Tusi məktəbinin yetirməsi: Qütbəddin
Şirazi
Azərbaycan
xalqı tarixən dünya elminə, mədəniyyətinə
böyük dühalar verib. Onların əsərləri, kəşfləri
bu gün də dünya elminə işıq tutur. XII əsrdə
Nəsirəddin Tusinin Marağada yaratdığı rəsədxana
astronomiya elminə böyük töhfələr verib. Bu elmi
mərkəzdə müxtəlif xalqların nümayəndələri
çalışıb, təhsil alıb. Tusi məktəbinin
yetirmələrindən və görkəmli
davamçılarından biri Qütbəddin Şirazi olub.
Qütbəddin Mahmud ibn Məsud
(1236-1311) İranın Şiraz şəhərində anadan
olub. Burada tibb, fəlsəfə və hüquq elmlərinin əsaslarını
öyrənir, sonra təhsilini Marağa şəhərində
davam etdirir. Həmin ərəfədə, 1258-ci ildə
Marağada Nəsirəddin Tusinin rəsədxanası
yaranır. Burada təhsil alan Qutbəddin Şirazi Tusinin ən
istedadlı tələbələrindən biri olur,
riyaziyyatçı kimi məşhurlaşır. Sonra
Marağadan köçüb gedir, bir müddət Kiçik
Asiyada, İranın bəzi şəhərlərində həkim
və hakim kimi çalışır. 1297-ci ildə Misirdə
yaşayarkən Elxanilər dövlətinin bir diplomatik
tapşırığını layiqincə yerinə yetirir.
Onun bu qabiliyyəti Qazan xanın xoşuna gəlir. O, Təbrizə
(Elxanilər dövlətinin paytaxtı) gəlir və Qazan
xanın sarayında çalışır. Həmin dövrdə
Təbriz çox inkişaf etmiş, elm-mədəniyyət mərkəzinə
çevrilmişdi. Qütbəddin Şirazi şəhərdə
“Dər aş-Şifa” adlı elmi-müalicəvi mərkəz
yaradır. Orada rəsədxana, kitabxana, təhsil və tibb
müəssisələri yerləşir. Təbriz rəsədxanası
Marağa rəsədxanasından sonra Şərqin ikinci elmi mərkəzi
hesab olunur.
Qütbəddin Şirazi müəllimi
Tusinin elmi istiqamətini davam etdirir və əsərlərinin
çoxunda Tusi irsinə müraciət edir. Onun ensiklopedik elmi
əsərlərindən biri “Dubacı bəzəmək
üçün tac mirvarisi” adlanır. Traktat Qərbi Gilan
hökmdarının oğlu əmir Dubac ibn-Filşaha ithaf
olunub. Araşdırmalarda göstərilir ki, traktat beş hissədən
ibarətdir. Birinci hissədə məntiq elmindən bəhs
olunur. İkinci hissə fəlsəfəyə,
üçüncü və dördüncü hissələr
dəqiq elmlərə, musiqiyə aiddir. Beşinci hissə
din, etika və siyasətə həsr edilib. Alim astronomiya elmində
böyük əhəmiyyət kəsb edən iki fundamental
elmi traktat da yazıb: “Göy sferalarını bilməkdə
idrakın sonu” və “Astronomiyadan şah hədiyyə”. Birinci
əsərin əlyazmalarından biri Bakıda, AMEA-nın Əlyazmalar
İnstitutunda saxlanılır. Bu traktatda dəqiq astronomik məlumatlar
və həndəsi hesablamalar, planetlərin hərəkətinin
yeni kinematik sxemi cəmlənib. Alim fəlsəfə tarixində
Şihabəddin Sührəvərdinin İslam ölkələrində
nəşr olunmuş “Müdrikliyin nuru” traktatının
izahı ilə iz qoyub. Başqa bir əsəri Tusinin “Rəqsi
hərəkət və müstəvi ilə əyri
arasındakı nisbət haqqında” traktata aid izahlardır.
İzahların əlyazması İstanbul Kitabxanasında
saxlanılır. Bu izahlar riyaziyyatda olan bir sıra vacib suallara
cavab verir. O, həmin izahlarda öz dövründən xeyli
öncə yazılan bir neçə elmi əsərin
adını çəkib. Həmin əsərlərdən
biri İbn Sinanın “Bucaq tədqiqatı haqqında”
traktatıdır. Onu da qeyd edək ki, İbn Sinanın bu əsəri
haqqında məlumata təkcə Şirazinin izahlarında
rast gəlinib. Araşdırmalarda göstərilir ki, Avropa
alimləri traktatda qeyd olunan riyazi problemlər üzərində
işləyərək sonradan inteqral və diferensial hesaba aid
nailiyyətlər qazanıblar. Əslində bir çox nəzəriyyə
və kəşflər Şərqdə meydana gəlib, Qərb
alimləri isə onlardan bəhrələnərək elmə
gətirilən yenilikləri öz adlarına
çıxıblar. Yaxşı deyiblər ki, “Gələcək
keçmişin iynəsilə tikilər”...
Qütbəddin Mahmud Şirazi
1311-ci ildə vəfat edib. Mənbələrdə qeyd olunur
ki, onun çox böyük zəhməti hesabına başa gələn
əlyazmaları bu gün London, Paris, Oksford, Leyden, Berlin,
Daşkənd, İstanbulun əlyazma fondlarında
saxlanılır.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 18 aprel.- S. 14.