Azərbaycan
memarlığında abidələrin qorunması problemləri
Muzey Mərkəzində elmi konfrans
Aprelin 17-də Muzey Mərkəzində Azərbaycan Milli
Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunun təşəbbüsü ilə «Azərbaycan
memarlığında abidələrin qorunması problemləri»
adlı respublika elmi konfransı keçirildi. Konfrans 18 aprel -
“Beynəlxalq abidələr və tarixi yerlər günü”nə
həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə
açan institutun direktoru, sənətşünaslıq
doktoru, professor Ərtegin Salamzadə dünyada tarixi abidələrin
qorunmasından və bu sahədə mövcud konvensiyalardan
söz açdı. Qeyd olundu ki, mədəni irsin
qorunması problemi xüsusilə XX əsrdə dünyanı
narahat etməyə başlayıb, çünki bu,
münaqişələrlə bağlı bir dövr idi. II
Dünya müharibəsindən sonra bu sahədə beynəlxalq
sənədlər imzalanıb, sonrakı illərdə UNESCO və
ona üzv olan ölkələrin təşəbbüsü
ilə konvensiyalar qəbul edilib: “Hərbi münaqişələr
zamanı mədəni dəyərlərin qorunması
haqqında” (1954), “Ümumdünya mədəniyyət və mədəni
irsin qorunması haqqında” (1972) və s.
Azərbaycan da bu sahədə
mövcud olan beynəlxalq sənədlərə, o cümlədən
sualtı mədəni irsin qorunması, memarlıq abidələrinin
qorunması haqqında konvensiyalara qoşulub. Hazırda ölkəmizdə
6 min maddi-mədəni irs abidəsi qeydiyyata alınıb. Bir
sıra tarixi abidələrimiz UNESCO-nun qeyri maddi-mədəni
irs siyahısına daxil edilib. Ümumilikdə dünyanın
148 ölkəsinin 900-dən çox mədəniyyət
obyekti “Dünya mədəni irs siyahısı”na daxil edilib:
“Sevindirici haldır ki, onların arasında Azərbaycan mədəniyyət
abidələri də yer tutur. Əlbəttə, abidələrin
qorunması ilə bağlı mövcud konvensiyaların şərtlərinə
əməl etmək həm də böyük məsuliyyət
tələb edir. Azərbaycan abidələrin qorunması
istiqamətində beynəlxalq konvensiyalara qoşulmaqla
yanaşı, bu sahədə beynəlxalq əlaqələrini
də gücləndirir”.
18 aprel - “Beynəlxalq abidələr
və tarixi yerlər günü”nün ilk dəfə
1983-cü ildə qeyd olunduğunu nəzərə
çatdıran direktor bildirdi ki, “Tarixi vətənimizi
qoruyaq” devizi ilə qeyd olunan bu günün keçirilməsində
məqsəd insanların diqqətini tarixi yerlərin
qorunmasına yönəltməkdir.
Konfransda institutun əməkdaşı,
memarlıq doktoru Rahibə Əliyeva “Qoruqların
tarixi-memarlıq simasının mühafizəsi” adlı məruzə
ilə çıxış etdi. Məruzədə ölkə
ərazisində olan qoruqların, abidələrin mühafizəsi,
mövcud problemlər, bu sahəyə dövlət
qayğısından söz açıldı. Məruzəçi
zaman keçdikcə tarixi abidələrin məruz
qaldığı dəyişikliklərdən
danışdı, qoruqlarda və onların ətrafında
aparılan təmir-bərpa işləri zamanı bəzən
yanlışlığa yol verildiyindən
narahatlığını da dilə gətirdi.
Sonra Ərtegin Salamzadə «Şəbəkə
sənətinin qorunması» adlı məruzə ilə
çıxış edərək, bu sənətin UNESCO-nun
reprezentativ siyahısına salınması ilə bağlı
sənədlərin hazırlandığını bildirdi.
Hazırda şəbəkə sənətinin nəsildən-nəslə
keçərək Şəkidə
yaşadıldığını qeyd etdi.
Elmi konfransda “Memarlıq irsi, onun
öyrənilməsi və qorunması”, “Köhnə Bakı
şəhəri - UNESCO-nun Dünya irsi abidəsidir”,
“Arxeologiya tariximizə bir baxış, yaxud abidələrimizi
necə qoruyaq” mövzularında məruzələr dinlənildi.
Mehparə
Mədəniyyət.-
2012.- 18 aprel.- S. 4.