Ağ
rəngin işığında: Arif Əziz
Azərbaycanın
böyük ənənələri olan rəssamlıq sənəti
və dünya rəssamları ilə bir sırada dayanan
görkəmli fırça ustaları var. Milli rəssamlıq
sənətimizi dünyada tanıdan sənətkarlardan biri də
Əməkdar incəsənət xadimi, Mədəniyyət və
İncəsənət Universitetinin kafedra müdiri, professor
Arif Əzizdir.
Arif Möhübəli oğlu Əziz
təsviri sənətə ötən əsrin ikinci
yarısında gəlib. Məlumdur ki, bu dövr milli rəssamlıq
sənətinin inkişafı və şaxələnməsi
ilə xarakterizə olunur. Bu zaman sənətə gələn
gəncləri əsasən monumental rəngkarlıq və
qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət
sahələri daha çox cəlb edib. Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbini yeni bitirən Arif isə
Azərbaycan rəssamlığı üçün yeni olan
təsviri sənətin tətbiqi qrafika və dizayn
ixtisasını seçir. Stroqonov adına Moskva Dövlət
Ali Bədii-Sənaye Məktəbində təhsil alır.
Moskvadakı təhsil illəri ona görkəmli sənət
adamları ilə tanış olmaq və təşkil olunan sərgilərdə
iştirak etmək imkanı verir. 1971-ci ildə təhsilini
başa vuraraq Bakıya dönür. İndiki Mədəniyyət
və İncəsənət Universitetində işləməyə
başlayır. Dizayn və sənaye qrafikasından dərs
deyir. Bu vaxta kimi onlarla rəssam yetişdirib. Uğurlu pedaqoji
fəaliyyəti ilə tanınıb. Müvəffəqiyyətli
işinə görə dövlət mükafatları, “Şərəf
nişanı” ordeni ilə təltif olunub...
- Arif müəllim, çoxcəhətli
yaradıcılıq yolunuzun ana xəttini nə təşkil
edir?
-
Yaradıcılığımın leytmotivi Abşerondur. Bu
mövzunu yaradıcılığımın ana xətti hesab
etmək olar. Abşeronun təbiəti, mənzərələri,
xarakterik qızılı rəngi işlədiyim bir çox əsərlərdə
əksini tapıb. Onu da deyim ki, müraciət etdiyim
mövzular heç də hamının görə bilmədiyi
səmtlərdən və nöqtələrdən təsvir
olunub.
- Sizdə bu sənətə maraq
necə yaranıb? Səcərənizdə incəsənət
adamı olubmu?
- Nəslimizdə rəssam, memar və
yaxud heykəltəraş olmayıb. Dayım Ağamusa
Hüseynov tarzən idi, Dövlət Filarmoniyasının
solisti olub. Bununla yanaşı, uşaqlıqdan evimizdə xalq
tətbiqi sənəti nümunələri görmüşəm.
Anam tikmə toxuyardı. Rəngli saplarla ağ parçalara
çeşni salar və bəzək vurardı. Bütün
bunlar məndə maraq doğururdu. Uşaqlıq illərim
Şüvəlanda və qədim Qala kəndində
keçib. Məlumdur ki, o yerlər qədim yaşayış
məskəni olub. Oradakı tarixi abidələr,
qayaüstü yazılar hələ erkən yaşlarımdan
məndə bədii yaradıcılığa həvəs
yaradıb. Abşeronun gözəl təbiəti -
üzüm, əncir bağlarının mənzərəsinə,
estetik gözəlliklərinə maraqla tamaşa edərdim.
Atamın dayısı Məşədi Əbdül Kərim
tanınmış daş ustası idi. Erkən
yaşlarımda onun yanında tez-tez olardım. Onun daşlar
üzərində yonduğu ornamentlər, quş, heyvan rəsmləri
diqqət çəkər, maraq doğurardı.
-
Yaradıcılığınızda Seneqal mövzusuna
geniş yer vermisiniz. Afrikanın bu ölkəsi nədən
sizdə maraq doğurdu?
- Seneqal o vaxtlar inkişaf yolunda
olan Afrika ölkəsi idi. Orada iki dəfə olmuşam.
Birinci dəfə 1983-cü ildə, sonra 1987-ci ildə. “
Seneqal maskaları”, “Oyanma”, “Dakarda məscid”, “Rəqs” və
“Seneqal mənzərələri” adlı əsərlərim əvvəl
Dakarda, sonra Moskvada, Bakıda uğurla nümayiş olunub. Yeri
gəlmişkən, Bakı və Dakar
qardaşlaşmış şəhərlərdir. O vaxt
“Seneqal panoramı“ sərgisi qardaşlaşmış Dakarla
Bakının sıx əlaqələrini ifadə edirdi.
- Təsvir etdiyiniz mənzərələrdə,
kompozisiyalı tablolarda ağ rəngdən bolluq rəmzi kimi
geniş istifadə edirsiniz. Bu nə ilə bağlıdır?
Niyə qara, qırmızı yox, məhz ağ rəng?
- Ağ rəng qəlbimin
aynasıdır. O aynada həyatın bütün gözəlliklərini
görürəm. Bir də ki, ağ rəng müəyyən
hərəkət donuqluğunda verilən insan fiquruna
genişlik gətirir. İşin mahiyyətini açır. Məlumdur
ki, qədim türk düşüncəsinə görə,
ağ rəng səadətin rəmzidir. Mifik
inamımızın bədii obrazı “Ağ atlı oğlan“
nağılında haqsızlığa qarşı mübarizə
aparan qəhrəman ağ paltarda, ağ atın belində necə
əzəmətli görünür. “Məlikməhəmməd“
nağılında da dara düşmüş qəhrəmanı
qaranlıq dünyadan xilas edən, onu işıqlı
dünyaya çıxaran da ağ qoç olur. Ağ rəng,
həm də ümid rəmzi kimi mənalandırılır...
Baxmayaraq ki, avropalılar ağ rəngi təslimçilik rəmzi
kimi tanıyırlar...
- Dünya Rəssamlıq
Akademiyasının respublikamızda nümayəndəliyi
açılıb. Siz də bu qurumun rəhbəri
seçilmisiniz. Bu hadisə hansı cəhətləri ilə
əhəmiyyətlidir?
- Dünya Rəssamlıq
Akademiyası 2009-cu ildə Xorvatiyanın paytaxtı Zaqreb
şəhərində yaradılıb. Təsis olunduğu
gündən Azərbaycan üç, sonra altı
tanınmış rəssamı ilə orada təmsil olunub.
2011-ci ilin oktyabrında qurumun Bakı şəhərində
nümayəndəliyi açılıb. Həmin vaxt Vəcihə
Səmədova adına sərgi salonunda qurumun üzvü olan
rəssamların əsərlərindən ibarət sərgi
keçirildi. Dünya Rəssamlıq Akademiyasının
prezidenti Anatoli Silovun başçılığı ilə
nümayəndə heyəti də gəlmişdi. Orada təklif
olundu ki, qurumun Bakı nümayəndəliyi yaradılsın.
Əlbəttə, bu təşkilatla əməkdaşlığımızda
qurumun maraqlı və əhəmiyyətli cəhətləri
var. Xarici ölkə rəssamları ilə sıx əlaqələrimiz
yaranacaq. Xüsusilə Avropa ölkələrində qurumun
üzvü olan rəssam həmkarlarımızın sərgilərini
keçirmək asanlaşacaq. Bilirsiniz ki, rəssam
üçün sərgi keçirmək önəmli bir
hadisədir. Harada olmasından asılı olmayaraq rəssam əsərlərini
sərgiləyirsə, bu onun yaradıcılığı
üçün çox vacibdir. Xaricdə Azərbaycan mədəniyyətini,
milli incəsənətimizi təmsil etmək hər sənətkar
üçün fəxrdir...
- Vaxtilə “Azərbaycan
reklamının tarixi” jurnalının dizayn, “Azərbaycan
reklamçısı” qəzetinin bədii tərtibat müəllifi
olmusunuz. Bu işlər yaradıcılığınızda
öz əksini tapıbmı?
- O dövr plakat janrında işlədiyim
nümunələr, doğrudan da,
yaradıcılığım üçün xarakterikdir.
1976-cı ildə bir neçə sənət dostum ilə “Əsrin
tikintisi” sayılan Baykal-Amur Magistralına - uzaq Sibirə səfər
etdik. Həmin mövzuya həsr olunan “Tayqanı ram edək”,
“Gənclik bizi zəfərlərə səsləyir”,
“Baykal-Amur Magistralı başa çatdırılacaq”, “BAM mərdlik
məktəbidir” kimi plakatlar romantik vüsəti, qrafik dilinin
yığcamlığı və təsiri üslubun yeniliyi
ilə fərqlənib. Bu əsərlərdə təbliğatdan
daha çox BAM-da çalışan insanlar, onların
mövcud çətinlikləri, nikbin ruhları və iradələri
öz bədii əksini tapmışdır. O vaxt bu silsilə
işlərimə görə Azərbaycan Gənclər
İttifaqının (komsomol - red.) mükafatına layiq
görüldüm. On il sonra indiki Mədəniyyət və
İncəsənət Universitetində rəhbərlik etdiyim
kafedrada “Təbliğat və reklamın təsvir vasitələri”
adlı ixtisasın bütün metodik ədəbiyyatını,
tədris planı və fənn proqramlarını
hazırladıq. Kadrlar hazırlığında uğuruma
görə 1986-cı ildə “Şərəf nişanı”
ordeni ilə təltif olundum.
- Əsərlərinizdən xarici
ölkə muzeylərində nümayiş olunanı
varmı?
- Dəfələrlə ABŞ,
Rusiya, Finlandiya, İran, Türkiyə, Seneqal, Almaniya, Fransa və
digər ölkələrdə fərdi yaradıcılıq
sərgilərim olub. Həmin sərgilərdə bir neçə
əsərim alınıb. Moskvada “Şərq muzeyi”ndə,
Tehranda “Şəhriyar muzeyi”ndə, Ankarada “Dövlət
muzeyi”ndə , Bakıda Milli İncəsənət Muzeyində
əsərlərim var. Onu da deyim ki, əsərlərim daha
çox şəxsi kolleksiyalarda saxlanılır...
- Övladlarından atasının
sənətini davam etdirəni varmı?
- Üç qızım var, üçü də rəssamdır. Atalarının sənətini davam etdirirlər. Böyük qızım Ayan Rəssamlıq Akademiyasının, ikinci qızım Aysel Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Kiçik qızım Ayləl tələbədir, Londonda oxuyur.
Söhbətləşdi: Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 25 aprel.- S. 10.