“Tabu”lara qarşı
çıxan insan ruhu
günahlardan nə zaman
təmizlənir?
“Yuğ” Dövlət Teatrında Argentina
yazıçısı Xorexe Luis Borxesin “Bədəməl
qadın” hekayəsi əsasında hazırlanan tamaşası
sərlövhədəki suala cavab axtarır. “Tabu”
tamaşasının quruluşçu rejissoru Ruslan
Şöhrətoğlu, quruluşçu rəssamı Umay Həsənova,
musiqi tərtibatçısı Mələk Vəlizadədir.
İki qardaşın bir qadına
münasibətindən və məhəbbət
üçbucağında boğulan üçlüyün
çıxış yolu axtarmasından bəhs edən “Tabu”
tamaşası növbəti nümayişində
tamaşaçıları psixoloji məqamları ilə
düşündürdü. Süjet xəttində
böyük qardaşın qadına, qadının isə
kiçik qardaşa olan hissləri göstərilir. Bir dam
altında yaşayan üçlük zamanla bu vəziyyəti
idarə edə bilmir. Kiçik qardaşın (Rasim Cəfər)
qadını günahlandırması, qadının (Təranə
Ocaqverdiyeva) isə hissləri ilə özünə bəraət
qazandırması məqamı tamaşada gərgin atmosfer
yaradır. Nəhayət, qardaşlar arasındakı
doğmalıq vəziyyəti xilas edir. Onlar qadını evdən
uzaqlaşdırmaqla mənəvi rahatlığa nail olmaq istəyirlər.
Görəsən, insan təbiəti
bu çıxış yolunu qəbul edəcəkmi?
Günahı özündən uzaqlaşdırmaqla
qadının üzərinə yükləyən iki
qardaş bundan sonra necə yaşayacaq?
Lakin tamaşa bununla
yekunlaşmır. Hisslərinə qalib gələ bilməyən
böyük qardaş (Qasım Nağı) bir gün həmin
qadının yanına gəlir. Lakin həyətə
yaxınlaşanda kiçik qardaşın atını orda
görür.
Əsərin ən gərgin məqamı
kimi yadda qalan səhnəni qadın nəql edir. Paralel olaraq isə
qardaşların dilindən dini qaydalar, tabular söylənilir.
“Başqasının evinə tamah salmayacaqsan, oğurluq etməyəcəksən,
heç kimi öldürməyəcəksən,
başqasının qadınına tamah salmayacaqsan.....”
sözləri növbə ilə qardaşların dilindən
verilir. Sonda böyük qardaş qadını öldürməyi
təklif edir. Ölüm səhnəsi musiqi və
tamaşanın təsir gücünü artıran monoloqlarla
yadda qalır.
Final səhnəsində bir ovuc
torpaqdan yaranan insanın günahlardan təmizlənməsi,
ruhun ölməzliyi, ölümlə yaranışın,
sevginin doğmalığı göstərilir. Qəhrəmanlar
ağa bürünərək səhnəni tərk edirlər.
Tamaşanın əsas qayəsi cəmiyyət qanunlarına
qarşı çıxan, günah iş tutan insan təbiətinin
sonda təmizlənməsidir.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 25 aprel.- S. 4.