Cazmen Emil İbrahim anıldı

 

   Aprelin 14-də Bakı Caz Mərkəzində cazmen Emil İbrahimin (Məmmədov) xatirə gecəsi keçirildi. Bir il əvvəl dünyasını dəyişən musiqiçini sənət yoldaşları xoş xatirələr, duyğulu sözlərlə andılar. 36 il ömür yaşayan Emilin həyat və yaradıcılığından söz açan dostları onun cazklassik musiqinin sintezinin gözəl bilicilərindən biri, Latın Amerikası ladlarında caz musiqisinin mahir ifaçısı kimi xatırladılar.

   Gecədə iştirak edən cazmen Cəmil Əmirov, Şahin Növrəsli, Elçin Şirinov, Emil Əfrasiyab, Sevda Ələkbərzadə və başqaları musiqi nömrələri ifa etməklə yanaşı, Emillə bağlı xatirələrini də bölüşdülər. Qeyd edək ki, mərhum musiqiçinin son solo konserti 2010-cu ilin payızında, Bakıda keçirilən beynəlxalq caz festivalı çərçivəsində Bakı Muğam Mərkəzində olmuşdu.

 

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 18 aprel.- S. 4.