Şabranda gənc yazarların oxucularla
görüşü
Aprelin 14-də Şabran şəhərində gənc
yazarlar Zərdüşt Şəfinin “Başqa adamlar” və
Pərvinin “Qar yağacaq” kitablarının təqdimat mərasimi
və imza günü keçirildi. Tədbirdə Şabran
Rayon İcra Hakimiyyətinin başçısı Novruz
Novruzov, Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Əhməd Səmədov, Azərbaycan
Yazıçılar Birliyinin katibi Rəşad Məcid,
rayonun ziyalıları, ədiblər iştirak edirdilər.
Kitab Evində təşkil olunan mərasimdə
çıxış edən rayon icra hakimiyyətinin
başçısı Novruz Novruzov insanın
dünyagörüşünün formalaşmasında
kitabların rolundan bəhs etdi, regionlarda mədəni
mühitin inkişafı istiqamətində görülən
işlərdən danışdı: “Kitablar insanın fəaliyyətində,
onun formalaşmasında xüsusi rol oynayır. İnsanlar elmə,
biliyə kitablar vasitəsilə yiyələnirlər. Məhz
bütün bunlar nəzərə alınaraq rayonumuzda Kitab
Evi istifadəyə verilib. Burada yeni ədəbiyyat nümunələri
oxuculara təqdim olunur. Bu gün ölkəmizdə kitab
işinin təkmilləşdirilməsinə dövlət səviyyəsində
diqqət göstərilir. Dünya və Azərbaycan klassiklərinin
əsərləri latın qrafikası ilə çap olunaraq
oxuculara təqdim edilir”.
N. Novruzov bildirdi ki, bu gün Azərbaycanın
bütün bölgələri inkişaf edir. Bu
inkişafın fonunda regionlarımızda ədəbi, mədəni
mühit də inkişaf edir: “Dövlətin dəstəyi ilə
bölgələrdə yeni mədəniyyət müəssisələri,
kitabxanalar istifadəyə verilir, elektron kitabxanalar
yaradılır”.
İcra hakimiyyətinin
başçısı kitablarını təqdim edən gənc
yazarların gələcəkdə Azərbaycan ədəbiyyatının
layiqli təmsilçilərindən olacaqlarına ümidini
ifadə etdi, onlara yaradıcılıq uğurları
arzuladı. Şabran Kitab Evində yeni nəşrlərin təqdimatlarının
ənənə halını aldığını deyən
N.Novruzov növbəti belə tədbirin may ayında
keçiriləcəyini bildirdi.
Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcid tədbirin Şabranda keçirilməsinin
əlamətdar bir hadisə olduğunu dedi, gənc yazarlar Zərdüşt
Şəfinin və Pərvinin ədəbi fəaliyyətindən
danışdı. Qeyd olundu ki, hər iki yazar
Yazıçılar Birliyi və Mədəniyyət və
Turizm Nazirliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin
məzunlarıdır: “Məktəbdə ölkənin
tanınmış qələm sahibləri, şair və
yazıçılar ədəbi gəncliyin nümayəndələrinə
ustad dərsləri keçiblər. Həmin dərslər gənc
ədiblərin ədəbiyyat, bədii yaradıcılıq
haqqında təsəvvürlərinin inkişafı, bu
yöndə təcrübə və məlumat toplaması
baxımından çox faydalı olub. Hər iki gənc son
iki ildə maraqlı bədii və publisistik yazıları ilə
mətbuatda fəal çıxış edirlər. Hər iki
gəncin yüksək ədəbi istedadı var və mən
onların gələcəkdə ədəbiyyatımızda
layiqli yer tutacaqlarına əminəm”.
Sonra Şabran rayonunda fəaliyyət
göstərən ədəbi məclisin üzvləri yeni nəşrlərlə
bağlı öz fikirlərini bildirdilər, yazarların əsərlərini
təhlil etdilər. Qeyd olundu ki, Zərdüşt Şəfi
“Başqa adamlar” kitabında yer alan kəskin süjetli, bəzən
isə lirik-sentimental üslublu hekayələrində həyata,
insanlara, keçib gedən zamana münasibətini,
duyğularını ifadə edib. Hekayələr dil və
üslub rəngarəngliyi ilə də diqqəti cəlb
edir. Kitaba müəllifin
bir essesi və qısametrajlı
film ssenarisi də daxil edilib.
Gənc yazar Pərvinin
“Qar yağacaq” kitabında isə povest və hekayələr yer alıb. Vurğulandı ki, Pərvinin
özünəməxsus yazı
manerası, seçdiyi
mövzulara fərdi yanaşma qabiliyyəti
var. Onun hekayələrində
emosional cizgilər, duyğulu variasiyalarla yanaşı, dərin psixoloji qatlar da özünü qabarıq göstərir.
Sonda kitab müəllifləri
tədbir iştirakçılarına
minnətdarlığını bildirdilər, yazıları
və kitabları barədə fikir söyləyənlərə təşəkkür
edib, onların inamını doğrultmağa
çalışacaqlarını vurğuladılar. Daha sonra
müəlliflər kitablarını
öz imzaları ilə oxuculara təqdim etdilər.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 18 aprel.- S. 7.