“Azərbaycan
Bəstəkarlar İttifaqı: böyük
yolun tarixi”
Aprelin 24-də Azərbaycan Bəstəkarlar
İttifaqında qurumun tarixini əks etdirən kitabın təqdimatı
keçirildi. Kitabın müəllifi və tərtibatçısı
sənətşünaslıq namizədi Lalə
Hüseynovadır. Kitabda Bəstəkarlar
İttifaqının 75 illik tarixi əksini tapıb,
çoxsaylı arxiv sənədlərindən, mətbuatda dərc
olunan materiallardan, fotoxronikalardan istifadə edilib.
Təqdimatda çıxış
edən müəllif kitabın ərsəyə gəlməsində
göstərdiyi köməkliyə görə Mədəniyyət
və Turizm Nazirliyinə, Bəstəkarlar İttifaqına,
S.Mümtaz adına Ədəbiyyat və İncəsənət
Arxivinin, Musiqi Mədəniyyət Dövlət Muzeyinin,
Ü.Hacıbəylinin ev-muzeyinin əməkdaşlarına təşəkkürünü
bildirdi: “Bəstəkarlar İttifaqının tarixi elə Azərbaycan
bəstəkarlıq məktəbinin tarixidir. Uzun illərdir
biz bu kitabın üzərində işləyirdik,
materialları axtarıb arayırdıq. Kitabda ittifaqın
qurultayları, keçirdiyi tədbirlər haqqında da
geniş məlumatlar yer alıb. Zəngin fotoxronikanın
yalnız bir hissəsindən istifadə edə bildik.
Materiallar bir kitaba sığan deyil. Ona görə də
çalışacağıq ki, bu işin davamı olsun”.
Tədbirdə iştirak edən
tanınmış musiqi xadimləri, elm və sənət
adamları kitabın əhəmiyyətini vurğuladılar.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti,
professor Firəngiz Əlizadə, ittifaqın katibləri - Xalq
artisti, professor Ramiz Zöhrabov, Əməkdar incəsənət
xadimi Eldar Mansurov, habelə Xalq artisti, tarzən Ramiz Quliyev,
Yazıçılar Birliyinin katibi Rəşad Məcid və
başqaları çıxış etdilər. Qeyd olundu ki,
kitab dahi musiqiçilərimizin keçdiyi yola nəzər
salır, Azərbaycan mədəni həyatını, musiqi
tarixini təhlil edir.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 26 aprel.- S. 3.