İtaliyada Azərbaycan Mədəniyyəti
Günləri davam edir
Xəbər verdiyimiz kimi, aprelin
16-da Heydər Əliyev Fondunun və Azərbaycanın
Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
İtaliyada Azərbaycan Mədəniyyəti Günləri
başlayıb. Mədəniyyəti günlərinə aprelin
16-da Turin şəhərinin möhtəşəm “Kariniano”
teatrında keçirilən konsertlə start verilib.
Tədbirin
açılışında İtaliyanın Piemonte regionunun
mədəniyyət məsələləri üzrə
müşaviri Mikele Kapola və Azərbaycanın mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev
çıxış edərək, İtaliya ilə Azərbaycanın
bütün sahələrdə gözəl əlaqələrə
malik olduqlarını vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan
mədəniyyəti günləri bu əlaqələrə
yeni töhfə verəcək.
Mərasimdə Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblı, Əməkdar artist Elnarə Kərimovanın başçılıq etdiyi “Buta” kamera xoru və digər sənətçilərimiz maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertin çox gözəl keçdiyini qeyd edən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi sənətçilərimizin ifasından məmnunluğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətə və sosial həyata göstərdikləri dəstəyin İtaliyada yüksək qiymətləndirildiyini vurğulayıb. İtaliyanın Piemonte regionunun mədəniyyət məsələləri üzrə müşaviri Mikele Kapola Azərbaycan Mədəniyyəti Günlərində iştirakından məmnunluq ifadə edib. M.Kapola vurğulayıb ki, Azərbaycan zəngin mədəniyyətə malik olan ölkədir.
Növbəti konsert proqramı aprelin 17-də Venesiyanın
Malibran Teatrında keçirilib. Aprelin 19-da isə incəsənət
ustalarımız Milan şəhərində,
Cüzeppe Verdi Konservatoriyasının
konsert zalında çıxış ediblər.
Dövlət Rəqs Ansamblı, “Buta” kamera xoru, “Natiq”
ritm qrupu, klassik musiqi və muğam ifaçılarının çıxışları
alqışlarla qarşılanıb.
Mədəniyyət günləri çərçivəsində
son konsert aprelin 21-də
paytaxt Romanın ən iri konsert
kompleksi olan “Auditorium”
musiqi parkının Sinopoli zalında keçiriləcək.
Ölkəmizin zəngin tarix
və mədəniyyətinin
italyan ictimaiyyətinə
geniş şəkildə
təqdim edilməsi məqsədilə mədəniyyət
günləri çərçivəsində
Roma şəhərində, həmçinin digər təqdimat və tədbirlər nəzərdə
tutulub.
Mədəniyyət.- 2012.-
20 aprel.- S. 2.