Sənətdə
yaşanan ömür
Məmməd
Cavadov - 100
Qarabağ torpağında tarixən bir çox görkəmli
sənətkarlar, böyük istedad sahibləri yetişib.
Dövrünün tanınan musiqiçilərindən olan Məmməd
Kərim oğlu Cavadov 1912-ci ildə Füzuli rayonunda anadan
olmuşdu.
O erkən yaşlarından musiqiyə
həvəs göstərmiş, milli musiqi alətlərindən
tütək və balabanda ifa etməyi öyrənmişdi.
Musiqiyə olan həvəs onu Asəf Zeynallı adına
Musiqi Texnikumuna gətirir. 1930-cu ildə dahi Üzeyir Hacıbəylinin
qarşısında imtahan verən gənc Məmməd Cavadov
məktəbin nəfəsli alətlər şöbəsinin
klarnet sinfinə qəbul edilir. Eyni zamanda sevimli müəllimi
Ü.Hacıbəylidən musiqi nəzəriyyəsini,
harmoniyanı səylə öyrənməyə
çalışır. Üzeyir bəy gəncin yüksək
peşəkarlıq qabiliyyətini bəyənir və həmin
Texnikumu əla qiymətlərlə bitirən Məmməd
Üzeyir bəyin tövsiyəsi ilə imtahansız Dövlət
Konservatoriyasının bəstəkarlıq və nəfəsli
alətlər şöbəsinə qəbul edilir.
Böyük bəstəkar həmçinin 1932-ci ildə
özünün yeni yaratdığı ilk notlu xalq
çalğı alətləri orkestrinə onu balaban
ifaçısı kimi qəbul edir. M.Cavadov orkestrdə
S.Rüstəmov, H.Xanməmmədov, A. Rzayeva kimi görkəmli
sənətkarlarla çiyin-çiyinə
çalışır, Bülbül, H. Rzayeva, Y.Kələntərli
kimi dövrün məşhur xanəndələrini
müşayiət edir. 1938-ci ildə Moskvada keçirilən
Azərbaycan mədəniyyəti və incəsənəti
dekadasında bu orkestrin tərkibində iştirak edir.
1940-cı ildən Ü.Hacıbəylinin təşəbbüsü
ilə Dövlət Akademik Opera və Balet Teatrında
musiqiçi kimi çalışmağa başlayır.
M.Cavadovun
yaradıcılığının bir hissəsi də 1941-ci
ildə yaradılmış Azərbaycan Dövlət Caz
Orkestri ilə bağlıdır. Maestro Niyazinin bədii rəhbər
olduğu kollektivdə onun ilk dəfə olaraq T. Quliyevin
“Çahargah” muğamı mövzusunda improvizələrini
saksafonda ifa etməsi, cazla muğamın sintezini böyük ustalıqla
nümayiş etdirməsi Üzeyir bəy tərəfindən
də yüksək qiymətləndirilir. Orkestr keçmiş
SSRİ-nin müxtəlif şəhərlərində
uğurlu çıxışları ilə
tamaşaçıların rəğbətini qazanır.
Onun musiqiçilik fəaliyyətinin
zirvə nöqtəsi isə Naxçıvan Muxtar Respublikası
ilə bağlıdır. Azərbaycan Dövlət İncəsənət
İdarəsinin göndərişi ilə 1943-cü ildə
Naxçıvan teatrına dirijor təyin olunan gənc
musiqiçi eyni zamanda musiqi məktəbində də pedaqoji
fəaliyyətini davam etdirir. Ramiz Mirişli, Nəriman Məmmədov,
Rəşid Məmmədov kimi tanınmış bəstəkarların
yetişməsində M.Cavadovun əvəzsiz xidmətləri
olub. Naxçıvanda xalq çalğı alətləri
orkestrini və caz orkestrini yaradaraq həmin kollektivlərə
rəhbərlik edir. Naxçıvan Muxtar Respublikasının
yaranmasının 25 illiyi münasibətilə (1949) 120 nəfərdən
ibarət xor kollektivi təşkil edir və yubiley konsertlərində
çıxış edir.
M.Cavadov müxtəlif janrlarda
musiqi əsərləri yazıb və bəstəkar kimi də
tanınıb. Onun İslam Səfərlinin sözlərinə
yazdığı “Bənövşə”, “Badamlı” ,
Hüseyn Əziminin sözlərinə yazdığı
“Bayram töhfəsi”, “Xəyal”, “Naxçıvan
düşüncələri“ kimi musiqi əsərləri
böyük rəğbət qazanıb. Onu daha çox xalqa
sevdirən isə 1945-ci ildə şair Hüseyn Əziminin
sözlərinə bəstələdiyi məşhur
“Naxçıvan” mahnısı olub:
Ey könül mülkünün
barı Naxçıvan
Ellərin sevgili, yarı
Naxçıvan ...
Uzun illərdir öz rəngarəngliyini,
müasirliyini saxlayan, bu gün da dillər əzbəri olan
“Naxçıvan” mahnısı M. Cavadovun mahnı
yaradıcılığının zirvəsini təşkil
edir desək yanılmarıq. Mahnının melodiyasındakı
milli kolorit, həzinlik, şirinlik, sözlərin musiqi ilə
ahəngi dinləyicini heyran edir. Bəstəkar musiqinin dili ilə
Naxçıvanin tarixini, onun gözəlliklərini vəsf
edir, dinləyicinin ruhunu oxşayır.
Məmməd Cavadov 1960-cı ildən
Ağdam Musiqi Texnikumunda, 1977-ci ildən Füzuli şəhər
Musiqi Məktəbində müəllim, orkestr rəhbəri vəzifələrində
işləyib, işlədiyi dövrdə hər zaman dahi
Üzeyir məktəbindən bəhrələndiyini
nümayiş etdirərək daim yeni-yeni musiqi əsərləri
yaradıb .
Onun Füzuli rayonundakı fəaliyyət
dövründə bəstələdiyi “Gözəl
Füzulim” mahnısı yaddaqalan musiqi əsərlərindən
biri idi. 1985-ci ildə iri xalq çalğı alətləri
orkestri ucun yazdığı “Qarabağ lövhələri“ və
Üzeyir Hacıbəylinin 100 illiyinə həsr etdiyi
“Sülh marşı” Azərbaycan teleradiosunun “qızıl
fondu”na daxil edilib.
Qarabağ müharibəsi zamani bəstəkar
öz doğma yurdunu tərk etmək məcburiyyətində
qalaraq ailəsi ilə Lənkəran şəhərinə
köçür. Burada musiqi liseyində müəllim işləməklə
bərabər, musiqi yaradıcılığını da davam
etdirir. Bir müddət sonra Bakıya köçən
musiqiçi 2002-ci il dekabrın 10-da dünyasını dəyişir.
Məmməd Cavadovun fəaliyyəti
dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdi.
O, Azərbaycan Bəstəkarlar İttifaqına üzv
seçilmiş və Prezident təqaüdçüsü
adına layiq görülmüşdü. Musiqiçinin irsini
bu gün çoxsaylı yetirmələri davam etdirirlər.
Elmin
İdrisli,
Füzuli rayon Aşağı
Yağlıvənd
kənd uşaq
musiqi
məktəbinin direktoru
Mədəniyyət.-
2012.- 20 aprel.- S. 12.