Azad düşüncənin ilk
mehi və ya uzun yolun
başlanğıcı
Mirzə Fətəli Axundzadə
- 200
III yazı
Axundzadənin nəsri
Yazıçı, filosof, ictimai xadim, milli
dramaturgiyamızın banisi Mirzə Fətəli
Axundzadə zəngin yaradıcılığı ilə Azərbaycan
ədəbiyyatında azad
düşüncənin ifadəçisinə çevrildi.
Ətrafındakı zülməti, cəhaləti,
nadanlığı yararaq xalqa
işığın, azadlığın, maarifin
yolunu göstərdi...
Nəsrimizdə yeni
cığır - “Aldanmış kəvakib”
Mirzə Fətəli Axundzadə 1857-ci ildə özünün ilk nəsr əsəri olan "Aldanmış kəvakib" (“Hekayəti-Yusif şah”) povestini yazır. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir.
Yazıçı tarixdən götürdüyü kiçik bir hadisəni öz realist qələminin gücü ilə yüksək ədəbi-bədii səviyyəyə qaldırır. Müəllifin etiraf etdiyi kimi, o, hadisəni təsvir etməklə İran feodalizminə idarə üsulu öyrədir. Axundzadə yazır: “Mən kiçik məsələni əldə bəhanə edib, öz fikrimdə onu genişləndirmişəm. O zamanın vəzirlərinin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun. Qoy onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar”.
Axundzadə bu əsərdə I Şah Abbas hakimiyyətini ona görə tənqid edir ki, o öz iradəsini, axmaq bir münəccimin insafına tapşırır, onun yalançı xəbərləri ilə xalqın müqəddəratını həll edir. Şah öz hakimiyyətini möhkəmlətmək üçün azad fikirli insanları amansızcasına təqib edir. Onun vəzirləri Sərdar Zaman xan, Müstövfi Mirzə-Yəhyə, Mirzə Möhsün və Axund Səməd xalqa ziyan vuran hərəkətləri ilə fəxr edirlər. Yazıçı bütün bu mənfi tiplərə qarşı özünün rəğbət bəslədiyi, xalq arasından seçdiyi Yusif Sərrac obrazını yaratmışdır.
Axundzadənin yaratdığı şah obrazı uzaqgörən, xalqın xeyrinə çalışan insan, zəhmətkeş kütlənin tipik nümayəndəsidir. O özünün qısamüddətli hakimiyyəti dövründə Şah Abbasın xalqa vurduğu ziyanları aradan qaldırır, özü də xeyli tədbirlər həyata keçirir.
Mirzə Fətəli bu əsəri ilə dünya mütləqiyyətinin əleyhinə çıxmışdır.
Bədii-fəlsəfi abidə - “Kəmalüddövlə
məktubları”
Mirzə Fətəli Axundzadə 1865-ci ildə “Kəmalüddövlə məktubları”nı yazır. Bu əsərində yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, “Kəmalüddövlə məktubları” bəşəriyyətə xidmət etmək, Şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir.
Yazıçının şəxsi arxivində saxlanan bir sıra məktublar bu ölməz bədii-fəlsəfi əsərin yazılması, rus və fars dillərinə tərcümə edilməsi, İngiltərə, Fransa, İran, Türkiyə və Hindistanda yayılması səbəblərini aydınlaşdırmağa kömək edir.
Məlum olduğu kimi, yazıçı bu bədii-fəlsəfi traktatında Kəmalüddövlə ilə Cəmalüddövlənin məktublaşma yolu ilə apardıqları mübahisədə təbliğ etmək istədiyi fikirlərin həqiqət olmasını sübut etməyə çalışır.
M.F.Axundzadə 1869-cu il 4 fevral tarixli (Londona, İran səfiri Hacı Şeyx Möhsün xana) məktubunda əsərin yazılmasında qarşıya qoyduğu məqsədi şərh edir. O, “ömrümün son dövründə kədərli qəlbi”nə munis olan dostuna bildirir ki, “Kəmalüddövlə”nin müəllifi də Avropa filosoflarının əqidəsindən olan bir adamdır. Yəni liberaldır, tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə nail olsunlar…
Müəllif istəyir ki, onun da xalqının qəlbində qeyrət, namus, ədalət, bərabərlik, xalqı və vətəni sevmək hisslərinin toxumu əkilsin. O, xalqın içərisində olan nifaq və ədavətin birlik və səmimiyyətə çevrilməsini, zəlillik, yoxsulluq və dilənçiliyin aradan qaldırılmasını arzu edir. Xalqın sərvət və qüdrət sahibi olmasını istəyir. O bilir ki, dini fanatizm aradan qalxmayınca, onun bu arzuları yerinə yetməyəcəkdir. Çünki dini fanatizm insanların həqiqəti görən gözünü pərdələyir və onların dünya işlərində irəliləməsinə mane olur.
Professor Teymur Əhmədov “Böyük ideallar mücahidi” məqaləsində yazır: “Kəmalüddövlə məktubları”nda M.F.Axundzadə istibdada, cəhalətə və fanatizmə qarşı çıxır, insanpərvərlik, həmrəylik, xalqlar arasında dostluq və əməkdaşlıq ideyasını təbliğ edir. Bu, hakim feodal dünyasına qarşı çevrilmiş bir əsərdir. M.F.Axundzadənin təbirincə desək, hələ “hicrətdən bu günə qədər bu sərtlikdə bir əsər yazılmamışdı”. Elə ona görə də öz məktublarında M.F.Axundzadə özünü əsərin müəllifi deyil, naşiri və ya sahibi kimi qələmə verir, əsərin nəşr edilməsi xətrinə maddi imtiyaz hüququna göz yumduğunu dönə-dönə bildirirdi. O, ədəbi-tənqidi, ictimai-siyasi və fəlsəfi görüşlərini bəzən yaxın dost və tanışlarına göndərdiyi məktublarında ətraflı şərh edirdi. Yazıçının İranın “Millət” qəzetinə 1870-ci il (dəqiq gün yoxdur) tarixli məktubu, Mirzə Ağanın pyesləri haqqında 1871-ci il 28 iyun tarixli məktubu, Mirzə Yusif xana “Yek kəlmə” haqqında” 1875-ci il 8 noyabr tarixli məktubu və s. bu baxımdan diqqəti cəlb edir.
“Pak Allahdan bircə
arzum vardır”
Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə göndərdiyi
1872-ci il 6 dekabr tarixli məktubunda M.F.Axundzadə
yazır: “Mən özüm bu əsəri əhalisi müsəlman olan Şərq ölkələrinin
heç bir yerində çap etdirmək işindən azad deyiləm. Avropada çap etdirmək üçün də özüm lazımi imkan və vəsaitə
malik deyiləm. Sizə bildirirəm ki, bu əsər Avropa müəlliflərinin
əsərləri üslubunda
yazılmışdır, onu
ancaq Avropada çap etdirmək mümkündür. Şərqin İslam ölkələrində
bu əsəri yaymağı isə ancaq Avropa alimləri
və mütəfəkkirlərinin
əli ilə icra etmək mümkündür. Mən kitabın
həm orijinalında,
həm də tərcümədə satılmasından
əldə ediləcək
qazancı tamamilə və həm də könüllülük
və razılıq hissi ilə sizə bağışlayıram”.
Buna baxmayaraq,
M.F.Axundzadənin Peterburq,
Paris, London, Tehran, Təbriz, Bombey və İstanbul şəhərlərində
yaşayan dostlarına
göndərdiyi məktublar
nəticəsiz qaldı.
Yerli naşirlər müstəbid
hakimlərin və fanatik din xadimlərinin qorxusundan əsəri çap etmək istəmədilər.
M.F.Axundzadə özü də
“bir para mülahizələrə görə”
əsərin müəllifi
olduğunu gizli saxlayırdı. Bununla
belə, “Kəmalüddövlə
məktubları”nı
nəşr edib yaymaq, insanlıq aləminə bir xidmət göstərmək
üçün bütün
imkanlardan istifadə edirdi. Yazıçı öz məktubunda
bildirirdi ki, bu əsərdə toxunulmamış “elə bir böyük siyasi və ya dini məsələ
yoxdur”. Əsəri Peterburqda çap
etmək ixtiyarını
Y.A.İsakova həvalə
etməklə yanaşı,
M.F.Axundzadə arzu edirdi ki, o, əsərin
fransız, alman və ingilis dillərinə tərcüməsinin
qayğısına qalsın.
Zamanın tələbi başqa
idi. Xalqı qəflət və
cəhalət yuxusundan
ayıltmaq üçün
“tənqid, istehza və məsxərə” zəruri idi. Artıq moizə, nəsihət və ata məhəbbəti
tərzində yazılan
əsərin vaxtı
çoxdan keçmişdi.
Bunların “insan vaxtını
zay etmək və insana kəsalət gətirməkdən
savayı faydası” yox idi.
Ədib 1871-ci ildə Tehrana, “Təmsilat”ı fars
dilinə tərcümə
edən Mirzə Məhəmmədcəfərə göndərdiyi məktubunda
bildirirdi ki, “Əgər nəsihət və moizənin insanlara təsiri olsaydı, mərhum Şeyx Sədinin “Gülüstan” və “Bustan” əsərləri əvvəldən axıra
qədər nəsihətdir.
Bəs nə üçün İran camaatı 600 ildən bəri onları oxuyur, lakin oradakı nəsihət və moizələrə əsla
əhəmiyyət vermir?!
Nəticədə isə zülm
və istibdad gündən-günə artır
ki, əskilməyir”.
M.F.Axundzadə cəhalət zülmətini
dağıdıb insanlıq
aləmini nura qərq edə biləcək əsərlərinin
hələ öz sağlığında çap
edilib yayılacağına
inanırdı. O, Belçikada,
Brüssel şəhərində
təhsil alan
oğlu Rəşidə
göndərdiyi məktublarının
birində yazırdı
ki, “Kəmalüddövlə”nin
nəşr ediləcəyinə
və ümumdünya
şöhrəti qazanacağına
ümid bəsləyir.
Sonra narahatlıqla yazırdı: “Bilmirəm,
mən ölüncəyə
qədər bu arzuma çatacağammı?
Yoxsa o da köhnə müsəlman əlifbasını
dəyişmək kimi
bir arzu olaraq qəlbimdə qalacaq və bu iki ümidimi
həyata keçirmək
məndən sonra sənin öhdənə düşəcəkdir”.
Yazıçı
dostu Manukçi Sahibə göndərdiyi
1876-cı il 18 may tarixli məktubunda “qocalsa da, saçı-saqqalı
ağarsa da, qüvvətli olduğunu”
bildirir: “Pak Allahdan bircə arzum vardır ki, əcəl mənə o qədər aman verəydi ki, Brüssel şəhərində
mühəndislik elmini
öyrənən yeganə
oğlum Mirzə Rəşidin təhsildən
qayıtmasını görərək,
ona özüm toy edəydim. Ondan sonra “Kəmalüddövlə”ni və bundan əlavə 20 başqa əsərimi gələcək nəsil
üçün yadigar
qoyaraq, bu fani və puç
dünyanı tərk
edərdim. Qoy gələcək nəsil “Kəmalüddövlə”nin
məzmununa əməl
etsin və məhvi yolunda illər uzunu çalışdığım köhnə İslam əlifbasını da dəyişdirsin!”
Vaxtilə Aleksandr Radişşevin
“Peterburqdan Moskvaya səyahət” əsəri
Rusiyada necə tufan qoparmışdısa,
bu əsər də yüksək ruhani dairələrdə eyni həyəcan doğurur. Təsadüfi deyil ki, bu əsəri “Azərbaycan maarifçiliyinin
manifesti” adlandırırlar.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 20 aprel.- S. 13.