Dövlət Film Fondunda Yusif Vəliyevin xatirə gecəsi

 

   Aprelin 18-də Dövlət Film Fondunda görkəmli aktyor, teatr və kinoda unudulmaz obrazlar yaratmış Xalq artisti Yusif Vəliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar xatirə gecəsi keçirildi.

  

   Tədbirdə çıxış edən Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev aktyorun xatirəsini yad etməyə gələn teatr və kino xadimlərinə, gecənin təşkilində köməyini əsirgəməyən Dövlət Arxivinin rəhbərliyinə, qocaman foto ustası Pərviz Quliyevə minnətdarlığını bildirdi. Xatirə gecəsində aktyorun uzun illər çalışdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi, tanınmış kino xadimləri iştirak edirdilər. Tədbirdə aktyorun həyat yoldaşı, Əməkdar artist Zemfira Sadıxova da iştirak edirdi.

   Yusif Vəliyevin yaradıcılığından söz açan Cəmil Quliyev sənətkarın rol aldığı filmlərin bu gün də tamaşaçılar tərəfindən sevilərək baxıldığını dedi, aktyorun özünəməxsus ifa tərzindən danışdı: “Bəzən kadrda susan aktyorun gözləri, sifət cizgiləri daha çox fikir ifadə edə bilir. Yusif Vəliyev məhz belə nadir aktyorlarımızdan idi”.

   Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə aktyorun kino və teatr tariximizdə dərin iz qoymuş sənətkarlardan biri olduğunu vurğuladı: “O, yaratdığı obrazları, sadəcə, bir aktyor kimi oynayıb getmədi, bu obrazlarla kinomuzu zənginləşdirdi”.

   Tədbirdə sənətkarın çəkildiyi filmlərdən kadrlar nümayiş etdirildi. Xalq artisti Tariyel Qasımov aktyor haqqında öz xatirələrini bölüşdü, Gənc Tamaşaçılar Teatrında birlikdə çalışdıqları günlərdən xatırladığı hadisələri danışdı. Xalq artisti Ağaxan Salmanlı, Almaz Məlikova, Dövlət Arxivinin müdiri Maarif Teymurov da öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbir iştirakçıları Yusif Vəliyevin yaradıcılıq yolunu əks etdirən fotosərgi ilə də tanış oldular.

   

 

   Lalə Azəri

 

  Məədəniyyət.- 2012.- 25 aprel.- S. 5.