Xatirələr işığında: Hacı Məmmədov

 

   XX əsr Azərbaycan mədəniyyəti tarixində bir çox sənətkarlar olub ki, onlar yurdumuzun hər bölgəsində sevilib və adları dillər əzbəri olub. Həmin görkəmli sənətkarların bir çoxu sənətdə məktəb yaradıb. Onlardan biri də tarzən Hacı Məmmədovdur.

  

   Hacı Məmməd oğlu Məmmədov 1920-ci il aprelin 28-də Şamaxıda dünyaya gəlib. Hacı 1927-ci ildə ibtidai məktəbə gedir. 1928-ci ildən təhsilini Bakıda davam etdirir, eyni zamanda tar ifaçılığını öyrənir. 1937-ci ildə orta məktəbi başa vurur. Həmin ildən dövlət filarmoniyasında çıxış etməyə başlayır. 1938-ci ildə Moskvada keçirilən 1-ci ədəbiyyat və incəsənət ongünlüyündə iştirak edir. Sonra ailədə narazılıq ucbatından musiqidən ayrılmaq məcburiyyətində qalır. 1943-cü ildə Tibb Universitetinə daxil olur. 1944-cü ildə Aliyə adlı qızla ailə qurur. Nadir, Tahir və Cəmilə adında övladları dünyaya gəlir. 1948-ci ildə təhsilini başa vuraraq 2 saylı poliklinikanın cərrahiyyə şöbəsində işə düzəlir. Sevimli musiqi sənətini də davam etdirir. 1954-cü ildə ona “Əməkdar artist” fəxri adı verilir. 1955-60-cı illərdə həkimlik işindən uzaqlaşır. 1963-cü ildə isə Xalq artisti adına layiq görülür. 1968-ci ildə yenidən həkimliyə qayıdır. 5 nömrəli xəstəxananın baş həkimi vəzifəsində çalışır. 1970-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunur. 1981-ci ildə, ömrünün kamillik çağında dünyasını dəyişir.

 

   * * *

 

   Hacı Məmmədovun xatirələrindən: “Gözümü dünyaya açanda tar səsi eşitdim. Çünki atamın tarı vardı. 1927-ci ilin payız günü - 7 noyabr idi. Şamaxıda Oktyabr inqilabının 10 illiyinə həsr edilmiş bayram gecəsi keçirilirdi. Şənlikdə biziştirak edirdik. Atam tarını köynəyindən çıxardıb kökləməyə başladı. Bu vaxt Şirvan mahalının çox tanınmış tarzəni Cəlil kişi məclisə daxil oldu. Onun gəldiyini görən atam ayağa qalxdı. İrəli gedib onunla görüşdü. Cəlil kişi tarını köynəyindən çıxardıb lovğa-lovğa çalmağa başladı. Atamın bu mənzərədən pərt olduğunu gördüm. Ona ürəyimdə acıdım. Çünki o vaxta kimi elə bilirdim atamdan yaxşı tar çalan yoxdur”.

   O daha sonra yazır: “1944-cü il idi. İranda qastrol səfərində idik. Bədii rəhbərimiz Əfrasiyab Bədəlbəyli idi. Şahpur şəhərində konsertdə solo “Orta mahur”u çaldım. Uzun sürən alqışdan sonra bayıra çıxdım. Bir siqaret yandırdım. Elə bu vaxt mənə yaşlı bir kişi yaxınlaşdı. Əlimi sıxdı ifamı həddindən artıq bəyəndiyini bildirdi. Sonra hansı şəhərdən olduğumu soruşdu. Dedim ki, Şamaxıdanam. O, Şamaxı sözünü eşidəndə duruxdu. Sonra soruşdu: - Orada kimlərdənsən? Dedim: - Məhəmmədin oğluyam. O, heyrətləndi: - Sən o balaca Hacısan? Adını soruşdum.Adım Cəlildir”, - dedi. Bu təsadüfi görüş məni xəyalən 1927-ci ilə qaytardı...”.

   1929-cu ilin bir fevral günü Hacı əmisi Hüseynlə şəhərə gəzintiyə çıxır. Gəzə-gəzə gəlib Hüsü Hacıyev küçəsinə çatırlar. Bir dükanın qabağından keçəndə Hacı vitrində tar görür. Qeyri-ixtiyarı ayaq saxlayır. Dönüb diqqətlə tara baxır. Əmisi soruşur: “Hacı, çox baxdın! İstəyirsən sənin üçün onu alım”. Hacı razılığını bildirir. Əmisi dərhal dükana girir tarı alır.

   Hacı Məmmədovun xatirələrində oxuyuruq: “Əmimgilin həyətində bir tarzən yaşayırdı. Tarı onun yanına apardım. Xahiş etdim ki, kökləsin. O da tarı alıb köklədi. Sevincək evə qayıtdım. Başladım radioda çalınan havaları öz-özlüyümdə tarın pərdələrində axtara-axtara çalmağa. Təxminən bir il ardıcıl olaraq gecə gündüz öz üzərimdə çalışdım. 1930-cu il idi. Bir həyətdə yaşadığımız Rəşid Əfəndiyev bir gün məni yanına çağırdı səmimi söhbət etdi. Ertəsi gün məni Dövlət Xalq Orkestrinin rəhbəri ilə tanış etdi. Sabahısı gün orkestrə gəldim. Orkestr üzvləri mənim tar çalmağımdan heyrətə gəldilər. Onda on bir yaşım vardı”.

 

   * * *

 

   Hacı Məmmədovun həyat yoldaşı Aliyə xanımın xatirələrindən: “Heç yadımdan çıxmır. 1971-ci il idi. Hacı artıq həkim işləmirdi. Öz ərizəsi ilə işdən çıxmışdı. Bir gün Moskva şəhərindən bizim evə telefon zəngi oldu. Telefonu Hacı götürdü. Moskvadan zəng edən şəxsƏziz Hacı Məmmədov, sizi ümumittifaq xarici kino studiyasından narahat edirlərdedi. Bildirdilər ki, sizi xaricdə göstərmək üçün film çəkmək istəyirik. Bu filmi çox nadir şəxslər haqqında çəkirik. Axı sizin iki sənətiniz var. Respublikanın Xalq artisti - musiqiçisiniz, eyni zamanda həkim, cərrahsınız. Sizi hər iki sahədə kinoya çəkmək istəyirik. Hacıdan hazırda həkim kimi işləyib-işləmədiyini soruşdular. O da bildirdi ki, bəs həkimlik fəaliyyətini dayandırıb. Bu cavabdan çox mütəəssir oldular...”

 

   * * *

 

   Sənətkarın oğlu Nadir Məmmədov isə atasının 1970-ci ildə Mərakeş, Əlcəzair Tunisə qastrol səfərlərindən bir xatirəsini onun dilindən belə nəql edir: “Bağlanış konsertində Tunisdəki sovet səfiri Alekseyev, Macarıstan, Bolqarıstan Rumıniyanın səfirləri iştirak edirdilər. Konsert qurtardıqdan sonra Alekseyev səhnəyə çıxıb bizi səmimi salamladı. Ertəsi günü isə banketə dəvət etdi. Banketdə bir neçə musiqi ifa etdim. Çox bəyənildi alqışlandı. Orada bir cavan erməni mənə yaxınlaşıb dedi:

   - Mən sizinləYaşa-yaşa Azərbaycan”ı oxumaq istəyirəm. Mahnının nəqarətini çaldım. O, səlis Azərbaycan dilində oxumağa başladı... Öyrəndik ki, bu oğlan Tunisdə yaşayan bir milyarderin oğludur. Sonra o mənə dedi:

    - Maestro, istəyirəm sizinlə kontrakt bağlayam. İfanızda olan bütün repertuarları Parisdə qrammofon valına yazdıram. Əvəzində istəyirsiniz, razıyam.

   Güldüm təşəkkürümü bildirərək dedim:

    - Sabah Moskvaya uçacağam. Vətəndə böyük qastrol səfərim var.

   O üzr istəyib ayrıldı...

   Bizimkilər dedilər : - Hacı, çox gözəl cavab verdin. O, böyük kapitalistdir. Səndən külli miqdarda pul qazanmaq fikrində idi...”

   Xalq artisti, təkrarsız sənət ustası Hacı Məmmədovun həyatından belə maraqlı xatirələr çoxdur. Çünki o, bənzərsiz bir ömür yaşamışdır.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2012.- 27 aprel.- S. 12.