Mədəniyyət
və turizm naziri
redaksiyamızın qonağı oldu
“Mədəniyyət
və turizm sahəsində fəaliyyət göstərən
mətbu orqanlar hər zaman diqqətimizdədir”
Ölkəmizin mədəniyyətinin, incəsənətinin,
turizm imkanlarının təbliği, bu sahədə
görülən işlərin cəmiyyətə
çatdırılmasında kütləvi informasiya vasitələrinin
müstəsna rolu var. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bu fikri dünən Dövlət Film Fondunun binasında,
“Mədəniyyət” qəzeti redaksiyasının kollektivi ilə
görüşündə dedi.
Redaksiyada əməkdaşların
iş şəraiti ilə tanış olan nazir qəzetin
işgüzar, yaradıcı kollektivinin formalaşmasından
məmnunluğunu bildirdi, ölkəmizin mədəni həyatının,
turizm sektorunun fəaliyyətinin, baş verən yeniliklərin,
həyata keçirilən tədbirlərin qəzetin səhifələrində
dolğun şəkildə
işıqlandırıldığını dedi: “Nazirliyin
işçiləri ilə yanaşı, mədəniyyət
sahəsinin təmsilçiləri, eləcə də mədəniyyətə
yaxın, onunla maraqlanan dairələrdə də qəzet
maraqla oxunur. Qəzetdə çap olunan, marağa, müzakirəyə
səbəb olan yazılarla bağlı xoş sözlər
eşidirəm. Bununla yanaşı, qəzetin daha da rəngarəng
olmasına, səhifələrində zəngin materiallara yer
verilməsinə, mədəniyyətin çoxşaxəli
istiqamətlərinin işıqlandırılmasına, onun dərindən
təhlilinə, mütəxəssislərin rəylərinə
əsaslanaraq araşdırılmasına
çalışmalıyıq. Ümumiyyətlə, mədəniyyət
və turizm sahəsində fəaliyyət göstərən
mətbu orqanların işi hər zaman diqqətimizdədir.
Onların fəaliyyətinin genişləndirilməsi, mədəniyyət
və turizm sahəsinin kütləvi informasiya vasitələrində
dolğun, əhatəli şəkildə əks olunması hər
zaman bizim üçün prioritet məsələdir”.
Nazir sonda qəzetimizin kollektivinə,
bütün əməkdaşlara fəaliyyətlərində
uğurlar arzuladı.
Mədəniyyət.-
2012.- 25 aprel.- S. 2.