Uşaq xor kollektivlərinin respublika baxışı davam edir

 

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq xor kollektivlərinin III Respublika baxışı davam edir.

 

   İndiyədək baxışın Şirvan, Ağcabədi və Sumqayıt şəhərlərində zona mərhələlərinə yekun vurulub. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təhsil şöbəsinin baş metodisti Səid Hacıyevin verdiyi məlumata görə, aprelin 19-20-də Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbində Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin ifasında klassik dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarının ifaları təqdim olunub. Aprelin 21-də eyni məkanda gerçəkləşən baxışda Bakı şəhərində fəaliyyət göstərən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Laçın, Şuşa, Zəngilan rayon uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak ediblər.

   Baxışın növbəti zona mərhələsi aprelin 23-də Şəkidə keçirilib. Zona baxışında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarını təmsil edən 11 xor kollektivi iştirak edib.

   Hazırda respublika baxışı Mingəçevir şəhərində davam edir. Baxışda Mingəçevir, Yevlax şəhər, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Tərtər rayon, Ağdamın Əfətli, Əhmədağalı, Xındırıstan, Qaradağlı, Seyidli kənd uşaq musiqi və incəsənət məktəblərinin, həmçinin Mingəçevir şəhərində fəaliyyət göstərən Şuşa rayon Xanalılar kənd uşaq musiqi məktəbinin xor kollektivi iştirak edir.

   Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin III Respublika baxışının növbəti zona mərhələləri Gəncə (26-27 aprel) və Naxçıvan (30 aprel) şəhərlərində təşkil olunacaq.

  

 

   Ceyhun

 

  Mədəniyyət.- 2012.- 25 aprel.- S. 2.