Qəlblərdə yaşayan sənətkar

 

   Azərbaycan teatr və kino sənətində xarakterik rolları ilə tamaşaçı rəğbətini qazanan, yüksək insani keyfiyyətləri ilə ömrünün sonuna qədər sənətin fövqündə duran sevimli aktyorlarımızdan biri də Məmməd Bürcəliyev olmuşdur. “Sənətkarlar adları çəkildikcə, xatırlandıqca yaşayır” deyirlər. 80 illik ömrünün 65 ilini sevib seçdiyi məsləyinə həsr edən Məmməd Bürcəliyevin xatirəsi də illər ötdükdən sonra belə, tərəf-müqabilləri, tanışları, sadiq tamaşaçıları tərəfindən hörmətlə anılır.

  

   Məmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü il aprelin 25-də Şəkidə dünyaya göz açmışdır. Orada beşillik orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Bakıya gəlir. Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olur. Həmin məktəbdə fəaliyyət göstərən dram dərnəyində görkəmli şairlər Mikayıl Müşfiq və Süleyman Rüstəmdən dərs alır.

   Dərnəkdə ahəngdar səs tembri ilə şeirlər söyləməsi müəllimlərinin diqqətini çəkir. Bir gün yazıçı-dramaturq Sabit Rəhman ondan məktəbi bitirdikdən sonra hansı işlə məşğul olacağını soruşur. O, ailəsini dolandırmaq məqsədilə zavodda çalışacağını deyir. Görkəmli ədib “Sənsiz də zavodda işləməyə fəhlə tapılar. Sənin yerin səhnədir” deyərək onun məslək seçimini düzgün istiqamətləndirir. Onu sevdiyi sənət dünyasına qovuşduracaq bu təklif Məmmədin ürəyindən olsa da, səhnə həyatının çətinlikləri gənc istedadı narahat edir: Görəsən, bu mədəniyyət məbədinin sayılıb-seçilən sakinlərinin diqqətini çəkə biləcəyəmmi? Hər gün dolub-boşalan möhtəşəm teatr salonunun sevilən siması olmağı bacaracağammı?

   Məmməd Bürcəliyevin sənət həyatı, qazandığı tamaşaçı rəğbəti bu suallara ən dolğun cavab oldu. Çox keçmir ki, teatrda da, kinoda da bacarıqlı oyunu ilə onu izləyən tamaşaçılarının sevimlisinə çevrilir.

   Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayır. Üç il çalışdığı bu teatrın səhnəsində müxtəlif səpkili obrazlar yaradır. Tale elə gətirir ki, Məmməd Bürcəliyev 1935-ci ildən ömrünün sonunadək, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında əvvəlcə aktyor, sonra isə direktor kimi çalışır. Teatrın repertuarının zənginləşməsində, gənc dramaturqların əsərlərinin səhnə həyatı qazanmasında onun böyük xidmətləri olub.

   Daim yaradıcılıq axtarışında olan Məmməd Bürcəliyev 1968-ci ildə N.K.Krupskaya adına Moskva Dövlət İncəsənət Universitetinin teatr aktyoru və rejissoru fakültəsini bitirir. Doğma teatra qayıtdıqdan sonra quruluşçu rejissor kimi klassiklərin və müasir dramaturqların əsərləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayır. Rejissorun məhsuldar və səmərəli əməyi nəticəsində oynanılan müxtəlif səpkili tamaşalar Gəncə Dram Teatrının repertuarını zənginləşdirməklə yanaşı, aktyorların yaradıcılıq potensialını üzə çıxarır, teatra tamaşaçı axınını təmin edirdi. Teatra yeni gələn, bəzən məişət problemləri üzündən səhnəni tərk etməyə məcbur olan gənc aktyorların qayğıları ilə daim maraqlanar, problemlərini həll etməyə çalışır, onları səhnədən uzaqlaşmağa qoymurdu. Bu mənada Gəncə Dram Teatrında çalışan orta nəsil aktyorlarının çoxu həyat və sənət uğurlarında Məmməd müəllimin də rolunu böyük sevgi hissi ilə vurğulayırlar.

  

   * * *

 

   Dramatik və komik rolların mahir ifaçısı olan sənətkar teatrda xarakterik obrazların öhdəsindən bacarıqla gəlməklə yaratdığı personajları insanların müasirinə çevirir, onları öz fərdi yaradıcılıq süzgəcindən keçirərək pisi pis, yaxşını yaxşı kimi cəmiyyətə tanıdır, dramaturq ideyalarını fərdi yaradıcılığında təsdiqləyirdi. Bu da ədəbi əsərləri və teatr məkanını oxuculara və tamaşaçılara daha da yaxınlaşdırırdı.

   16 yaşından səhnəyə qədəm qoyan Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq müxtəlif səpkili obrazlar yaradıb. İstedadlı aktyor eyni rolunu dəfələrlə, bənzərsiz çalarlara tamaşaçılara elə sevdirərdi ki, oynadığı tamaşalar həmişə anşlaqla keçərdi. Komik obrazları (“Qız atası”nda ata; dramaturq Əfqan) yüngül, bayağı, mənasız gülüşdən qoruyan aktyorun əsərə olan dəqiq münasibəti səhnə personajlarını asanlıqla tamaşaçının müasirinə, seyrçinin diqqət kəsildiyi səhnə həyatını isə ibrətamiz həyat məktəbinə çevirirdi. Dramatik rollarının emosional təqdimi (“Cavad xan” tamaşasında ata; müəllif Nüşabə Məmmədova) faciə ruhlu əsərin yükünü ağırlaşdırır, hadisələrin reallığına zəmin yaradırdı. Əsərlə tanış olmayan tamaşaçı belə uzaq tarixi hadisələrin iştirakçılarının dramatik həyatını ürəyinə, beyninə həkk edir, sənətin gücünün, qüdrətinin fərqinə varırdı. Bir sözlə, Məmməd Bürcəliyev üçün səhnə əsl həyat məktəbi idi. O, tamaşalarda oynadıqca kəşf etdiyi həyat tablosunu yüzlərlə seyrçisinə rəngarəng çalarlarla, cilalanmış formada təqdim edirdi.

 

   * * *

 

   Məmməd Bürcəliyev “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-a yaxın filmdə maraqlı obrazlar yaradıb. Çox təəssüflər olsun ki, teatrda onlarla xarakterik rollar yaradan aktyora kinoda epizod rollar verilib. Onun kinoda debüt işi olan “Mən ki, gözəl deyildim” (rejissorlar T.Tağızadə, A.Quliyev; 1968) filmindəki əsgər obrazı 3 dəqiqəlik kadrda aktyorun iddialı, eyni zamanda səmimi yaradıcılığını əks etdirir. Kiçik bir epizodda dünyanı dəhşətə gətirən faşistlərə qalib gələcəyimizi inamla söyləyən, cəbhəyə nikbin əhvali-ruhiyyə ilə gedən əsgər filmin baş qəhrəmanı Səidə ilə bərabər tamaşaçıda da qürur hissi yaşadır, onu qələbəyə inandırır.

   Aktyorun “Dəli Kür” (H.Seyidzadə; 1969) filmində yaratdığı Allahyar obrazı mənfi xarakterli tipaj kimi təqdim olunsa da, əlindən alınmış xanımını geri qaytarmağa, ləkələnmiş namusunu təmizləməyə çalışan insan olduğuna görə qınaq obyektinə də çevrilmir. Allahyarın mənfi cəhətlərini aktyor fərdi yaradıcılıq improvizələri ilə dəqiq çatdırıb. Obrazın mənfi xarakterini xırdalıqlarına qədər cilalayan aktyor Allahyarın təkcə xanımını sevdiyindən yox, əslində kəndə cəhalət yayan molla Sadıxın və digərlərinin qisasını Cahandar ağadan almaq məqsədilə evinə qaytarmaq istədiyini görürük.

   Bundan başqa, Məmməd Bürcəliyev “Firəngiz” (Ə.Mahmudov, Ə.Əbluc; 1975) filmində sürücü, “Gözlə məni”də (K.Rüstəmbəyov; 1980) bəy, “Köhnə bərə”də (E.Qasımov; 1984) İbrahim, “Qəm pəncərəsi” (Anar; 1986) filmində Rəşid bəy, “O dünyadan salam” (T.Tağızadə; 1992) filmində Hacı Baxşəli obrazlarını yaradıb.

   Onu da qeyd edək ki, Məmməd müəllimin peşəkar aktyor texnikasına malik olan məslək sirri, yaradıcılıq imkanları kinoda tam açılmayıb. Ona həvalə olunan rolların aktyorun yaradıcılıq potensialına dar gəldiyini görürük. Aktyorun ”Gözlə məni” filmində yaratdığı bəy obrazı 1920-ci ildə malını, mülkünü bolşeviklərin əlindən qurtarmağa çalışan, dədə-baba ocağında yadellilərin ağalıq etməsinə narazılığını bildirən personajdır. Bu filmdə obrazın rəiyyətin halına yanmayan, yalnız öz mühitinin təəssübünü çəkən mövqeyini aydın görürük.

   “Qəm pəncərəsi” filmindəki Rəşid bəy obrazı Məmməd Bürcəliyevin şəxsi keyfiyyətlərini özündə cəmləyən bir personajdır. XX əsrin əvvəllərində kəndbəkənd gəzib azərbaycanlı uşaqlarının təhsil alması üçün mövhumatçı valideynlərindən xahiş edən Rəşid bəy köləliyin qara örtüyünü cəmiyyətin üzərindən götürməyə, dövrünü, zamanını təhsil almış uşaqların ziyası ilə işıqlandırmağa çalışan mütərəqqi fikirli bir ziyalıdır. Bu obraz təhsilin, mədəniyyətin carçısı, mənəvi təmizliyin təcəssümüdür.

   Məmməd Bürcəliyevin kinoda yaratdığı sonuncuöz səsi ilə səsləndirdiyi yeganə obraz ”O dünyadan salam” filmindəki Hacı Baxşəli roludur. Bu, cahilliyinə rəğmən mühitində aqressivliyi ilə digərlərindən heçpis yaşamayan, həmişə də özünü haqlı sayan bir personajdır. Obrazın şəxsi keyfiyyətlərini fərdi yaradıcılıq üslubuna aid olan fərqli ştrixlərlə səciyyələndirən aktyor Hacı Baxşəlini cəhalətin simvolu səviyyəsində yaddaşlara yazıb.

  

   * * *

 

   Məmməd Bürcəliyev talenin qismətinə yazdığı ömür-gün yoldaşı, həmkarı, Azərbaycanın Xalq artisti Sədayə Mustafayeva ilə mənalı ömür yaşadı. O, 1955-ci ildə respublikanın Əməkdar artisti, 1958-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü. 1994-cü il noyabrın 25-də 80 yaşında Gəncədə vəfat etdi. Həyatın əksi olan sənət isə əbədiyaşardır. Sənəti qiymətləndirib, yaradıcılığı ilə daim onu uca tutan, yaddaşlarda iz qoyan aktyorlar da hörmətlə xatırlanmağa layiqdirlər.

  

 

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

   Mədəniyyət.- 2012.- 25 aprel.- S.11.