Tbilisidə bərpaçıların beynəlxalq konfransı keçirilib

 

   Gürcüstan Dövlət Teatr, Musiqi, Kino və Xoreoqrafiya Muzeyinin təşkilatçılığı, bu ölkənin Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və David Ağmaşenebeli adına Gürcüstan Universitetinin dəstəyi ilə Tbilisidə bərpaçıların ilk beynəlxalq konfransı keçirilib.

  

   Konfransda Gürcüstan, Azərbaycan, Türkiyə, İran və Ermənistandan nümayəndələr iştirak ediblər. Tədbir yeni bərpa texnologiyalarının tətbiqi, bu sahənin inkişafında qazanılmış ən yeni nəticələrin geniş yayılması, bərpaçıların təcrübə mübadiləsi məqsədilə təşkil olunub.

   Rəngkarlıq, memarlıq, qrafika, metal və s. üzrə mütəxəssislərin iştirak etdiyi konfransda maraqlı bərpa layihələrinin təqdimatı da keçirilib. Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli konfrans iştirakçılarına ölkəmizdə milli-mədəni abidələrin qorunub saxlanılması istiqamətində aparılan böyük işlər barədə ətraflı məlumat verib: “İştirakçılara Azərbaycanın işğal altında olan ərazilərində abidələrin erməni qəsbkarları tərəfindən dağıdılıb məhv edilməsi, buradakı alban abidələrinin erməniləşdirilməsi məsələsi və s. barədə də ətraflı məlumat verdik. Qeyd etdik ki, mədəni abidələr harada yerləşməsindən asılı olmayaraq beynəlxalq konvensiyalar əsasında, həmçinin beynəlxalq müqavilələr, tövsiyələr baxımından qorunmalı, dağıdılmamalıdır. İştirakçıların əksəriyyəti bu məsələdə yekdil fikir nümayiş etdirdilər”.

   T.Kərimli qeyd edib ki, konfransda abidələrin bərpası, qorunub saxlanması sahəsində təcrübə mübadiləsi də aparılıb: “Bakıda, Şəki şəhərində mədəni abidələrdə aparılan bərpa işləri böyük marağa səbəb oldu, Mədəniyyət və Turizm Nazirliyinin 2012-2020-ci illər üçün abidələrin qorunması istiqamətində hazırladığı Dövlət Proqramı konfrans iştirakçılarının diqqətini daha çox cəlb etdi”.

   Konfrans iştirakçılarının çıxışlarının tezisləri kitabça halında çap olunacaq.

 

 

   Mədəniyyət.- 2012.-20 aprel.- S. 5.