Turizm təmsilçiləri xarici
həmkarları ilə əməkdaşlıq
imkanlarını müzakirə etdilər
“B2B
Travel Workshop” maraqlı görüşlərlə
yadda qaldı
Aprelin 20-də «Kempinski Badamdar» hotelində Böyük Britaniyanın
«TMI Consultancy» və Azərbaycanda
fəaliyyət göstərən
«Travel Trade Marketing» şirkətinin birgə təşkilatçılığı
ilə «B2B Travel Workshop» (“Səyahət
emalatxanası”) adlı
tədbir keçirildi.
Tədbirdə
dünyanın 14 ölkəsində
«de Luxe» kateqoriyası
üzrə 42 hoteli birləşdirən «Ars
Vitae» şirkəti, Yunanıstanın
«Helios Hotels» hotellər şəbəkəsi,
İtaliyanın lüks
hotellər qrupuna aid olan «Due Torri», Çernoqoriyanın «Montenegro Stars Hotel Group» kompaniyası, dünyada kruiz gəzintiləri üzrə aparıcı şirkət olan «Silverseas», Dubayı təmsil edən «Connect
World Tours», Türkiyədən «Planet İstanbul» şirkətlərinin
və Filippinin Turizm İdarəsinin mütəxəssisləri Azərbaycanın
aparıcı turizm şirkətlərinin nümayəndələri
ilə əməkdaşlıq
məsələlərini müzakirə
etdilər.
Qeyd edək ki, tədbirin özəl cəhətlərindən biri
bu idi ki,
«B2B Travel Workshop» görüşü yerli və xarici
şirkətlərin nümayəndələri
arasında xüsusi marketinq sorğularından
sonra baş tutmuşdu. Görüşdə ölkəmizin 24 turizm şirkətinin əməkdaşı iştirak
edirdi.
Tədbirdə öncə BMT-nin
Azərbaycanda turizmin inkişafı layihəsinin
milli koordinatoru Faiq Qürbətov ölkəmizin turizm potensialı haqqında geniş təqdimat etdi. Sonra görüşlər müxtəlif sessiyalar üzrə davam etdirildi.
«TMI Consultancy» şirkətinin
müştərilərlə iş üzrə meneceri Mariya Qorbaçovanın sözlərinə
görə, gün ərzində Azərbaycan
şirkətlərinin nümayəndələri
ilə iki sessiya üzrə görüşlər (hər
sessiyada 6 görüş
olmaqla) keçirilib:
“Biz bu layihəni Azərbaycanda ilk dəfə
həyata keçiririk.
Ötən il
belə bir tədbiri Almatıda təşkil etmişdik. “Workshop”da iştirak
edən xarici şirkətlərin hər
biri geniş fəaliyyət imkanları
olan müəssisələrdir.
Onlar Azərbaycanın turizm şirkətləri və
hotelləri ilə əməkdaşlıqda maraqlıdırlar.
Tədbirin məqsədi də
bu turizm müəssisələrinin Azərbaycanın
turizm bazarına daxil olmasına kömək etməkdir.
Çünki ölkənizdə turizm sahəsi gündən-günə inkişaf
edir. Azərbaycanlılar səyahət etməyi
çox sevirlər.
Təbii
ki, onlar istirahət üçün
xidmətin səviyyəsi
yüksək olan ölkələri seçmək
istəyirlər. Biz də onlara bu seçimdə kömək etmək istəyirik. Azərbaycanın turizm şirkətləri xarici tərəfdaşlarla
əməkdaşlıqda maraqlıdırlar.
Ona görə də növbəti illərdə
də layihəmizi Bakıda davam etdirmək niyyətindəyik».
“Planet İstanbul»
şirkətinin marketinq
meneceri Yasemen Kazan belə görüşlərin
yeni əməkdaşlıq
əlaqələrinin yaranması
üçün əlverişli
olduğunu vurğuladı:
“İtaliya, Rusiya, İsveçrə kimi ölkələrdə bu tipli tədbirlərdə həmişə iştirak
edirik. Azərbaycana ilk dəfədir gəlmişik. Bakı çox
gözəl və müasir şəhərdir.
Zənnimcə, sizin şirkətlərlə
əməkdaşlıq qarşılıqlı
faydalı olacaq”.
«İmprotex
Travel» şirkətinin xarici
turizm üzrə satış şöbəsinin
müdiri Xəlil İsmayılov tədbir çərçivəsində 7 xarici şirkətin təmsilçisi ilə əməkdaşlıq məsələlərini
müzakirə etdiklərini
bildirdi: “Bu tipli tədbirlər ilk növbədə
Azərbaycanın dünyada
tanıdılmasına xidmət
edir. Tədbir çərçivəsində
gələn qonaqlar turist kimi Bakını
gəzirlər, müxtəlif
məlumatlar alırlar.
Bunların hamısı ölkəmizin
turizm imkanlarının
təbliği deməkdir”.
«Dərviş
Travel» şirkətinin xarici
turizm üzrə meneceri Elnur Əliyev isə “workshop”da görüşdükləri
xarici şirkət nümayəndələri ilə
əməkdaşlıq təkliflərini
müzakirə etdiklərini
dedi.
«Millennium» turizm şirkətinin əməkdaşı Yuliya
Konoplyenko isə tədbiri Azərbaycanda lüks turizminin inkişafının göstəricisi
hesab etdiyini bildirdi. Onun fikrincə, görüşdə
iştirak edən xarici şirkətlərin
əksəriyyəti fəaliyyətini
bu turizm istiqaməti üzrə qurub: “Tədbirdə təmsil olunan lüks hotellərə azərbaycanlı turistlər
böyük maraq göstərirlər. Bundan başqa,
Azərbaycan vətəndaşlarını
SPA mərkəzləri də
cəlb edir. Ona görə də bu kateqoriyalı məkanlarla əməkdaşlıq
bizim üçün
çox faydalıdır”.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 25 aprel.- S. 5.