“İki qardaş ölkəni
yaxınlaşdıran o qədər dəyərlər
var ki...”
Seyit Ahmet Arslan: “Türkiyədə Azərbaycanın səsi
nə qədər gur eşidilərsə, bu bizi də
xoşbəxt edər”
Seyit Ahmet Arslan Türkiyənin ölkəmizdəki səfirliyinin
yeni mədəniyyət və tanıtım müşaviridir.
Azərbaycana gələnə qədər dünyanın bir
çox ölkələrində eyni vəzifəni yerinə
yetirib. Dediyinə görə, Azərbaycana öz istəyi ilə
gəlib. Onunla söhbətimizdə Azərbaycan-Türkiyə
mədəni əlaqələrinə və gələcək
perspektivlərinə nəzər saldıq.
- Ahmet bəy, necə oldu ki, mədəniyyət
və tanıtım müşaviri kimi çalışmaq
üçün Azərbaycanı seçdiniz?
- 90-cı illərdən Türkiyə
Mədəniyyət və Turizm Nazirliyində
çalışıram. Yaxın Şərqdə - Suriyada, Səudiyyə
Ərəbistanında mədəniyyət və
tanıtım müşaviri işləmişəm. 2006-cı
ildə Ankaraya, nazirliyə gəldim və tanıtım
baş idarəsində şöbə müdiri vəzifəsini
icra etdim. Sonra Azərbaycanda mədəniyyət və
tanıtma müşaviri kimi çalışmaq istədiyimi
bildirdim. Nazir bunu müsbət qarşıladı və beləcə,
Azərbaycana təyinat aldım. Bu ilin yanvarında Bakıya gələrək
fəaliyyətə başladım. Şadam ki, sevdiyim bir
işi qardaş ölkədə yerinə yetirəcəyəm.
Onu da bildirim ki, bu, Azərbaycana ilk
gəlişim deyil. Hər dəfə buraya gələndə
Azərbaycanı doğma bir yer kimi sevmişəm. Azərbaycanın
mənim qəlbimdə ayrıca yeri var. Ölkələrimiz
arasında qardaşlığın möhkəmlənməsinə
töhfə verməyə çalışan bir insan kimi
daşıdığım vəzifənin məsuliyyətini
dərindən dərk edirəm. Böyük öndər Heydər
Əliyevin “Bir millət, iki dövlət” sözü bunun ən
parlaq ifadəsidir. Bu üzdən Azərbaycanda və ya
Türkiyədə çalışmağın mənim
üçün bir fərqi yoxdur. Burda da özümü
Türkiyədəki kimi hiss edirəm. Kaş iki vətəndaşlığı
birdən almaq imkanı olaydı. Mən də hər iki
ölkənin vətəndaşı olmaqdan qürur
duyardım. Zatən ortaq dilimiz, mədəniyyətimiz bizi
özümüzü eyni ölkənin vətəndaşı
hiss etmək imkanı verir.
- Mədəniyyətdən söz düşmüşkən, ölkələrimiz arasında bu sahədə əlaqələrin mövcud səviyyəsini necə görürsünüz? Ümumiyyətlə, «mədəniyyət» məfhumu bizi nə dərəcədə yaxınlaşdırır?
- Mədəniyyət ən böyük dostluq körpüsüdür. Bu körpünü hər ötən gün gücləndirmək lazımdır. Təbii ki, üzərimizə düşən bu vəzifəni reallaşdırarkən mövcud olanlarla kifayətlənmək deyil, daha çox iş görmək niyyətindəyik. Çünki heç bir zaman «bu yetərlidir» deməyə haqqımız yoxdur. Bacardığımız qədər iki ölkə arasında xüsusilə, mədəniyyət, sənət, turizm sahəsində əlaqələri genişləndirməliyik. Onsuz da insan mədəniyyətlə iç-içədir. İnsan bu məfhumla digər canlılardan fərqli ayrı bir özəlliyə, şəxsiyyət kimliyinə qovuşur. Onu digər canlılardan ayıran xüsusiyyəti mədəniyyətidir. İnsanın nə qədər çox mədəniyyəti olarsa, həm özünə, həm ailəsinə, həm millətinə o qədər çox faydalı olur. Siz mədəni insandan o qədər çox zərər görməzsiniz. Başımıza həm mədəniyyətsiz, həm cahil, həm də səviyyəsizdən bəla gələr. İki qardaş ölkəni yaxınlaşdıran o qədər dəyərlər var ki, onları, sadəcə, daha geniş təbliğ etmək, öyrənmək, yaymaq lazımdır.
- Məlumdur ki, bir xalqın mədəniyyətini digər xalqa tanıtdırmaq, qarşılıqlı işbirliyinin yolu həm də mübadilədən keçir. Maraqlıdır, ölkələrimiz arasında mədəni əməkdaşlıqda hansısa sahələrdə boşluq görürsünüz?
- Sənət, mədəniyyət qurumları arasında işbirliyini daha da genişləndirmək lazımdır. Əgər belə bir qarşılıqlı işbirliyi olarsa, həm də Azərbaycan öz mədəniyyətini dünyada tanıtmış olar. Çünki Türkiyə Avropaya, dünyaya daha çox açıla bilir. Bu da Türkiyənin çox qədimlərə dayanan bilgi və təcrübələrindən qaynaqlanan bir özəlliyidir. Bir sözlə, əgər Azərbaycan-Türkiyə birliyi, qardaşlığı, bərabərliyi mədəniyyət və sənətçilərlə də əl-ələ, qol-qola olarsa, bu, dünyaya daha güclü bir səsin çıxmasını təmin edəcək. Onun üçün mədəniyyət, sənət qurumları arasında daha çox tanışlığın, əlaqələrin və işbirliyinin qurulmasının vacibliyinə inanıram. Məsələn, Şəkidə beynəlxalq musiqi festivalının keçirilməsi gözlənilir. Bu festivala Türkiyədən bir musiqi qrupunun gətirilməsini istərdik. Ümumiyyətlə, Azərbaycanda gerçəkləşən mədəni tədbirlərə Türkiyədən mədəniyyət, sənət qurumlarının gətirilməsinə çox önəm veririk və bunun üçün çalışırıq. Eyni zamanda Türkiyədə keçirilən tədbirlərə də azərbaycanlı sənətçilərin daha geniş şəkildə qatılmasını istərdik. Türkiyədə Azərbaycanın səsi nə qədər gur eşidilərsə, bu bizi də xoşbəxt edər. Mədəniyyət, sənət qurumları arasında əlaqələr çox genişlənərsə, xalqlarımız da bir-birinə çox yaxınlaşar. Əgər geniş kütlələrlə rahat anlaşmaq istəyirsinizsə, mədəniyyətə laqeyd yanaşa bilməzsiniz. Mədəniyyətin belə bir gözəl düzəni var: savaş, döyüş anı daxil olmaqla millətlər arasında mədəniyyət tədbirləri davam edib. Digər tərəfdən, mədəni əlaqələrin inkişafı sayəsində Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarından doğan əlaqələr daha yetkin və daha da qüvvətli hala gəlməlidir.
- Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri olaraq yaxın gələcəkdə hansı birgə layihələri reallaşdırmağı düşünürsünüz?
- Bir çox layihələri gerçəkləşdirməyi planlaşdırırıq. Lakin bunlara zaman lazımdır. Qısa vaxt içərisində bəzi tədbirlər keçirdik. Məsələn, turizm sahəsində qarşılıqlı tədbirləri, turizm təhsil proqramını gerçəkləşdirdik. Bir qədər əvvəl Bakıda keçirilən “AİTF-2012” beynəlxalq turizm və səyahətlər sərgisində Türkiyə tərəfdaş ölkə kimi çıxış edirdi. Türkiyənin turizmdəki bilgi və nailiyyətlərinin burada nümayişindən məmnun olduq. Onun üçün də deyirəm ki, aramızda ciddi işbirliyi, dialoq var və bunun daha da qüvvətli, sağlam olmasını istəyirik. Gələcək planlarımıza mədəniyyət həftələri, məsələn, kino həftələri keçirmək, teatr sahəsində də bir sıra işlər görmək daxildir. Hətta bunların qarşılıqlı işbirliyi şəklinə gətirilməsini planlaşdırırıq. Turizmə gəlincə, yenə də bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə qarşılıqlı proqram həyata keçirmək istəyirik.
Məsələn, yaxın vaxtlarda Bakıda Türkiyə kinosu həftəsi keçirməyi planlaşdırırıq.
- Maraqlıdır, kino həftəsində nümayiş etdiriləcək türk filmlərinin seçimində hansı meyarlara üstünlük veriləcək?
- Mən mədəniyyət və tanıtım müşaviri olaraq bakılıların çox maraq, sevgi ilə izləyəcəkləri filmi seçməyə təşəbbüs göstərəcəyəm. Yəni sıradan hər filmi də deyil, hər iki toplumun da üzərində dayandığı, ilgi duyduğu filmləri seçəcəyik.
Bu mənada
gözəl filmlərimiz
var. Məsələn, elə
götürək Şener
Şen və Meltem Cumbulun çəkildikləri «Bir
könül yarası»
filmini. Mən həmin filmin
Bakı tamaşaçıları
tərəfindən böyük
maraq və diqqətlə qəbul ediləcəyini düşünürəm.
Bir sözlə, Bakıda keçiriləcək Türkiyə
filmləri həftəsi
çərçivəsində ən yaxşı ekran əsərlərini nümayiş etdirəcəyik.
- Qarşılıqlı
mədəni əməkdaşlıq
çərçivəsində müştərək kino
çəkilişləri ilə
bağlı nə deyə bilərsiniz?
- Film sektoru fərqli bir sahədir. İndi «Müştərək filmlər çəkə
bilərik» demək gücünə malik deyiləm. Bunun üçün rejissorların bir araya gəlməsi lazımdır. Hər halda
belə təşəbbüslər
olarsa, ona dəstək verməyə
çalışarıq.
- Türkiyə
turizm sahəsində dünyada öndə gedən ölkələr
sırasındadır. Ölkələrimiz arasında turizm əlaqələri və onun inkişaf perspektivləri ilə bağlı nə deyə bilərsiniz?
- Türkiyə
böyük turizm ölkəsidir. Hər keçən gün
dünyada nüfuza malik bir ölkə
olaraq böyüyür,
genişlənir. Ölkəmiz turizm sahəsində dünyada ilk onluqda 7-ci sıradadır. Hədəfimiz ilk beşliyə daxil olmaqdır. Türkiyə bu nöqtəyə
çata biləcək
qüdrətə və
bacarığa, özəlliyə
sahibdir. Xüsusilə də Türkiyənin görməli yerlərini azərbaycanlı qardaşlarımıza
təqdim etmək üçün bu günə qədər
5-6 televiziya qrupunu Türkiyəyə göndərdik.
Onlar da ölkəmizin gözəl, görməli
yerləri ilə bağlı bir proqram hazırladılar və onu da
Azərbaycanda təqdim
etdilər. Onsuz da Azərbaycanı Türkiyədə,
Türkiyəni Azərbaycanda
tanıyırlar. Mən Türkiyənin
Azərbaycanda xüsusilə
turizm sahəsində böyük nüfuz sahibi olduğunu bilirəm. 2011-ci ildə 578 min nəfər
turist Azərbaycandan Türkiyəyə gedib.
Açığını deyim ki, bu rəqəmi çox yetərli görmürəm. Amma bəzi
texniki məsələlər
həll olunarsa, bu rəqəm daha da artar.
- Ötən il Türkiyə
turizminin tanıdılması
məqsədilə təşkil
olunan “İstanbul Shoppinq Festivalı”nın Bakıda da təqdimat mərasimi oldu. Maraqlıdır, festivalın bu il də
keçirilməsi gözlənilirmi?
- Bəli, festivalın keçirilməsi bu il də
gözlənilir. Mayın 9-da festivalla
bağlı bir heyət Bakıda mətbuat konfransı keçirəcək. İstanbulun
ayrı bir özəlliyi var. Bu şəhərə
gələn insanlar, sadəcə, dəniz, qum, günəş
görmək üçün
deyil, şəhərin
tarixi gözəlliyini
və bir də ticarət mərkəzi olmasını
görür. İstanbul xüsusilə
tekstil sahəsində
dünyanın öncül
yerində qərar tutub. Hazırda bir çox
ünlü klubların
geymiş olduğu paltarlar, sərgilərdə
nümayiş etdirilən
kostyumlara qədər,
hətta nüfuzlu geyim məhsullarının
İstanbuldan getdiyini nəzərə alsaq, bu şəhərin tekstil sənayesinin miqyasını təsəvvür
etmək olar. Həm də bu malları
çox uyğun qiymətə tapa bilərsiniz. Mən dünyanın
40-a qədər ölkəsini
gəzmişəm, tekstildə
İstanbuldan daha uyğun bir yer görməmişəm.
- Türkiyə
və Azərbaycan da daxil olmaqla
türkdilli ölkələrin
mədəniyyətlərinin dünyaya tanıdılmasında
TÜRKSOY mühüm rol
oynayır. Bu sahədə hansı əməkdaşlıq layihələrini
düşünürsünüz?
- TÜRKSOY türkdilli
ölkələrin UNESCO-sudur.
Türk mədəniyyətini, sənətini
dünyaya daha güclü səslə hayqırır. TÜRKSOY-un
fəaliyyətində mənim
də, kiçik də olsa, əməyim
var. Onun Ankaradakı qərargahının təməl
qoymasında iştirak
etmişəm. Türkiyə Mədəniyyət və
Turizm Nazirliyi bu qurumun fəaliyyətinə
çox dəstək
verib. Düşünürəm
ki, TÜRKSOY çərçivəsində
ədəbiyyat, incəsənətlə
bağlı daha çox iş görməliyik.
Mehparə Sultanova
Mədəniyyət.-
2012.- 25 aprel.- S. 6.