“Dərzilikdə
fantaziya ilə yanaşı, zövq də olmalıdır”
Səhnə
arxasında qalanlar
Rubrikamızın
budəfəki qonağı Akademik Milli Dram Teatrının
tikiş sexinin müdiri Cuma Osman oğlu Məmmədovdur.
Uşaqlıqdan memar olmağı arzulasa da, dərziliyə
marağı onu bu sahəyə gətirib. Əvvəllər
tikiş sənəti ilə fərdi qaydada məşğul
olub. Sonra bir müddət Türkiyədə dərzi peşəsi
üzrə çalışıb, kiçik biznesini
yaradıb. Dediyinə görə, Türkiyədə
çalışarkən peşəkarlığını
daha da artırıb, bacarığını təkmilləşdirib.
Sonra Azərbaycana qayıdıb.
- Teatra gəlişiniz necə oldu?
- Bir gün Bakıda köhnə
iş yoldaşlarımdan biri mənə bildirdi ki, Milli Dram
Teatrında bir tamaşa hazırlanır, onun geyimlərini
hazırlamağa mütəxəssis lazımdır. Təklif
marağıma səbəb oldu, teatra gəldim və işə
qəbul olundum. Beləliklə, 2002-ci ildən bu teatrdayam.
- Uzun müddət
çalışdığınız işi, peşəni
teatrda davam etdirmək necədir?
- İlk dəfə “Fedra”
tamaşasının geyimlərini hazırladım. Əsər
hazırlanan zaman eskizlər mənə çox maraqlı
görünür. Bilmək istəyirəm ki, rejissor nə
görmək istəyir. Əsər hansı dövrə
aiddir. Çalışıram yerli yerində işləyim,
bütün detallara fikir verim. Tamaşaya hansı aktyor cəlb
olunubsa, o dəqiqə onu həmin libasda görməyə
çalışıram. Düzdür, geyim rəssamı
deyiləm, amma çalışıram ki, buna diqqət verim.
Teatra gələndə bu işin maddi tərəfi məni
heç maraqlandırmırdı. Sadəcə, istəyirdim
ki, teatra gələn tamaşaçılara öz
bacarığımızı göstərə bilək. Bu
gün işləmək üçün hər bir şərait
var. Həm material cəhətdən, həm də
avadanlıq.
- Sıravi insan üçün
tikilən geyimlə səhnə geyiminin fərqi nədədir?
- Adi vətəndaş
üçün tikilən paltarla aktyor üçün tikilən
paltarın fərqi çox böyükdür. Səhnə
üçün tikilən təkcə aktyorun, yaxud Azərbaycan
tamaşaçısının zövqünə
hesablanmır, burada həm də dünya
tamaşaçısını nəzərə alırıq.
Geyimlərimizdə ölkəmizin mədəniyyətini,
tarixini göstərməyə çalışırıq.
Biz bu işin öhdəsindən gəlməyə
çalışmalıyıq. Bilmədiklərimizi də
öyrənməliyik. Hər bir tamaşanın uğurunda
azacıq da olsa bizim də payımız var.
- Yeni tamaşanın geyimlərini
neçə müddətə tikib
hazırlayırsınız?
- Hər yeni tamaşanın
kostyumları maksimum bir ay müddətinə hazırlanır.
Amma bu, tamaşadakı obrazların sayından
asılıdır. İşimiz məsuliyyətli işdir.
Filmlərə baxanda hər zaman geyimlərə nəzər salıram.
30 ildən artıq bu sahədə çalışıram.
Azərbaycanda dərziliyi yüksək səviyyədə
inkişaf etdirmək lazımdır. Bunun üçün
imkanlarımız da var, sadəcə, həvəs və
iş görmək gərəkdir. Sənətin seçimində
əsas şərt maraq və fantaziyadır. Maraq və
fantaziya uzlaşanda ortaya yaxşı iş çıxa bilər.
Təsəvvüründə yaratmaq istədiyini görə
bilməsən, nəticə əldə etmək çətin
olar. Məsələn, rəssam eskizi təqdim edəndə,
mən artıq onu aktyorun əynində görməliyəm.
- Dərzilikdə fantaziya ilə
yanaşı, zövq məsələsi də var...
- Hər
bir usta yanına gələn müştərini sona qədər
dinləməyi bacarmalıdır. Bəzən deyirlər ki,
müştəri kaprizli olur. Amma bu fikirlə heç də
razı deyiləm. O, necə istəyirsə, onun istədiyini
etməlisən. Düzdür, usta öz fikrini deməli, məsləhət
verməlidir. Müəyyən cizgiləri
çatdırmalı, seçilən parçanın
müştərinin rənginə düşüb-düşmədiyi,
onu necə göstərə biləcəyini deməlidir.
Bundan sonra qarşılıqlı razılaşma əldə
etmək olar. Teatrda çalışan dərzilər mütləq
bilik və bacarığını artırmaq
üçün təcrübə mübadiləsi keçməlidirlər.
Çalışmalıdırlar ki, tarixi yaxşı bilsinlər,
məlumatlı olsunlar. Dövlət tədbirlərində bəzən
gəlib mənə geyimlər sifariş edirlər. Yəqin
ki, işim bəyənilir. Görkəmli bəstəkar Polad
Bülbüloğlunun “Eşq və ölüm” baletindəki
daş geyimləri mən hazırladım və buna sevindim. Bu
günə kimi 18-dən artıq tamaşaya geyim
hazırlamışam. Hər zaman öz üzərimdə
işləmişəm. İnsan
çalışdığı işdə hər zaman
mükəmməlliyə can atmalıdır.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 20 aprel.- S. 11.