“Yuğ” teatrında rəqs tamaşası
Teatr növbəti
layihəni başa çatdırdı
Azərbaycan Dövlət
Yuğ Teatrı müasir
dünya mədəniyyəti ilə
tanışlıq, bu sahədə
qabaqcıl təcrübələrin mənimsənilməsi və
həyata keçirilməsi məqsədilə mütəmadi
olaraq müxtəlif layihələr - teatr məşğələləri, ustad dərsləri təşkil edir. Bu qəbildən daha bir tədbir aprelin 9-dan 13-dək teatrın nəzdində fəaliyyət
göstərən “Yaradıcı Təşəbbüslər
Mərkəzi” və Azərbaycandakı Fransa
İnstitutunun birgə təşkil etdiyi modern rəqs məşğələləri
idi.
Teatrın binasında keçirilən məşğələlərdə fransız rəqqasları Sara Baltzinger və Aleksandro Lipo modern rəqs teatrı, müasir rəqsin texniki cəhətləri, xoreoqrafik repertuar üzərində iş, kontakt, improvizasiya və yaradıcılıq kimi istiqamətlərdə öz təcrübələrini iştirakçılarla paylaşdılar.
Sara Baltzinger Fransada modern rəqs sahəsində kifayət qədər uğur qazanmış rəqqasədir. «Compagnie Mirage»nin xoreoqrafıdır. Bu truppanın tərkibində «Əl oyunları», «Səhv», «Sakit» kimi məşhur tamaşalarda rəqs edib. Hazırda Barselona şəhərindəki «Compagnie Laura Vilar» truppasında çıxış edir. Müxtəlif məktəblərdə və konservatoriyalarda, Lüksemburq Xoreoqrafiya Yaradıcılıq Mərkəzində dərs deyir. Aleksandro Lipo da Avropanın bir sıra rəqs truppalarında («Compagnie Mirage» və «Compagnie Totum») çalışır. Bernard-Marie Kotles Teatrında musiqili komediya, modern rəqs, caz və ifaçılıq sənətindən dərs deyir.
Rəqqaslar məşğələlərin sonunda, aprelin 13-də tamaşaçılarına «Compagnie Mirage»yin son işlərindən olan «Entre toi» («Sizin aranızda») adlı rəqs tamaşasını nümayiş etdirdilər. Səhnə əsərinin süjet xətti oğru ilə girov arasındakı münasibətlər üzərində qurulub. Tamaşaçılar rəqs dili ilə səhnə əsərində baş verən hadisələri izlədilər. S.Baltzingerin quruluş verdiyi tamaşa izləyiciləri düşündürməklə yanaşı, həm də gözəl rəqs hərəkətlərindən zövq almaq imkanı verdi.
Gülər
Mədəniyyət.-
2012.- 18 aprel.- S. 5.