Rənglər
dünyasının sehrində
Xalq rəssamı Davud Kazımov 1926-cı ildə
Bakıda, İçərişəhərdə anadan olub.
Kiçik yaşlarından sənətə maraq göstərib,
“Pionerlər evi”ndə rəsm dərnəyində məşğul
olub. 8-ci sinfi bitirəndən sonra Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbinə qəbul olub.
1945-ci ildə bu təhsil ocağını bitirdikdən sonra
yaxşı oxuduğuna və istedadlı tələbə
olduğuna görə onu məktəbdə müəllim vəzifəsində
saxlayıblar. Sənətdə öyrəndiklərini tələbələrinə
həvəslə ötürən gənc müəllim rəssam
kimi də fəaliyyətini davam etdirib. 1947-ci ildən
respublika və ümumittifaq sərgilərdə iştirak etməyə
başlayıb.
Rəssam o dövrün qabaqcıl
üslubu olan “sərt üslub”da çalışırdı.
Bu üslubda çalışan fırça
ustalarının məqsədi yalançı gözəllikdən,
rahatlıqdan imtina edib həyatın sərt üzünü
göstərmək, zəhmətə, məişətə
baxış yaratmaq idi. Lakin təbii ki, sənət əsərində
gözəlliyə, sərbəstliyə də ehtiyac var idi.
Davud Kazımovun tabloları heç zaman soyuq, rəngsiz, pessimist olmur. Palitraya qəlbinin çalarlarını,
emosiya və duyğularını da qatan rəssam portretlərində insanların
üz quruluşunu, geyimini, mənzərələrində
Azərbaycanın gözəl
guşələrini özünəməxsus
şəkildə təsvir
edir, əks etdirir.
Rəssamın erkən işləri
50-ci illərin ikinci yarısına təsadüf
edir. Stalin dövrünün bitməsi
bütün sahələrdə
olduğu kimi, incəsənətdə, rəssamlıqda
da nisbətən mövzu, üslub azadlığı yaratmışdı.
Fırça ustasının yaratdığı
sadə, lirik peyzajlar səmimiliyi, koloritin incəliyi və yumşaqlığı
ilə fərqlənirdi.
“Zuğulba, “Dəniz
kənarı” bu əsərlərindəndir. Lakin bir müddət
sonra, 60-cı illərdə
insanların düşüncələrində
azadlıq yaradan mülayimlik, zəriflik dövrünü öz mövqeyini uzun illər saxlayan “sərt üslub” əvəz etdi. Bu üslub realist təsvirləri,
insanla təbiətin sanki sərt həqiqətini açıb
göstərir.
Davud müəllimin sonrakı əsərləri əsasən
yaradıcılıq səfərləri
ilə bağlıdır.
Respublikamızı qarış-qarış
gəzən rəssam
yeni mövzular axtarır, eskiz və etüdlərini yaradıb, daha sonra emalatxanada onların üzərində
işləyib mükəmməl
hala gətirirdi. O dövrdə dövlət
sifarişi ilə işləyən rəssamlar
əmək mövzusuna
tez-tez müraciət edirdilər. D.Kazımovun
“Xəzərin dərinliklərində”,
“Sağıcılar”, “Yollar”,
“Mahnı”, “Rəfiqələr”,
“Quyu kənarında” və s. tablolarında insan əməyi, insan əli ilə dəyişdirilmiş
təbiətin özünəməxsusluğu,
gözəlliyi əks
olunur. Bu işlər sərt üslubda işlənilsə də,
lirik təsvir elementləri də qalmaqda idi. Bunu
rəssamın həm
kompozisiyalarında, həm
mənzərələrində görə bilərik.
Rəssam qrafik kimi də
çalışıb, əsasən
kitab illüstrasiyaları
çəkib. Sənətkarın
C.Məmmədquluzadə, C.Cabbarlı
və M.A.Möcüzün
əsərlərinə çəkdiyi
illüstrasiyaları xüsusilə
qeyd etmək olar.
Son illərdə
rəssamın yaradıcılığında
portret, kompozisiya və natürmort və mənzərələr
artıq önəmli
yer tutur. Portretlərində klassik üslubun elementləri bariz görünür. Rəssamın son illər
yaratdığı əsərlərdən
biri də “Qız” portretidir
(2004-cü il). Əsərdə
təsvir olunan kiçikyaşlı qız
rəssamın nəvəsidir.
Davud müəllim səmimilik, məsumluq və təravəti bu portretdə əks etdirib. Bundan əlavə, “Pambıq yığan qadınlar”, “Toy” əsərləri
kompozisiya baxımından
mükəmməl düşünülüb.
Əsərdə pambıq
yığımından sonra
kölgədə oturmuş,
önlərində zənbillər
olan, dincələn bir qrup qadın
təsvir olunub. Qadınların üzlərindəki
xoş təbəssüm,
müsbət əhvali-ruhiyyə
əsərin koloritliyini
daha da artırır.
Rəssamın
indiki əsərləri
lirik ruh, nostalji hisslər oyadır. Hər bir rəssam əsərlərində qəlbinin
bir hissəsini əlavə edir. Sənətkarın indiki əsərlərini seyr etdikdə adama elə gəlir ki, o gəncliyini, o zaman gördüklərini
əks etdirir. Bu yalnız əvvəllər
istifadə etdiyi yaxma manerası, üslubu deyil, həm də gəncliyinin təravəti,
optimizmi, şuxluğu,
ümididir. Rəssamın
müstəqilik dövründə
yaratdığı “Göygöl”,
“Qax”, “Çiçəklənən
düzənlik”, “Batabat
gölü, “Şahdağ”
kimi mənzərələri
diqqətəlayiqdir.
“Göygöl” əsərində təsvir
olunan mənzərədə yaşıllıq, səmanın
suda əksi, ön planda olan xırda çiçəklər,
günəşli hava, suyun üzündə xəfif küləyin
yaratdığı dalğalar əsərə baxanı sanki
bu əsrarəngiz məkana aparır. Ön plandakı sahilin
kiçik hissəsi Göygölün ümumi
görünüşünü tamaşaçıya
çatdırır. Dağlardakı meşələrin, səmanın
suda əksi isə ona firuzəyi rəng verir. Əsasən
isti tonlara üstünlük verilən əsərdə
gün işığının təsiri ilə daha da
xoş təəssürat yaranır.
Rəssam natürmortlarda daha
çox gülləri, meyvələri təsvir etməyə
üstünlük verir. Emalatxanasındakı gül
natürmortların müxtəlifliyini gördükdə adam
valeh olur. Rəssamın natürmortları sanki barelyefləri
xatırladır. Gülləri, meyvələri o dərəcədə
canlı yaradır ki, əsərə, sadəcə, baxmaq yox,
toxunmaq istəyi yaranır. Qabarıq yaxmalarla
yaratdığı bu natürmortlar təkrar olunmazdır.
“Pion gülləri” əsərində mərkəzdə məcməyidə
güllə dolu vaz, sağda saxsı qabda, solda isə adi
şüşə qabda güllər təsvir olunub. Meyvələrdən
nar və əriyin olması Şərq natürmortuna işarədir.
İstifadə olunan ağ, narıncı, yaşıl, yasəmən
rəngləri sanki təbiətdə olduğu kimi, tabloda da
uyğunlaşdırılıb.
Xalq rəssamı Davud Kazımov
hazırda Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq
kafedrasının müəllimidir. Sənətkarın əsərləri
R.Mustafayev adına Milli İncəsənət Muzeyində,
Milli Azərbaycan Tarixi Muzeyində, həmçinin bir
çox xaric ölkələrdə muzey və şəxsi
kolleksiyalarda saxlanılır.
Nigar
Səmədova,
sənətşünas
Mədəniyyət.-
2012.- 20 aprel.- S. 11.