“Tarixi şəhərlərimizdə kərpic
memarlığı”
Ağsuda “Beynəlxalq abidələr və tarixi yerlər
günü”nə həsr olunmuş konfrans
Aprelin 17-də Mədəniyyət və Turizm
Nazirliyinin, Ağsu Rayon İcra Hakimiyyətinin və “Miras” Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyinin birgə təşkilatçılığı ilə
Ağsuda “Tarixi şəhərlərimizdə kərpic
memarlığı” mövzusunda konfrans keçirilib. Tədbir
18 aprel - “Beynəlxalq abidələr və tarixi yerlər
günü”nə həsr olunub.
Konfrans iştirakçıları
əvvəlcə 2010-cu ilin mart ayından orta əsr Ağsu
şəhərində aparılan arxeoloji
qazıntıların nəticələri, burada görülən
konservasiya işləri və “Orta əsr Ağsu şəhəri”
sərgisi ilə tanış olublar. Sonra Yeni Azərbaycan
Partiyası Ağsu rayon təşkilatının iclas
zalında konfrans öz işinə başlayıb.
Konfransı açan Ağsu
arxeoloji ekspedisiyasının rəhbəri, ”Miras” İctimai
Birliyi İdarə Heyətinin üzvü, professor Qafar Cəbiyev
tariximizin, orta əsr memarlığımızın öyrənilməsində
belə tədbirlərin əhəmiyyətindən
danışıb. Qeyd olunub ki, Şirvan memarlıq məktəbində
kərpic memarlığı geniş yayılıb. Bu faktlar ərazidəki
arxeoloji qazıntılar zamanı aşkarlanıb. Alim yerli
sakinlərin “Xaraba şəhər” adlandırdıqları
XVIII əsr Ağsu şəhərində aparılan arxeoloji
tədqiqatlar, tapılan maddi-mədəniyyət nümunələri,
onların mühafizəsi və s. barədə ətraflı
məlumat verib. Bildirilib ki, şəhərin “Sənətkarlar
və boyaqçılar” məhəlləsində, hamam
kompleksində və şəhər qarnizonunun
saxlanıldığı ərazidə tədqiqatlar başa
çatdırılıb. Arxeoloji qazıntılar şəhər
memarlığında çiy və bişmiş kərpicdən
geniş istifadə edildiyini üzə çıxarıb.
Şəhər ərazisindəki ən böyük ağac
sütunlu məscidlərdən biri də məhz çiy kərpicdən
tikilib.
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəni irs şöbəsinin Abidələrin
mühafizəsi sektorunun müdiri Arif Əliyev kərpic
memarlığının əhəmiyyətindən
danışaraq qeyd edib ki, Çin səddi qədər əhəmiyyətli
abidəmiz olan Gilgilçay səddi də məhz çiy kərpicdən
tikilib.
Konfransda Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Vəli Əliyevin “Azərbaycanda
erkən şəhər mədəniyyəti”, AMEA-nın
müxbir üzvi Cəfər Qiyasinin “Azərbaycanın Səlcuqlu
çağı memarlığında kərpic bəzəyi”,
Türkiyədən gəlmiş professor, kərpic
memarlığı üzrə mütəxəssis, arxeoloq,
“Arxeologiya və sənət” jurnalının baş redaktoru
Nezih Başgelenin “Anadoluda kərpic memarlığı”, tarix
üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Son orta əsr
şəhərlərində kərpic memarlığı” və
s. mövzularda məruzələri dinlənilib.
Tədbirdə tarixən Azərbaycanda
yaşayan toplumların kərpic memarlığı,
dünyanın başqa yerlərindəki kərpic memarlığı
nümunələri ilə Azərbaycan örnəklərinin
müqayisəli təhlili, hazırda kərpic
memarlığının inkişafı istiqamətlərində
ictimai və iqtisadi fəaliyyət, kərpic
memarlığı abidələrinin konservasiya və bərpası
məsələləri geniş təhlil olunub.
Konfransda Mədəniyyət və
Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri
Rüfət Nuriyev də iştirak edib.
Mədəniyyət.-
2012.- 20 aprel.- S. 4.