Oxuyur Müslüm Maqomayev”: 40 il sonra

 

   Aprelin 24-də “Nizami” Kino Mərkəzində Xalq artisti, kinorejissor Tofiq İsmayılovun “Oxuyur Müslüm Maqomayev” filminin 40 illiyi qeyd edildi. Mərasimdə ölkənin tanınmış ziyalıları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak edirdi.

  

   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirdi ki, həyat müvəqqəti, sənət isə əbədidir. Dünya şöhrətli musiqiçi Müslüm Maqomayev də sənəti ilə ölməzlik qazanmışdır. O, rejissor Tofiq İsmayılova bu filmi çəkdiyinə görə minnətdarlığını bildirdi.

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Müslüm Maqomayev yaradıcılığından, onun dünya konsert salonlarını fəth etməsindən danışdı. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli rejissora təşəkkür bildirərək sənətkarı yaşadan bu cür filmlərin gələcəkdə də çəkilməsinin vacibliyini vurğuladı.

   Xalq artisti, kinorejissor Eldar Quliyev “Nizami” filminin çəkilişləri zamanı Nizami roluna aktyor axtarışlarından danışaraq bu rola daxilən zəngin bir insanı - Müslüm Maqomayevi layiq gördüyünü bildirdi.

   Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev “Oxuyur Müslüm Maqomayev” filminin ötən il bərpa edildiyini bildirərək, ekran əsərinin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkür etdi.

   Xalq artisti, kinorejissor Tofiq İsmayılov 40 il əvvəl çəkdiyi filmin onun yaradıcılığında özünəməxsus yeri olduğunu bildirdi.

   Tədbirin sonunda “Oxuyur Müslüm Maqomayev” filmi nümayiş olundu.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2012.- 25 aprel.- S. 2.