Dənizkənarı
Milli Park
Bakının bir əsrlik tarixi olan ən gözəl
istirahət guşəsi yeni həyatını yaşayır
Bu
gün Bakı sakinlərinin və paytaxtımızın
qonaqlarının asudə vaxtının, kütləvi istirahətinin,
onlara mədəni xidmətin təşkilində Dənizkənarı
Milli Park mühüm rol oynayır. Dənizkənarı Milli
Park respublikanın ən qədim parkı və eyni zamanda
bağ-park sənətinin qiymətli abidəsidir. Park dəfələrlə
keçmiş ümumittifaq və respublika
baxış-müsabiqələrinin qalibi olmuş, müxtəlif
dərəcəli diplomlara və medallara layiq
görülmüşdür.
Dənizkənarı bulvar 1909-cu
ildə Bakı Şəhər Dumasının qəbul etdiyi
qərara əsasən salınmışdır və o vaxtlar
Dumada çalışan məşhur mühəndis Məmməd
Həsən Hacınskinin adı ilə sıx
bağlıdır. O zaman müsabiqə yolu ilə
seçilmiş layihənin işlənilib həyata
keçirilməsində mühəndis K.V.Skureviçin və
memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur.
Onların təklifi əsasında dəniz sahili ilə yeni
salınmış Aleksandr küçəsinin (indiki
Neftçilər prospekti) arasında yaşıllıq
zolağının salınması nəzərdə
tutulmuşdu. İki il müddətində buraya kənardan
münbit torpaq daşınmış, Azərbaycanın
başqa bölgələrindən və hətta Avropadan belə
müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir.
Sovet dövründə bulvar
gözəl istirahət guşəsinə və
yaşıllıq zonasına çevrildi. 1970-ci illərdə
dövlət tərəfindən respublikada və birinci
növbədə Bakı şəhərində
yaşıllaşdırma və abadlaşdırma işlərinin
genişləndirilməsi nəticəsində dənizkənarı
bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar
şərq və qərb istiqamətlərində genişləndirildi.
Ötən əsrin 80-ci illərinin
sonu və 90-cı illərin əvvəllərində ölkədə
baş verən böhran dənizkənarı bulvardan da yan
ötməyib. Burada istirahətə aid olmayan obyektlər
tikilmiş, onların təsiri və Xəzərin səviyyəsinin
qalxması səbəbindən qiymətli ağac növlərinin
bir qismi məhv olmuşdu. Bütün bunları nəzərə
alaraq, ümummilli liderimiz Heydər Əliyev 1998-ci il
dekabrın 29-da Dənizkənarı bulvara Azərbaycanın
milli sərvəti kimi «Təbiəti mühafizə və təbiətdən
istifadə haqqında» Azərbaycan Respublikası Qanununun
76-cı maddəsinə uyğun olaraq Milli Park statusu verilməsi
haqqında fərman imzalamışdır.
Nazirlər Kabinetinin 29 dekabr 2001-ci
il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı
Milli Park ölkə əhəmiyyətli tarix və mədəniyyət
abidələri siyahısına daxil edilmişdir.
10 yanvar 2008-ci ildə isə Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsi yaradılmışdır. Bundan sonra Dənizkənarı
bulvarın Bakının müasir memarlıq tələblərinə
uyğun yenidən qurulması, mühafizəsi, qorunması, bərpası
və inkişafı baxımından xeyli işlər
görülmüşdür.
Dənizkənarı Milli Parkda
aparılan yenidənqurma işlərini Prezident İlham Əliyev
daim diqqət mərkəzində saxlayır. Nazirlər
Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında bununla bağlı deyib: \\\"Bakı bulvarı,
mən şəxsən elə hesab edirəm ki,
dünyanın ən gözəl bulvarıdır. Həm təbii
vəziyyətinə, həm abadlıq işlərinə,
müasirliyinə, insanlar üçün
yaradılmış rahatlığına görə.
Bakının gözəlliyi bənzərsizdir, təkraredilməzdir
\\\".
Dənizkənarı Milli Parkda
aparılan yenidənqurma və abadlaşdırma işləri
nəticəsində ərazidə asfalt örtük tam
götürülüb və yerinə qırma-dekorativ
daşlar döşənib. Aparılan abadlıq və
quruculuq işləri çərçivəsində Milli
Parkda yeni ağac və gül növləri əkilmişdir.
Dünyanın bir çox ölkəsindən (İtaliya,
Türkiyə, Hollandiya, İspaniya, Fransa, Almaniya, Belçika,
Avstraliya Argentina və s.) 100 növdən artıq nadir
ağac, dekorativ kollar, həmişəyaşıl bitkilər
gətirilərək parkda əkilmişdir. Gətirilən
ağacların görünüşləri kimi adları da
müxtəlifdir. Avropa zeytunu, baobab, Kanar palması, maqnoliya,
hantorriya və s. ağac növləri Bakının iqliminə
uyğunlaşdırılaraq əkilir. Parkda ilk dəfə
olaraq Meksikadan alınmış 100-dən artıq kaktus (6
növ) əkilmişdir. Eyni zamanda parkın görməli yerlərində
8 növ qızılgül, 6 növ zanbaq və 6 növ digər
çiçəklər ətrafa xüsusi gözəllik
verir.
Parkdakı məhəccərlər,
işıqlandırma sistemi tamamilə yeniləşdirilmiş,
orijinal formalı oturacaqlar qoyulmuşdur. Parkın müxtəlif
guşələrində yüngül konstruksiyalı
yığılıb-sökülən yeni kafelər, fəvvarələr,
ən müasir standartlara cavab verən attraksionlar
quraşdırılıb. Ərazidə ümumilikdə 32
attraksion («Karnaval», «Pirat», «Avtodrom», «Disko», «Xip-xop», «Günəş»,
«Ailəvi attraksion», «Ailəvi velosiped», «Yanar kürə»,
«Möcüzə körpüsü», «Şən güzgülər»
və s.), kino nümayişi ilə bağlı 2 ədəd
«Sinema 7D» və «Sinema 8D» fəaliyyət göstərir.
Bulvarın özünəməxsus istirahət növü
olan dəniz gəzintisi mövcuddur. Hazırda bulvarda sərnişinlərə
4 gəmi xidmət göstərir, əlavə olaraq İngiltərədə
istehsal olunan üç yeni gəmi də
alınmışdır. Gəzinti əsasən bulvarın 2
yerindən - Yaxt-klub və Dəniz Vağzalının
qarşısından təşkil olunur. Eyni zamanda bulvarda
İtaliya istehsalı olan dörd yeni gəzinti qatarı fəaliyyət
göstərir. Qatarın birinə 40 nəfər yerləşir,
biri saat qülləsi ilə Yaxt-klub arasında, digəri isə
saat qülləsi ilə Hökumət Evi arasında işləyir.
Hazırda parkda respublika və
şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin
daha yüksək səviyyədə keçirilməsini təmin
etmək üçün daha geniş imkanlar var. Bakı sakinlərinin
və qonaqlarının ən çox sevdiyi istirahət
guşələrindən biri olan Dənizkənarı Milli
Park indi yeni inkişaf mərhələsini yaşayır. Qərblə
Şərqin memarlıq elementlərini özündə birləşdirən
parkda təmir-tikinti işləri geniş vüsətlə
davam edir. Burada Beynəlxalq Muğam Mərkəzinin, sahildən
bir qədər aralıda Yaxt-klubun, Bakı Biznes Mərkəzinin
inşası əraziyə xüsusi gözəllik verir.
Yaxt-klub parkın ümumi ansamblına uyğun tikilmiş
yaraşıqlı binalardan biridir. Bu binanın layihəsi
orijinallığı ilə seçilir. Eyni zamanda parkın ərazisində
bir sıra kafe və restoranlar, “Park Bulvar\\\" ticarət və
istirahət mərkəzi, Dövlət Kukla Teatrı, “Veteranlar
klubu”, tennis kortu, Bakı İdman Sarayı mövcuddur.
Parkın ərazisində yerləşən
\\\"Kiçik Venesiya şəhərciyi\\\" adı ilə
tanınan hissədə təmir işləri artıq başa
çatmaqdadır. Uzun müddətdir təmir olunan “Venesiya”
şəhərciyi estetik görünüşünə görə
əvvəlkindən xeyli fərqlənir. Şəhərciyin
ərazisində iki restoran da inşa edilir, burada paytaxt sakinlərinə
və qonaqlara Azərbaycan, Şərq və Avropa mətbəxinin
nümunələrinin təqdim olunması nəzərdə
tutulmuşdur. Parkda Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin dördmərtəbəli
yeni binasının (ümumi sahəsi 18 min kvadratmetrdən
çox olan) tikintisi artıq başa çatmaq üzrədir.
Milli Parkda yerləşən “Saat
qülləsi” hələ ötən əsrin 30-cu illərində
“Paraşüt qülləsi” kimi fəaliyyət göstərmişdir.
Dənizkənarı Milli Parkda aparılan yenidənqurma
işləri zamanı “Saat qülləsi” də bərpa
olunmuşdur. Qüllə indi daha müasir görkəmi ilə
seçilir və bulvara xüsusi gözəllik verir.
Dövlət Bayrağı
Meydanının təntənəli
açılışı 2010-cu il sentyabrın 1-də Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev tərəfindən
keçirilmişdir. Dövlət Bayrağı Meydanı -
Bakı şəhərinin Bayıl sahəsində yerləşən
memorial abidə-istirahət parkıdır. Bu meydan
özlüyündə gözəl bir memarlıq abidəsidir.
Bütövlükdə ərazi 60 hektardır. Burada Azərbaycanın
dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi
təsvir edilibdir. Bu bayraq dünyada ən böyük və ən
uca bayraqdır. Bayrağın hündürlüyü 162
metrdir. Meydan üçün seçilmiş yer dövlət
bayrağının paytaxtın müxtəlif nöqtələrindən
görünməsinə imkan yaradır.
Hazırda Dənizkənarı
Milli Parkın ərazisi Dövlət Bayrağı
Meydanına qədər genişləndirilir. Sahil boyu
uzadılmış sahədə təmizləmə, bərkidilmə
və beton plitələrin döşənməsi,
yaşıllaşdırma işləri aparılır.
Prezident İlham Əliyev 2012-ci il
aprelin 1-də “JW Marriott Absheron” hotelinin
açılışında bulvarda görülən işlərdən
söz açaraq demişdir: “Tarixi bulvarımızın
uzunluğu 3,5 kilometr təşkil edir. Sovet İttifaqında məsafə
baxımından ən böyük bulvar Bakı bulvarı idi.
Ancaq müasir Bakının, müasir Azərbaycanın
inkişafı tələb edirdi ki, biz bulvarın da
uzunluğunu artıraq. Hazırda yeni bulvarın tikintisi, Bayraq
Meydanında dənizkənarı zolaqların tikintisi nəticəsində
Bakı bulvarının uzunluğu 14-15 kilometrə
çatacaqdır”.
“Eurovision” müsabiqəsi ərəfəsində
ölkəmizə gələn xarici qonaqlara lazımi səviyyədə
xidmət göstərilməsi üçün Dənizkənarı
Bulvar İdarəsinin və bulvardakı obyektlərin əməkdaşlarına
ingilis dili üzrə treninqlər keçirilir. Bulvarda
quraşdırılmış böyük monitorda xarici turistlər
üçün zəruri informasiyalar, Azərbaycanın tarixi
və mədəniyyəti ilə bağlı məlumatların
yerləşdirilməsi planlaşdırılır.
Tahirə Əliyeva,
Mədəniyyət
və Turizm
Nazirliyi
Kollegiyasının
məsul
katibi
Mədəniyyət.-
2012.- 20 aprel.- S. 10.