“Bakı,
mən səni sevirəm!”
Silsilə filmlərin çəkilişi
davam edir
Dənizin səsi, sükutu
pozan külək, dalğaların
coşmasından ürəklənən sevgi,
insanları bir-birinə bağlayan Şərq
duyğusallığı, Qərb yeniliyi
və bu məkanda yaşayan
insanların həyatı... Bakının təsviri,
ta uşaqlıqdan bu
küçələrdə böyüyən, dənizin ətri
ilə nəfəs alan, qışı,
payızı, yayı, yazı ilə sevinən, kədərlənən,
sevən, sevilən, şirin
ayrılıqları dadan, gecələrin
romantikasına qərq olan Bakı sakinləri
haqqında novellalar...
“Bakı, mən səni sevirəm!” filmi bu insanların həyatından söz açacaq, ekranın təsvir dili ilə danışaraq paytaxtımızın həyatını dünyaya nümayiş etdirəcək.
Bakıdan bəhs edən 10 kinonovella
“Bakı, mən səni sevirəm” kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihənin prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir.
Layihənin hazırlıq mərhələsində ilk olaraq ssenarilər üçün müsabiqə elan edilmişdir. Göndərilən 70-80 ssenaridən təxminən 20-si seçilib və sonda çəkilişlər üçün 10 novella təsdiqlənib. İndiyədək eyni mövzuda lentə alınmış “Paris, mən səni sevirəm!”, “Nyu-York, mən səni sevirəm!” və “Moskva, mən səni sevirəm!” filmlərində olduğu kimi, bu ekran əsərində də şəhər sakinlərinin özünəməxsus xüsusiyyətləri, Bakıda yaşayan sadə insanların həyatının təsviri, sevgi, məişət, insani münasibətləri önə çəkilib.
Prodüser layihəsi olduğundan ssenarilər sifariş olunarkən mövzu və format haqqında öncədən məlumat verilmişdi. Filmə baxan zaman ilk olaraq Bakının özəlliyi sezilməli, Şərqlə Qərbin qovuşduğu bu məkanda fərqli mədəniyyətlərin təzahürləri, izləri duyulmalıdır.
Layihənin ssenaristləri Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və Aleksandr Novotoskidir (Rusiya). Rejissorları isə Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya). Göründüyü kimi, kinonovellalarda Bakı həyatı azərbaycanlılarla yanaşı, əcnəbi müəlliflərin də gözü ilə təsvir ediləcək.
Çəkilişlərin birinci hissəsi başa
çatıb
“Bakı, mən
səni sevirəm!” kinolayihəsi, hər biri
9 dəqiqə olmaqla, 10 filmdən ibarət
olacaq. 2011-ci ilin sentyabrından
hazırlığı başlanan
filmin çəkilişinə
mart ayında start verilib.
Layihənin prodüserlərindən
olan Nadir Maçanovun
sözlərinə görə,
layihə şərti
olaraq iki hissəyə bölünüb:
“Çəkilişi yaz
və yay sessiyalarına bölmüşük
və artıq yaz sessiyasına bu günlərdə yekun vurduq. İlk bölümdə
5 film çəkildi və
növbəti 5-lik yay
sessiyası üçün
nəzərdə tutulub.
Çəkilişlər üçün elə bir dövr
seçilib ki, hava münasib olsun və çəkiliş
prosesi rahat şəkildə aparılsın”.
Filmə daxil olan 10
novella 10 fərqli həyat
hadisəsini əks etdirir. Onları birləşdirən cəhət isə bütün hadisələrin
Bakıda baş verməsidir. Layihəyə müxtəlif ölkələrdən
rejissorlarla yanaşı,
məşhur aktyorlar da cəlb olunub.
Yaz sessiyasında məşhur
aktyorlar Vyaçeslav Razbeqayev, Vadim Tsallate (Rusiya), Aqniya Ditkovskite (Litva) və digərləri çəkiliblər.
Yay sessiyası üçün
daha bir neçə ulduzun çəkiləcəyi nəzərdə
tutulur.
Filmdə qabaqcıl texnologiyalardan istifadə olunur
Prodüser layihəsinin bir
uğuru da bədii tərəflərlə
yanaşı, filmin texniki göstəricilərinin
yüksək səviyyədə
olmasıdır. Filmin texniki
təchizatına gəlincə,
Rusiyadan, Gürcüstandan
lazımi avadanlıqlar
gətirilib. İstər kamera,
istərsə də işıq avadanlıqları
ən son göstəricilərə
cavab verir. Bu texnikadan professional şəkildə istifadə
etməyi bacaran mütəxəssislər də
cəlb olunub. Qrim ustaları Ukraynadan dəvət edilib.
Çəkilişlər həm pavilyonda,
həm də naturada aparılır.
Nadir Maçanov quruluşçu rəssam
Vladimir Trapeznikovun (Rusiya)
əməyini xüsusi
qeyd etdi: “Novellalardan biri üçün böyük
dekorasiya quruldu. V.Trapeznikov 5 nəfər rəssam və 7 nəfər dekoratorla çalışaraq
maraqlı mühit yaratdılar”.
Yaradıcı heyət Bakını qarış-qarış
gəzir
Filmə 10 fərqli hadisə
daxil olduğundan çəkilişlər üçün
fərqli məkanlar tapılmalı idi. Odur ki, çəkilişlər
şəhərin müxtəlif
yerlərində aparılır.
Çəkilişlərin gedişindən məmnunluq
ifadə edən yaradıcı heyətin əcnəbi üzvləri
Novruz bayramı ərəfəsində şəhər
sakinlərinin qonaqpərvərliyinə
heyran olduqlarını
bildirdilər. Bakıdakı tolerantlıq, Azərbaycan
mətbəxi, paytaxta
tikilən yeni binalar, İçərişəhər,
köhnə binaların
özəlliyi qonaqlarda
böyük təəssürat
doğurub.
Layihənin özəlliyi haqqında danışan prodüserlər
Yeqor Konçalovski və Nadir Maçanov bildirdilər ki, sənət mübadiləsi
ilə yanaşı, ölkəmizin təbliği
baxımdan da belə müştərək
layihələrin böyük
əhəmiyyəti var. Yaradıcı
heyət yaradılan şəraitə, dəstəyə
görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıqlarını
bildirdilər.
Yay sessiyası bitdikdən
sonra montaj və səsləndirmə
mərhələsinə başlanılacaq.
Filmin
2013-cü ilin fevral ayında təhvil verilməsi nəzərdə
tutulur.
Reyhan İsayeva
Mədəniyyət.- 2012.-
18 aprel.- S. 7.