diqqət mərkəzindədir. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi 2000-ci ildə UNESCO tərəfindən İçərişəhər və Qız qalası ilə birlikdə Dünya Mədəni İrs Siyahısına daxil edilib.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 18 aprel.- S. 15.