Ustadlar yetişdirmiş ustad
Millət oğlu, dahilər qardaşı, maestro
atası - Zülfüqar Hacıbəyov
Bəli, Zülfüqar bəy
Hacıbəyov həm də böyük professionallar nəslinin
qayğı bünövrəsi olub.
Üzeyir bəy Hacıbəyli,
Ceyhun bəy Hacıbəyli, Soltan Hacıbəyli, maestro
Niyazi, İsmayıl Hacıbəyli...
Bu adlar yüz ildən çoxdur
ki, mədəniyyətimizin mənəvi soyadları kimi səslənir,
türk-müsəlmanelli aləmdə milli
bayrağımızın rəngləri kimi canlanır. Bu
obrazlı deyimi bir az da “tünd”ləşdirərək deyim
ki, canlı Üzeyiri, Ceyhunu və Niyazini də
Zülfüqar Hacıbəylinin şanlı əsərləri
sırasına daxil etmək olar.
O,
tək elə üç böyük qardaşdan
böyüyü olaraq, “tərcümeyi-hal”lara - Hacıbəylilər
şəcərəsi tarixçəsinə deyil,
böyük sənət əsərləri, ictimai
yüklü publisistik yazılar müəllifi kimi, milli tərcümeyi-hal
tariximizə də əbədi düşüb.
1884-cü il aprelin 17-də
Şuşa şəhərində anadan olmuş
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəylinin
kiçik qardaşları Üzeyir və Ceyhunun sənət
baxışlarının, milli fəaliyyət və
düşüncə hədəflərinin
formalaşmasında oynadığı böyük qardaş
rolu haqda sənədlər, söhbətlər, xatiratlar
çoxdur.
Bəs onun özü necə
formalaşmış və sonralar professional musiqimizin banisi
olmuş Üzeyir qardaşının böyük sənət
qardaşına - dünyalarca məşhur Üzeyir bəy
Hacıbəyliyə çevrilməsinə ustadlıq
etmiş bu müəllimsiz “xalq tələbəsi”
böyük sənət azmanları sırasında məxsusi
yer qazanmışdır?
Həyat düşüncələri,
sənət əsərləri...
Hələ uşaqkən öz ailəsi
və Şuşanın mədəni mühiti tərəfindən
ona aşılanmış sənət duyğuları
Zülfüqarda özünü musiqiyə həsr etmək
istəyi yaratmışdı. O, eşitdiyi el nəğmələri,
xalq mahnıları ilə birgə böyüyür, sonralar
yazı-pozu adamları olmuş bəzi tay-tuşlarının
yazdıqlarına görə, hərdən, “bəzi-bəzi
yekə fikirlər söyləyirmiş”. Deyirmiş ki, mən
bu musiqiləri bu məhəllələrin ara-bərəsindən,
kol-kosların böyür-başından yığıb
aparacam bər-bəzəkli konsert salonlarına...
Onun bu tip sözlərinin, “vəd”
nitqlərinin dinləyiciləri arasında özündən
yaşyarım kiçik qardaşı Üzeyir də
varmış ki, o, belə söhbətlərə “biri
varmış, biri yoxmuş” nisyəsi kimi baxmırmış.
Yetkinlik yaşına çatan və balaca qardaşında
özündən də böyük istedad görən
Zülfüqar öz arzu-dilək
yaradıcılığından öncə Üzeyirin
reallaşması üçün qayğı-sayğı fəaliyyətinə
başlayır.
O, ev-eşikdə Üzeyirə
böyük qardaş, məlumatlı müəllim kimi
yanaşarmış, çöl-bayırda ata kimi. Bu haqda az
yazılmış olsa da, Üzeyir bəy Hacıbəyli
salnaməsinin müəllifi - mədəniyyət, sənət
tariximizin canlı ensiklopediyası rəhmətlik
Qulamhüseyn Məmmədlidən çox eşitmişəm.
Onun danışdıqlarına görə, Zülfüqar bəyin
çalışmaları Üzeyir bəyi Qori Müəllimlər
Seminariyasına tam hazır vəziyyətdə göndərmişdir.
“Şuşada səslər çoxdur, qulaqlar az”. “Bir səs nə
qədər gur olsa da, alışdırıb-yandıran qor
olsa da, xor deyil”. “İsa bulağı axıb-axıb axır
ki gedib dəryaya çatır, İsaların, Hüsülərin
səsi isə balaca-balaca toy məclislərinə”. “Sən Məcnunu
Leyli qəbri üstdə eşitdin, bəs Leyli havaxt
çıxacaq meydana?..”
Bu xatirə-fikirlərin sonuncusu
1899-cu il dekabrın 31-də gecə saatlarında deyilib. Və
15 yaşlı Üzeyir 16 yaşlı Zülfüqara
qayıdıb ki, qardaş, xəbərin varmı bir neçə
dəqiqədən sonra dünyanın on doqquz yaşı
tamam olur, iyirmi yaşına keçir?..”
Azərbaycanın ilk səhnə
möcüzəsinə - “Leyli və Məcnun” operasına isə
səkkiz il qalırdı...
Nəhayət, Zülfüqar
öz gününü də
“ağlayıb”-çağlamağa qədəm qoyur.
Bakıya gəlir. Uşaqlıq arzularının partitura “əkin”inə
qədəm qoyur. Lakin nəsil-genindəki milli-mübarizlik
damarı bu canda da özünü göstərir. Hərdən
not yaradıcılığına ara verib, milli-mənəvi
düşüncələrini mətbu yazılarla bəyan
edir. Məsələn, fərdi zövqlə ictimai-milli
zövq arasındakı ziddiyyət Zülfüqar Hacıbəyli
qələmində belə şərh olunur: “1908-ci ildən bəri
- yəni “Leyli və Məcnun” adlı ilk Azərbaycan
operasının meydana çıxmasından başlayaraq xalqımız
ümumən Yaxın Şərq üçün yeni olan bu sənət
“dilinə” də yiyələnir, tamaşalarda fəal
iştirak edir. Əlbəttə, bu yeni zövqə
qarşı xalqda antipatiya yaratmaq heç də yaxşı,
inkişaflı gələcək vəd etmir. Bunları
yazmağa məni vadar edən odur ki, ilk Azərbaycan
operası səhnəyə qoyularkən belə bir istibdad
dövründə bəslənmiş, böyümüş,
tərbiyələnmiş, milli hissini unutmuş bəzi Azərbaycan
ziyalıları bu cür yenilik başlanğıcına təhqiranə
nəzər ilə baxmağa bünövrə qoydular...”
Dərin milli düşüncə
sahibi olan Zülfüqar Hacıbəyli həmin
dırnaqarası ziyalıların pessimist-nihilist fikirlərindən
çəkinməyərək, bir-birinin ardınca maraqlı
operettalar, opera, kompozisiya və digər janrlı əsərlər
yaradır. Özündən kiçik qardaşı Üzeyir
bəyin “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi dahiyanə
operettaları ilə birgə, Azərbaycan
tamaşaçısı Zülfüqar bəyin “Evliykən
subay”, “Məşədi Xudu”, “Əlli yaşında cavan”
(1910) və başqa operettalarını da xoş maraqla
qarşılayır, alqışlayırdı. Azərbaycan
professional bəstəkar yaradıcılığının ilk
nümunələrindən olan “Kənd qızı”, “Əsgər
nəğməsi” və s. mahnıları dövrün dillər
əzbəri idi.
Zülfüqar Hacıbəyli
yaradıcılığının əhəmiyyəti həm
də qədim Azərbaycan musiqi ənənələrinin
yenilənmə, zənginləşmə inkişafı
prosesini sürətləndirməsində idi. Onun fortepiano ilə
simfonik orkestr üçün yazdığı “Azərbaycan
qadınının rəqsi”, bəstəkar Zakir
Bağırovla birgə işlədiyi “Kantata” uzun illər Azərbaycan
radiosunda və konsert salonlarında ictimai zövq, ən
çox mənəvi qida meyarı kimi səsləndirilib.
Zülfüqar Hacıbəyovun
adı ilk Azərbaycan operasından 7 il sonra - 1915-ci ildə
yazdığı “Aşıq Qərib”lə mədəniyyət
tariximizə gözəl bir opera müəllifi kimi də
düşür. Bütün bunlar - bu təvazökar, məhsuldar,
vətənpərvər bəstəkarımızın mədəniyyət
aləmindəki xidmətləri - gec də olsa, qiymətləndirilir;
1943-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri
adı, 1946-cı ildə “Şərəf nişanı” ordeni
ilə təltif edilir.
“Bu
dünyaya tezikdim, o dünyaya gecikdim...”
Dırnaq işarəsi içərisində
verdiyim bu “sitatı”ı heç kəs heç bir mənbə-məxəzdə
axtarmasın - tapılmayacaq. Çünki Zülfüqar
Hacıbəyli bu sözləri 1949-cu ildə xəstəxanada
müalicə olunarkən 19 yaşlı bir şəfqət
bacısına deyib. Həmin şəfqət bacısı isə
- sonralar baş həkim işləyərkən - 1989-cu ildə
telemüsahibəmiz zamanı bunu mənə
danışmışdı.
Zülfüqar Hacıbəyli xəstəxanada
olduğu günlərdə tez-tez ona baş çəkən
həmin şəfqət bacısı məşhur bəstəkarın
maraqlı söhbətlərinə qulaq asar, məqam
düşdükcə, ona əsərlərini,
mahnılarını çox sevdiyini bildirərmiş.
Üzeyir bəyin daha məşhur, daha populyar olmasından
dolayı, bir gün də Zülfüqar bəyə belə
bir sual verir: “Ay Zülfüqar əmi, bəyəm, rəhmətlik
Üzeyir bəy Sizdən yaşca böyük idi?..” Mətləbi
anlayan Zülfüqar Hacıbəyli “incik” bir rola girib:
“Üzeyirin nə həddi vardı ki, yaşca da məndən
böyük olaydı? - deyir - O böyük məndən
düz 1 il 5 ay uşaq idi”. Bunu deyib, yarı fəxr-yarı
hüznlü görkəm alan bəstəkar əlavə edir:
“Onunla müqayisədə mən bu dünyaya tezikdim, o
dünyaya gecikdim...”
Ovqat şəfası...
Bir gün o şəfqət bacısı
Üzeyir bəyin keşməkeşli tale yolu haqda
atasının söylədiklərini də Zülfüqar bəyə
danışır. Özü də “zəmanə qulaqları”
xofundan xısın-xısın danışır. Söyləyir
ki: “Zülfüqar əmi, xəbəriniz varmı ki, bir
neçə dəfə repressiya qurbanlığından
qurtarılan Üzeyir bəyi axırıncı dəfə də
bizim qonşu binada yaşayan Məmməd Səid Ordubadi xilas
edib?” Özünü heç nədən xəbərsiz kimi
göstərən Zülfüqar bəy: “Necə xilas edib?!” -
deyə soruşanda şəfqət bacısı Üzeyir bəy
ölkəsinə - belə bir korifey yetişdirmiş Vətənə
mənsubluq fəxarətilə deyir: “Heç nə,
Bağırov yoldaş Ordubadi dadaşa him eləyib deyəndə
ki; “bəlkə bunu da “o məsələ”, o da qayıdıb
ki, nə badə! Əgər Üzeyir bəyi də aradan
götürsəniz, onda gərək bütün teatrların
qapılarından qıfıl asaq. Axı, bütün
teatrlarda Hacıbəyovların əsərləri
oynanılır!..”
Bu Hacıbəyovlardan biri də
Zülfüqar bəy idi...
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 18 aprel.- S.12.