Musiqi sənətinə diqqət və qayğının bariz nümunəsi

 

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində Musiqi Alətləri Dövlət Kolleksiyası yaradılıb. Bu günlərdə muzeyin Klassik Musiqi Həvəskarları Klubunun tədbirində həmin kolleksiyadan skripka musiqi alətləri təqdim edilmiş musiqiçilərin ifasında «Skripka musiqisi axşamı» keçirilib.   

 

   Muzeyin direktoru, sənətşünaslıq namizədi, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bizimlə söhbətində bildirdi ki, Sovet İttifaqı dağıldıqdan sonra belə bir kolleksiyanın yaradılması təcrübəsi ilk dəfə həyata keçirilir: «Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeyimizin nəzdində Musiqi Alətləri Dövlət Kolleksiyasının yaradılması sevindirici haldır. Məlumat üçün bildirim ki, keçmiş Sovet İttifaqı dövründə Moskva Dövlət Konservatoriyası nəzdində Musiqi Alətləri Dövlət Kolleksiyası olub. Bu kolleksiyadan Azərbaycanın bir çox musiqiçilərinə - Lalə Sadıqova, Arif Manaflı, Rəşid Seyidzadə və başqalarına musiqi alətləri verilib. SSRİ dağıldıqdan sonra bu təcrübə həyata keçirilməyib. Hazırda Ümumrusiya Musiqi Muzeyləri Birliyinin (keçmiş M.Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Muzeyi) nəzdində Musiqi Alətləri Dövlət Kolleksiyası var».

   Qeyd edək ki, Azərbaycan mədəniyyətini beynəlxalq müsabiqələrdə və tədbirlərdə yüksək səviyyədə təqdim edən istedadlı musiqiçilərə - xalq artistləri Şəhla İbrahimova, Uran Seyidov, Əməkdar artist Töhfə Babayeva, Nigar Vəliyeva, gənc musiqiçilərdən Prezident təqaüdçüləri Kamran Ömərli, Kənan Mailov, Emin Hüseynov, Nərgiz Hüseynovaya nazirlik tərəfindən xaricdən alınmış, ən yaxşı ustaların hazırladığı qiymətli skripkalar verilib. A.Bayramovanın sözlərinə görə, bu fakt musiqiçilərə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.

   Qeyd edək ki, sözügedən skripkalar müxtəlif illərdə fransız və alman ustaları tərəfindən hazırlanıb.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2012.- 18 aprel.- S. 4.