“Pal küçəsinin oğlanları”
Ramil Səfərovun macar dilindən tərcümə
etdiyi kitabın növbəti təqdimatı
Macarıstanda məhbəs həyatı yaşayan Azərbaycan
Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun macar
dilindən tərcümə etdiyi Ferens Molnarın “Pal
küçəsinin oğlanları” kitabının növbəti
təqdimat mərasimi keçirildi. 2004-cü ildə
Budapeşt şəhərində NATO kurslarında olarkən
Azərbaycan bayrağını təhqir etmiş erməni hərbçini
öldürməkdə ittiham olunaraq həbs edilən zabitimiz
2006-cı ildə ömürlük həbsə məhkum edilib.
“Pal küçəsinin oğlanları” hərbçinin məhbəsdə
macar dilindən tərcümə etdiyi ikinci kitabdır. Bundan
öncə tanınmış macar yazıçısı
Maqda Sabonun “Qapı” romanı Ramil Səfərovun tərcüməsində
işıq üzü görmüşdü.
“Pal küçəsinin
oğlanları”nın Azərbaycan dilində nəşrinin
ilk təqdimatı ötən ilin dekabrında
keçirilmişdi. “Ozan”nəşriyyatında işıq
üzü görən kitabın redaktoru filologiya üzrə
fəlsəfə doktoru dosent Asif Rüstəmlidir. Kitabın
nəşr edilməsində isə “Azərbaycan
bayrağı” ordenli xeyriyyəçi Şahid Həbibullanın
xüsusi köməyi olub.
Aprelin 14-də Gənclərə
Yardım Fondunda gerçəkləşən budəfəki
təqdimatın təşkilatçıları “AzeBookNet”
şəbəkəsi və “İdea Youth Club” idi. Təqdimatda
“AzeBookNet” şəbəkəsinin həmtəsisçisi
Aynur Zərrintac, “İdea Youth Club”un təmsilçisi Şəfiqə
Fərzəliyeva, kitabın redaktoru Asif Rüstəmli, Ramil Səfərovun
atası Sahib Səfərov, ramilsafarov.com saytının
nümayəndəsi Şəbnəm Gülməmmədova və
başqaları çıxış etdilər.
Tədbir zamanı Ramil Səfərovla
canlı telefon bağlantısı da yaradıldı. O, tədbir
iştirakçılarını salamladı və təşkilatçılara
təşəkkürünü bildirdi: “Çox şadam ki,
bu gün azərbaycanlı oxucular macar
yazıçısının bu maraqlı əsərini
öz doğma dilimizdə oxuyaraq faydalanacaqlar. Sizə işlərinizdə
uğurlar, cansağlığı arzulayıram”.
R.Səfərov kitabı Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun,
"İgidliyə görə" medalı ilə təltif
edilən Əhməd Abdullayevin, Fərid Əhmədovun, eləcə
də Qarabağ savaşında həlak olan bütün şəhidlərin
xatirəsinə ithaf edib. O, ümid etdiyini bildirib ki, kitab bir
çox müştərək dəyərlərə malik
olan macar və Azərbaycan xalqlarının bir-birini daha
yaxından tanıması istiqamətində atılan
addımlara kiçik bir töhfə olacaq.
Qeyd edək ki, görkəmli macar
yazıçısı F.Molnarın "Pal küçəsinin
oğlanları" kitabı müxtəlif nəsillərdən
olan macar oxucularının masaüstü kitabıdır. Qəhrəmanlıq
və vətənpərvərliyi təbliğ edən kitab 20
dilə tərcümə edilib, müxtəlif ölkələrdə
dəfələrlə nəşr olunub. Əsərin ssenarisi
əsasında bir neçə film çəkilib.
Günel
Əliyeva,
Mədəniyyət
və İncəsənət
Universitetinin
tələbəsi
Mədəniyyət.-
2012.- 18 aprel.- S. 15.