“Əfsanələr
paytaxtı” Gədəbəy
Ölkəmizdə qədim insan yaşayış məskənlərindən
olan Gədəbəy təbii gözəllikləri, tarixi-mədəni
irs nümunələri ilə zəngindir. Keçmişimizin
bir çox qatlarına şahidlik edən bu torpağın
tarixi ilə bağlı çoxsaylı əfsanə və rəvayətlər
var. Onları öyrənib üzə çıxarmaq həm
də mədəni irsimizin bir sıra maraqlı səhifələrinə
işıq salmaq deməkdir. Təsadüfi deyil ki, Mədəniyyət
və Turizm Nazirliyinin “Xalq yaradıcılığı
paytaxtları proqramı”na əsasən, Gədəbəy
şəhəri 2012-ci ilin “Əfsanələr paytaxtı”
elan edilib.
Tarixdən
səhifələr
Gədəbəy
sözünün mənası barədə müxtəlif
versiyalar irəli sürülsə də, bu adın “qada” (qədim
türkcədə əziz, hörmətli) və “bəy”
sözlərindən yaranması üzərində daha
çox dayanılır. Bəzi mənbələrdə isə
sözün albanca hündürlük, ucalıq mənasını
verən “keta”, dağ anlamında işlənən “bay”
sözlərinin birləşməsindən
yarandığı deyilir.
Ərazidəki qədim abidələr
eramızdan əvvəl XII-VII əsrləri əhatə edən
Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi
kimi tariximizə daxil olub. Bu sırada tunc dövrünün
sonuna aid siklopik tikililəri, Böyükqala, Qalakənd
qalası (XVI əsr) və Qız qalasını (IX əsr)
qeyd etmək olar. Rayon ərazisində «Gədəbəy dəfinələri»
adı ilə məşhurlasan, içərisində müxtəlif
qiymətli əşyalar, boyunbağılar və bəzək
nümunələri, gümüş sikkələr olan qədim
küplər tapılıb. Bu sikkələr Səfəvi
şahı Təhmasibin hakimiyyətdə olduğu dövrdə
(1524-1576) zərb edilib. Qala kəndi ərazisində, yüksək
yerdə tikilmiş qala möhtəşəmliyi ilə diqqət
çəkir. Tikilinin xalq qəhrəmanı Koroğlunun
istinadgahlarından biri olduğu bildirilir.
Bu
qala, bizim qala...
Gədəbəy rayonu tarixi və
arxeoloji abidələrlə zəngindir. Bölgəyə
şöhrət gətirən təkcə təbiəti və
gözəlliyi deyil, həm də bir çox qala, qalaça
və körpülər, mağaralar, kilsə və məbədləridir.
Bunların hər birinin öz tarixi, öz taleyi var. Təəssüf
ki, onlardan bir hissəsinin adları vaxtilə dövlət tərəfindən
mühafizə olunan abidələr siyahısına
salınmayıb. İndi Gədəbəy Rayon Mədəniyyət
və Turizm Şöbəsi bunları dəqiqləşdirərək
müvafiq təşkilatlar qarşısında məsələ
qaldırıb. Rayonda 1 dünya, 81 ədəd ölkə və
24 ədəd yerli əhəmiyyətli abidə qeydə
alınıb. Dağlar diyarının hər guşəsində
qala və qalaçalar, müdafiə istehkamları, məbəd
və türbələr diqqəti cəlb edir. Koroğlu
qalası, Cənnətqala, Qız qalası, Zəngi qala... Hərəsi
bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz
yadigarı olmaqla özündə əfsanələr
yaşadır...
Söyüdlü kəndindəki
dünya əhəmiyyətli Böyük Qalaça nəhəng
daşlardan hörülmüş uca bir qala-dağdır.
Buradakı Qız qalası isə əsl möcüzədir.
O da yüksək qayalığın başında, son dərəcə
mənzərəli, füsunkar bir sahədə yerləşir.
Yaxınlıqda çay axır, şəlalə
çağlayır. Qız qalası beş dairəvi
sütundan ibarətdir. Hamısı da kərpiclə
hörülüb. Cəm halında bu kompleks qədim şəhəri
xatırladır. Gədəbəyin ən baxımlı yerlərindən
biri də Qalakənddir. Rayon mərkəzindən xeyli
aralı, Şəmkir çayının sahilində, uca
dağların, sıx meşələrin qoynunda yerləşir.
Turistlər üçün cəlbedici məkan
Dağlar diyarının turizm
üçün çox münbit şəraiti var. Ona
görə də bu yerlər həmişə qonaq-qaralı
olur. Xüsusən yay aylarında bura gəlib-gedən
çox olur. Rayonun Mədəniyyət evinin direktoru Etibar Əliyev
deyir ki, bölgədə həm yay, həm qış
turizminin inkişafı üçün münbit şərait
var: “Bu məsələdə vaxtilə bu yerlərdə
yaşamış almanların təcrübəsi diqqəti cəlb
edir. XIX əsrin ortalarında Simens qardaşları bu yerlərə
gəlib çıxmışdılar. Filiz yataqları kəşf
edilmiş, dağların qoynunda zavodlar tikilmiş, elektrik
stansiyası inşa edilmiş, dəmir yolu xətti çəkilmiş,
körpülər salınmışdı. Bütün
bunlarla yanaşı, uzaq elli sahibkarlar bu səfalı guşədə
qış turizminin inkişafı üçün də xeyli
iş görmüşdülər. Burada xizək, konki
yarışları, hokkey oyunları keçirilib”.
“Əfsanələr paytaxtı” ili
çərçivəsində keçiriləcək tədbirlərdə
bu mövzuya da yer veriləcək: “Əslində bu özü
bir geniş mövzudur. Nəzərə alsaq ki, hələ
XIX əsrin sonlarında Gədəbəydə yay və
qış turizm növlərinin mövcudluğu faktlarla təsdiq
edilmişdir, onda turizmin Gədəbəy üçün nə
demək olduğu daha qabarıq aydın olar”.
Yeri gəlmişkən, bu il
rayondakı turizm marşrutları üzrə gəzintilərin
təşkili, “Turizm” muzeyinin geniş tərtibatda sərgisinin
təşkil edilməsi, turizmlə bağlı elmi-praktik
konfransın keçirilməsi planlaşdırılır.
Zəngin
tədbirlər proqramı
Gədəbəydə
“Əfsanələr paytaxtı” tədbirlərinə start
verilib. Aprelin əvvəlində rayon mərkəzində
keçirilən təqdimat mərasimində «Arxeoloji əfsanələr»,
«Memarlıq əfsanələri», «Turizm əfsanələri»,
«Siemens əfsanələri», «Saz - söz əfsanələri»,
«Əfsanə həmyerlilər» və «Qəhrəmanlıq əfsanələri»
bölmələrində rayonun tarix və mədəniyyətini
əks etdirən 500-dək fotoşəkil, müxtəlif illərdə
mətbuat səhifələrində dərc olunmuş
yazılar, kitablar nümayiş etdirilib.
Mədəniyyət və turizm
şöbəsinin müdiri Fazilə Məmmədova Gədəbəyin
“Əfsanələr paytaxtı” statusunu qazanmasını rayon
üçün əlamətdar hadisə hesab edir. Bununla
bağlı hazırlanan təbirlər planı ilboyu davam edəcək.
Gədəbəy aşıqları ilə tanınan bölgədir.
İl ərzində “Dastan günü”, “Ədəbi-bədii
məqamlar”, “Gədəbəy mətbuatda” adlı elmi-praktik
konfrans və tədbirlər keçiriləcək, saz və
instrumental musiqi nümunələrindən ibarət konsert
hazırlanacaq. Plana əsasən “Gədəbəylə
bağlı əfsanələr şagirdlərin bilgilərində”
devizi ilə musiqi məktəbi şagirdləri arasında
müsabiqə təşkil edilməsi də nəzərdə
tutulur.
Şifahi xalq
yaradıcılığı ilə bağlı tədbirlərə
də geniş yer veriləcək. Aşıq İslamın rəhbərliyi
ilə dastan gününün keçirilməsi, “Şəlalə”
ədəbi məclisinin təşkil edilməsi, Gədəbəy
rayonunun Azərbaycan aşıq sənətində önəmli
rolundan bəhs edən elmi-praktik konfransın təşkili nəzərdə
tutulan tədbirlər sırasındadır. Bu il “Əfsanələr
paytaxtı”nda bir sıra maraqlı incəsənət tədbirləri
də baş tutacaq. “Dağın yazı -
aşığın sazı” ədəbi-bədii
kompozisiyasının təqdimatı, “Xalq
aşığı”, “Sudaruşka” ansambllarının konsertləri
olacaq. Gədəbəyin mədəniyyəti, tarixi və
turizmi ilə bağlı telefilmin çəkilməsi də
planlaşdırılır.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 20 aprel.- S. 6.