12
ölkəni əhatə edən beynəlxalq tur
Azərbaycandan keçəcək
“Müqəddəs torpağa yol” marşrutunun
uzunluğu 21 min kilometr, müddəti 63 gündür
Ötən həftə Bakıda keçirilən
“AİTF-2012” beynəlxalq turizm və səyahətlər sərgisi
ölkəmizdə fəaliyyət göstərən turizm
şirkətləri üçün yeni layihələrin təqdimatı,
əməkdaşlıq müqavilələrinin
başlanması baxımından əlamətdar fürsət
oldu.
“Millennium Tourism&Congress DMC”
şirkəti də sərgi çərçivəsində
xarici tərəfdaşları ilə işgüzar əlaqələrini
genişləndirməklə yanaşı, yeni beynəlxalq
turizm marşrutu ilə bağlı təşəbbüsə
də qoşulub. Bu barədə məlumat verən şirkətin
baş direktoru Ruslan Quliyev öncə AİTF sərgisinin əhəmiyyətini
vurğuladı: “Sərginin əhatə coğrafiyası ildən-ilə
genişlənir. Bu il ənənəvi iştirakçılarla
bərabər, Sloveniya, Xorvatiya, Vyetnam kimi yeni ölkələr
də təmsil olunurdu. Sərginin daha bir özəlliyi xaricdən
gələn ziyarətçilərin sayının çox
olması idi. Ümumiyyətlə, turizm sektorunun
inkişafında belə sərgilərin böyük əhəmiyyəti
var. Biz bu məsələdə artıq kəmiyyət
göstəricilərindən keyfiyyət göstəricilərinə
keçmişik. Belə ki, sərginin davam etdiyi üç
gün ərzində müxtəlif təşkilat və
şirkətlər arasında 30-a yaxın sənəd
imzalandı”.
R.Quliyev Bakıya gələn
şirkətlər arasında “Millennium Tourism”in müxtəlif
sərgilərdə əməkdaşlıq müqaviləsi
imzaladığı tərəfdaşlarının
olduğunu da dedi: “Türkiyədə keçirilən
EMİTT sərgisində imzaladığımız müqaviləyə
uyğun olaraq, «Word Travel Chanel» televiziya kanalının
nümayəndələri Bakıya gəlmişdi. Kanal
dünyanın 100-ə yaxın ölkəsində
yayımlanır. Qonaqlar mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevlə görüşdülər. Kanalda Azərbaycan
turizminin təbliği, ölkəmizdə fəaliyyət
göstərən hotellərdə kanalın
yayınlanması barədə söhbətlər oldu. Bundan
başqa, bizim dəvətimizlə Gürcüstandan,
Şimali Kiprdən, Tunisdən, Sloveniyadan qonaqlar da gəlmişdi”.
R.Quliyev sərgidə Malayziya
şirkəti ilə bağlanan müqavilədən də
söz açdı: “Müqaviləyə əsasən,
“Müqəddəs torpağa yol” («Kembara Bumicuci») adlı beynəlxalq
turizm marşrutuna qoşulacağıq. Mayın sonunda
başlanacaq tur dünyanın müxtəlif ölkələrindəki
müqəddəs yerləri əhatə edəcək.
Avto-moto tur şəklində reallaşdırılacaq tur
Malayziyanın Kuala-Lumpur şəhərindən start
götürəcək. Marşrutun uzunluğu 21 min kilometr,
müddəti 63 gündür. O, Malayziya, Laos, Tailand, Çin,
Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə,
Suriya, İordaniya və Səudiyyə Ərəbistanını
əhatə edəcək. “Ginnesin rekordlar kitabı”na
düşə biləcək turun 4 günü (29 may - 2 iyun)
Azərbaycanın tarixi-dini məkanlarına ziyarət təşkil
olunacaq. Bu turda iştirak etməkdə məqsədimiz Azərbaycanın
dünya turizm bazarına inteqrasiyasına töhfə verməkdir.
Dünyanın aparıcı səyahət telekanalları bu tədbiri
çəkib yayınlayacaqlar”.
«Millennium Tourism&Congress DMC»nin
indiyə qədər 30-a qədər belə tədbir həyata
keçirdiyini deyən həmsöhbətimiz qeyd etdi ki, bu
layihələrin başlıca məqsədi Azərbaycanı
dünyada tanıtmaqdır.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 20 aprel.- S. 9.