Maddi mədəni irsin
mühafizəsi və effektiv istifadəsinə
həsr olunmuş seminar
Aprelin 16-da Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə “Park İnn” hotelində “Maddi mədəni irs abidələrinin
qorunması, effektiv istifadəsi və inkişafı
yolları” mövzusunda seminar keçirildi. Tədbir 18 aprel -
“Beynəlxalq abidələr və tarixi yerlər günü”nə
həsr olunmuşdu.
Seminarı giriş sözü ilə
açan mərkəzin direktoru, fəlsəfə elmləri
doktoru, professor Vilayət İsmayılov maddi-mədəni abidələrin
qorunmasından, onların səmərəli istifadəsindən
söz açdı. Qeyd olundu ki, hazırda Azərbaycanda 6
mindən artıq maddi-mədəni irs abidəsi qeydiyyata
alınıb. Dövlət səviyyəsində abidələrin
mühafizəsinə, təmir-bərpasına diqqət
göstərilir. Ölkəmizdə mədəniyyət sahəsində
əldə edilən nailiyyətlərdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti
xüsusi vurğulandı.
Mədəniyyət və Turizm
Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki
sektorunun müdiri Asif Usubəliyev
çıxışında maddi mədəniyyət nümunələrinin
qorunması, səmərəli istifadəsi üçün
dövlət qurumlarının səylərinin birləşdirməsinin
vacibliyini bildirdi. Onun sözlərinə görə, maddi mədəni
irs abidələrinin qorunması, effektiv istifadəsi və
inkişafı yolları kimi aktual məsələlərə
alimlər də öz münasibətini bildirməlidir, elmi əsaslandırmalar
aparılmalıdır: “Seminarda alimlərimiz də yaxından
iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi
mövzu və istiqamətdən asılı olmayaraq
bütün təşəbbüs və təkliflərə
açıq dövlət qurumudur. Çünki bəzən
belə seminarlarda səslənən bir təşəbbüs
sonradan böyük bir mədəni layihəyə çevrilə
bilər”.
Sektor müdiri Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin elmi qurumlarla sıx əməkdaşlığının
vacibliyini vurğuladı.
Sonra Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi elmi-mədəni mərkəzinin arxeologiya üzrə baş elmi işçisi, tarix elmləri namizədi Qənirə Pirquliyeva “Abidələrdə maddi mədəniyyət nümunələrindən ibarət tematik ekspozisiyaların təşkili”, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli “Azərbaycanın mədəniyyət abidələrinə qarşı erməni vandalizmi”, universitetin pedaqoji elmlər üzrə fəlsəfə doktoru Yeganə Eyvazova “Tədris prosesində tarix və mədəniyyət abidələrinin mühafizəsi məsələlərinin öyrədilməsi” mövzusunda məruzə etdilər. Seminarda məruzələr ətrafında müzakirələr aparıldı.
Ceyhun
Mədəniyyət.- 2012.- 18 aprel.-
S. 5.