Bulaq səsli sənətkar
Məhluqə
Sadıqova. Bu adı eşidəndə hər kəs ilk olaraq
uzun illərdir dövlət radiosunda yayınlanan “Bulaq”
verilişini xatırlayır. Görkəmli aktrisa 40 ildən
artıq “Bulaq” verilişinin əvəzsiz
aparıcılarından olub. Gözəl nitqi, aydın və səlis
diksiyası ilə uşaqdan böyüyə hər kəsdə
özünə məhəbbət yaratmışdı. Səsi
bulaq kimi qəlblərə yayılırdı.
Məhluqə Sadıqova 1917-ci il
aprelin 28-də Şuşa şəhərində doğulub.
1930-cu ildə ailəsi ilə birlikdə Bakıya
köçüb. Tibb təhsili almasına baxmayaraq, rəqs və
dram dərnəklərində məşğul olub. 1936-cı
ildə Akademik Dram Teatrının truppasına qəbul olunub.
54 il bu teatrda çalışan Məhluqə xanım
bir-birindən maraqlı rollara imza atıb. Məzmun və
mahiyyətindən asılı olmayaraq müxtəlif janrlarda
hazırlanmış tamaşalarda iştirak edib. İfadəli
səhnə danışığı aktrisanın
oynadığı rollara da təsirsiz ötüşməyib,
yaratdığı obrazlara dolğunluq gətirib. 1949-cu ildə
Əməkdar artist, 1980-ci ildə isə Xalq artisti adına
layiq görülən aktrisa bu gün də yaddaşlarda
xoş xatirələrlə yaşayır. Sənətkarın
doğum günündə onu vaxtilə çiyin-çiyinə
çalışdığı sənət dostları ilə
birlikdə xatırladıq.
İlham Əsgərov (Xalq artisti):
- Onun haqqında xatirə
danışmaq mənə çətin olsa da, şərəflidir.
Uzun illər Məhluqə xanımla birlikdə “Bulaq”
verilişinin yazılışlarında iştirak etmişik.
Verilişə dəvət edildiyim vaxt məndən öz məsləhətlərini
əsirgəmədi. Səməndər Rzayevdən sonra, əlbəttə
ki, mənə bu verilişi oxumaq çətin idi. Amma onun
köməkliyi, səmimiyyəti və hörməti ilə
bu verilişi bir neçə il onunla birlikdə təqdim
etdik. Təzə gələndə
düşünürdüm ki, bir-iki həftə oxuyaram, ola
bilsin xoşları gəlməz və mən bu proqramdan gedərəm.
Məhluqə xanımdan çox şeyləri öyrənib
böyük məktəb keçdim. Bəzən veriliş təkrar
gedəndə narahat olub mənə zəng edərdi. “Niyə
yeni veriliş yazılmır”, - deyə soruşardı. Məhluqə
xanımla bağlı çoxlu xatirələrim var. Bəzən
işə çıxa bilməyəndə soruşurdu ki, bu
nömrə verilişi kiminlə yazacaqsan? Deyərdim, qoy təkrar
getsin, siz gələndə yazarıq. Bu ona xoş gəlirdi.
Bu gün biz bu verilişi tanınmış aktrisamız Səidə
Quliyeva ilə birlikdə yazırıq. Hər efir zamanı Məhluqə
xanımın sözləri yadımıza düşür, əziz
xatirəsi hər zaman qəlbimizdədir.
Rafiq Əzimov
(Xalq artisti):
- 50 ildir ki, teatrdayam. 1962-ci ildən etibarən
bir çox sənətkarlarımızla bir
səhnədə tərəf-müqabili
olmuşam. Əvəzsiz sənətkarlarımızdan biri
də Məhluqə xanım idi. O, çox alicənab və ziyalı qadın, həm də səmimi tərəf-müqabili idi.
Elə tamaşalar olub ki, Məhluqə xanım mənim anam rolunu da
oynayıb. Bernard Şounun “Şeytanın şagirdi” əsərində
Sofa Bəsirzadə ilə
dublyor olaraq mənim anam rolunu ifa edirdilər.
Çox
çətin psixoloji
rolun öhdəsindən
hər iki qadın böyük məharətlə gəlirdi.
Baxmayaraq
ki, hər ikisi müxtəlif səpkili aktrisa idilər. “Vaqif”
tamaşasında mənim
ifa etdiyim Vidadi surəti və Məhluqə xanımın da ifa etdiyi yengə
rolu çox xarakterik və başqa rolların bənzəməyən obrazları
olduğu üçün
tamaşaçılar tərəfindən
maraqla qarşılandı.
Onun aktrisa olmasına bəlkə də həyat yoldaşı, görkəmli rejissor Ələsgər Şərifov
səbəb olmuşdu.
Hələ məktəbdə
oxuyarkən onu səhnədə müxtəlif
rollarda görmüşdüm:
“Solğun çiçəklər”,
“Fərhad və Şirin”, “Məhəbbətin
hökmü”, “Şeyx
Sənan” və s. Çox maraqlı rollarından biri də A.Saqarelinin “Xanuma” əsərindəki
obrazı idi. Onun ifalarının hamısı
bir-birindən fərqlənirdi.
Burada Mehdi Məmmədovun bir fikrini xatırlamamaq
olmur. Məhluqə xanımın mənə
qarşı qayğıkeş
münasibətinin şahidi
onda oldum ki, onun həyat
yoldaşı bizim teatrda tamaşa hazırlayanda rol bölgüsü zamanı
o, baş rollardan birinə məni məsləhət bilmişdi
və rol mənə həvalə olundu. O vaxt həmin tamaşada Məlik Dadaşov, Hökümə Qurbanova kimi sənətkarlarımız
oynayırdı. Vaxtilə İsmayıl
Osmanlı kimi böyük sənətkarımızın
ifa etdiyi obrazı mənə həvalə etdilər.
Tərəf-müqabilim isə Amaliya
Pənahova oldu. Bu uğurlu rolumun
əsas səbəbkarı
Məhluqə xanım
olmuşdu. İstər xarici
ölkə dramaturqlarının,
istərsə də öz dramaturqlarımızın
əsərlərində xarakterik
obrazlar yaradırdı.
Rolları nə qədər
müxtəlif idisə,
tamaşaçıların sevgisi də bir o qədər çox idi. O, birplanlı aktrisa deyildi. C.Məcnunbəyovun “Məhəbbətin hökmü” əsərindəki
Zeynəb surətini (dublyor Barat Şəkinskaya)
məharətlə oynayırdı.
C.Cabbarlının əsərlərindəki obrazları bir-birindən tamam fərqli idi. Bu gün
belə sənətkarlarımızı
böyük fəxrlə
xatırlayırıq. Əziz xatirəsi sənət dostlarının qəlbində
yaşayan aktrisanın
ruhu hər zaman səhnədədir.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 12.