Xalqın
sevimli sənətkarı
Bu
il Azərbaycanın görkəmli sənətkarı, Xalq
artisti Yusif Vəliyevin (1917-1980) 95 yaşı tamam olur.
İstedadlı aktyorun yaradıcılığı kino və
teatr sənətimizdə silinməz izlər qoyub. O öz
orijinal ifa tərzi ilə hər iki sahədə mili sənət
ənənələrini bacarıqla davam etdirib, onları zənginləşdirib.
Görkəmli aktyor Bakı Teatr
Texnikumunda təhsil alarkən Azərbaycan Dövlət Dram
Teatrında müxtəlif tamaşalarda kütləvi səhnələrdə
çıxış edir. 1936-cı ildə texnikumu bitirdikdən
sonra Şəki Dövlət Dram Teatrında
yaradıcılıq fəaliyyətinə başlayır.
Teatrın səhnəsində C.Cabbarlının əsərlərindən
- Aydın (“Aydın”), Oqtay (“Oqtay Eloğlu”), Elxan (“Od gəlini”)
kimi parlaq obrazlar yaradır. 40-cı illərin sonunda Şəki
teatrı bağlandığı üçün aktyor iş
yerini dəyişir, əvvəlcə Azərbaycan Dövlət
Rus Dram Teatrında (1949) işləməyə başlayır,
sonra Gənc Tamaşaçılar Teatrında (1950-ci ildən)
çalışır. Burada “Vaqif” tamaşasında Vaqif,
“Yaşar”da İmamyar, “Bəxtsiz cavan”da Hacı Kərim,
“Ovod”da Ovod, “Söhrab və Rüstəm”də Rüstəm,
“Sirli şəhər”də Mirzə Ələkbər Sabir,
“Hacı Qəmbər”də Hacı Qəmbər və s.
tamaşalarda faciəvi, romantik, eyni zamanda realistik səpkili
rollarda oynayır.
Yusif Vəliyev 1941-1943-cü illərdə
Böyük Vətən müharibəsinin
iştirakçısı olub. Görkəmli sənətkar
teatr və kinoda qazandığı uğurlara görə
1960-cı ildə Azərbaycanın Əməkdar artisti,
1978-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına
layiq görülüb.
Teatrda olduğu kimi, kinoda da Yusif Vəliyevin
özünəməxsus yeri var. İlk dəfə kinoya
1955-ci ildə “Bəxtiyar” musiqili filmində kiçik bir rolda
- komissiya üzvü rolunda çəkilib. Onun müxtəlif
illərdə ekranda yaratdığı Əliağa
Şıxlinski (“General”, 1970), Topal Teymur (“Nəsimi”, 1974),
Qılınc Qurban (“Tütək səsi”, 1975) obrazları
unudulmazdır.
Rejissor R.Kazımovski “General”
televiziya bədii filmini çəkərkən tərəddüd
etmədən general Şıxlinski rolunu Y.Əliyevə
tapşırdı. Aktyor generalın portretini yaradarkən
xarici görünüşündən əlavə yüksək
insani keyfiyyətlərini də ön plana çəkib. Onun
düşdüyü hər hansı bir şəraitdə təmkinini
pozmadığını, alicənablığını,
yüksək rütbəli hərbçilərə xas olan məsuliyyət
və tədbirliliyini, xarakterindəki ciddiliyi, işində səliqə-sahmanlı
olmasını açıq göstərə bilib.
Filmdə generalın həbs
edildiyi maraqlı bir səhnə var. Onun saxlandığı
kamerada oğruları və cibgirləri də
görürük. Onlar kamerada qumar oynayırlar. Öz
aralarında belə şərt kəsirlər ki, kim uduzsa,
gedib generalın ayağındakı təzə xrom çəkmələri
çıxartmalıdır. İş elə gətirir ki,
oğrubaşı uduzur. O, qalxıb generala
yaxınlaşır. Bu zaman kamerada olan ikinci ziyalının Ə.Şıxlinski
ilə nə barədəsə söhbətinin şahidi olur.
Eynəkli adam generala deyir: “Cənab Şıxlinski, siz
yanılırsınız, səhv edirsiniz”. Oğru
Şıxlinski adını eşidən kimi təəccüblənib
öz-özünə deyir: “Necə? Cənab
Şıxlinski?” Bu zaman eynəkli adamın əlindən
generalın əsəbiləşdiyini görən kimi həmin
adama yaxınlaşıb: “Siz də bir az ehtiyatlı olun, cənab
dördgöz” - deyərək onu döyməyə
başlayır. Digər oğrular eynəkli adamı
öldürmək istəyərkən Şıxlinski qoymur. Həmin
dəqiqələrdə aktyor Y.Vəliyev generalı
istedadlı hərbçi olmaqla bərabər, həm də
alicənab insan kimi tamaşaçılara təqdim edir.
Vaxtilə rejissor H.Seyidbəyli “Nəsimi”
filmini çəkməyə hazırlaşarkən Teymurləng
roluna aktyor Y.Vəliyevi nəzərdə tutmuşdu. Həmin
rola görkəmli aktyor və rejissor A.İsgəndərov da
öz namizədliyini irəli sürmüşdü. Lakin o,
sınaq çəkilişlərindən sonra materiallara baxarkən
Həsən müəllimə demişdi: “Bu aktyor
yaxşı oynayır. Teymurləng mən yox, Yusif Vəliyevdir.”
Filmdə həqiqətən
uğurlu aktyor oyunları çoxdur. Onlardan biri də Y.Vəliyevin
ustalıqla yaratdığı Teymurləng surətidir.
1394-cü ilin əvvəllərində,
Teymurləngin Bağdad səfərindən Azərbaycana
qayıtdığı vaxtlar, bir tərəfdən fanatik
xurafat müdafiəçiləri və yerli feodallar, o biri tərəfdən
teymurilər hürufilərin, o cümlədən Nəsiminin
məhvinə fitva vermişdilər. Filmdə Nəsimi ilə
Teymurləngin görüşü, müxtəlif qütblərdə
dayanan şairlə dünyanı qılıncı
gücünə fəth etməyə çalışan qəsbkarın
üz-üzə gəlməsi ən dramatik səhnələrdən
biridir.
Teymurləng böyük sərkərdədir,
eyni zamanda zalım hökmdardır. Y.Vəliyev qəhrəmanının
psixoloji və fəlsəfi dünyasını
tamaşaçılara məhz bu rakursdan təqdim edir. Müəlliflər
və aktyor hökmdarı tarixi-fəlsəfi baxımdan məhkum
olunmuş kimi göstərirlər. O, təlaş içindədir,
ona elə gəlir ki, dünya dağılır, onun fikirləri
alt-üst olur. Oğlanları keyfdədir, nəvələri
Nəsiminin “kafir” şeirlərini oxuyurlar. Teymurləng sanki
özünü faciəvi məhvə məhkum edildiyini
düşünür. Ona görə də o öz qəzəbini
heç bir günahı olmayan insanlardan çıxır.
Teymurləngin iti baxışları, səsindəki amiranəlik,
onun axsaya-axsaya gəzməsi aktyor tərəfindən təbii
şəkildə təsvir olunub, hökmdarın qəddar təbiətinin
bütünlüklə açılmasına imkan verib.
Yazıçı
İ.Hüseynovun ssenarisi üzrə çəkilmiş
“Tütək səsi” filmindəki hadisələr II Dünya
müharibəsi dövründə kiçik bir Azərbaycan kəndində
cərəyan edir. Namus və namussuzluq, amirlik və
hüquqsuzluq məsələləri bu filmdə son dərəcə
kəskin şəkildə üz-üzə dayanır. Cəbhəyə
gedib həlak olan əsgərin dul qalmış arvadı ilə
evlənmək istəyən kolxoz sədri Cəbrayılın
kənd camaatı arasında qınaq obyektivinə çevrilməsi
filmin əsas süjet xəttini təşkil edir. Kolxoz sədrini
bu işdə günahlandıranlardan biri də kənd
sovetinin sədri Qılınc Qurbandır.
Qılınc Qurban obrazını
yaradan Y.Vəliyevin oyunu həm maraqlıdır, həm də
inandırıcıdır. Onun traktovkasında Qılınc
Qurban öz kəskin çıxışları ilə
heç də pis, daşqəlbli adam təsiri
bağışlamır. Bu adam tez-tez mübahisə edir,
qarşı tərəfin mühakimələrində ziddiyyət
axtarıb tapır, öz fikrini başqalarına qəbul
etdirməyə çalışır. Elə bu tünd,
mürəkkəb xasiyyətinə görə də kənd
ağsaqqalı İsfəndiyar kişi Qılınc
Qurbanı danlayır, hadisələrdən tələsik nəticə
çıxarmamağı məsləhət görür, səbirli
olmağa çağırır. Sənətşünas
İ.Rəhimli “Ümidlərin poeziyası” resenziyasında
qeyd edir ki, “Tütək səsi”ndəki sərt, qeyrətli,
namuslu, el dərdi çəkən və bəzi xırda səhvləri
də doğma xalqına məhəbbətdən,
torpağına bağlılığından irəli gələn
Qılınc Qurban aktyorun sənətdə yeni sözü
kimi qeyd oluna bilər...
Y.Vəliyev çəkildiyi filmlərdə
incə psixologizmi, emosionallığı, ifadə vasitələrinin
dəqiqliyi ilə seçilən maraqlı obrazlar yaradıb:
Şirməmməd (“Sən niyə susursan?”), sərxoş
(“İstintaq davam edir”), epizod (“Poçt qutusu”), baş iş
icraçısı (“Uşaqlığın son gecəsi”), Səfərəli
(“Bir cənub şəhərində”), pristav (“Dəli
Kür”), halvaçı (“Qatır Məmməd”), Fəttah
(“Arxadan vurulan zərbə”) aktyorun kinoda ifa etdiyi rolların
heç də tam siyahısı deyil.
“Bir cənub şəhərində”
filmində böyük şəhərin ucqarında hökm
sürən həyatın tragikomik təsviri verilir. Burada
böyük cənub şəhərinin məhəllələrindən
birində baş verən hadisələrdən söhbət
açılır. Bu məhəllənin öz
yazılmamış qanunları var. Həbsxanadan yenicə
buraxılan Ağabala arvadını yoldan
çıxarmış pivə satan Səfərəlinin dərsini
verməlidir, yəni onu namus üstündə öldürməlidir.
Həmin səhnədə Səfərəlinin - Y.Vəliyevin
necə həyəcan keçirdiyinin şahidi oluruq.
Ölümünü gözünün qarşısına gətirən
Səfərəlinin gözləri bərələ qalıb.
Onun ölümqabağı keçirdiyi psixoloji
sarsıntılar, onun nə qədər riyakar, rəzil məxluq
olduğunu göstərir. Səfərəli rolu epizodik olsa
da, aktyorun istedadlı oyunu sayəsində yadda qalıb.
Y.Vəliyevin “Dəli Kür”
filmində kiçik bir epizodda oynadığı pristav rolu da
maraqlıdır. Film Moskvada təhvil verilərkən onun
finalı, məhz Y.Vəliyevin iştirakı ilə çəkilmiş
epizod məcburən dəyişdirilib. Əvvəlki finalda
pristavın - Y.Vəliyevin göstərişi ilə kazaklar
Cahandar ağaya məxsus qoruğun böyük bir hissəsini
ölçüb Qafqaz canişini üçün ayırırlar.
Bunu görən Cahandar ağa ağacın dibində
uzanmış pristava buradan rədd olub getməsini əmr edir.
Bu zaman pristav: “Deyəsən, könlündən Sibir
keçir, dəli müsəlman” deyib onu vurmaq istəyərkən
Cahandar ağa pristavı qabaqlayıb onu güllələyir.
Həmin epizodda Y.Vəliyev çar məmurunun rolunu o qədər
təbii oynayır ki, onun ifası, hirsindən qan çəkmiş
gözləri, sifətinin haldan-hala düşməsi və gərgin
vəziyyətdə olması tamaşaçının
yaddaşında həkk olunur.
Aktyorun “Arxadan vurulan zərbə”
psixoloji detektivində yaratdığı Fəttah dayı -
Qurd Cəbrayıl obrazı onun kinoda ən uğurlu işlərindən
biridir. Bu filmdə aktyor qəhrəmanının bir-birindən
fərqli ikili simasını ustalıqla ifa edir. Birinci halda
qoca Fəttah ətrafındakılara qarşı çox
qayğıkeşdir, üzüyola insandır. Lakin onun
mehriban siması, yumşaq baxışları
aldadıcıdır. Vaxtilə quldurluq edən, Qurd Cəbrayıl
kimi ad çıxarmış Fəttah dayı onu tanıyacaq
adamı görcək daxilindəki vəhşi təbiəti
baş qaldırır və şahidi ortadan götürməyə
çalışır. Bu halda da aktyor ifrata varmır,
artıq jestlərə, hərəkətlərə yol vermir.
Düşmənini görəndə Fəttah dayı daxilən
dəyişir, əvvəlki maskalanmış simasını
itirir.
Ümumiyyətlə, Y.Vəliyev
kinoda baş rollarda az çəkilib. Halbuki o, ən koloritli aktyorlardan biri idi. O, ifa etdiyi rollarda təkrarolunmaz səsi, bənzərsiz oyunu ilə seçilir. Bu aktyoru
ekranda görən, səsini eşidən heç vaxt onu unutmur.
Yusif müəllimin sənət
dünyasında səs,
aydın diksiya, danışıq tembri xüsusi yer tutur. Bir çox filmlərin
Azərbaycan dilinə
dublyajı onun səsləndirdiyi rollar sayəsində xüsusilə
uğurlu alınıb.
Bundan başqa o, bir sıra Azərbaycan filmlərində də nəinki xarici, hətta yerli aktyorları peşəkarcasına,
mükəmməl və
dəqiqliklə səsləndirir.
“Bizim küçə”
filmində Lars, “Sehrli
xalat”da İo-Kio, “Dağlarda döyüş”də
Sərxan, “Həyat bizi sınayır”da Sadıq, “Möcüzələr
adası”nda Cabbar, “Dədə Qorqud”da Bayandur xan, “Əhməd haradadır?”da Şirin
kişi və s. obrazlar Y.Vəliyevin səsi ilə danışırlar. Bir aktyorun
oyunu ilə digər aktyorun obrazlı danışığının
üst-üstə düşməsi
heç də asan məsələ deyil. Yalnız dublyaj edənin
peşəkarlığı sayəsində həmin obraz baxımlı olur. Məsələn, “Axırıncı aşırım” filmində
A.İsgəndərov Kərbəlayı
İsmayıl rolunda çəkiləndən sonra
rejissor K.Rüstəmbəyovdan
xahiş etmişdi ki, onun yaratdığı
obrazı Yusif Vəliyev səsləndirsin.
Nəticədə bu surət bütün əzəməti ilə ekranda canlandı...
Azərbaycanın Xalq artisti Yusif Vəliyev xalqımızın sevimli
sənətkarı idi.
Həmkarları, sənətsevərlər onun adını bu gün də
hörmətlə çəkirlər.
Onun adı milli teatr və kino
tarixinə qızıl
hərflərlə yazılıb.
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2012.- 18 aprel.- S. 10.