Bəstəkarlar
İttifaqında musiqişünas Nailə
Mehdiyevanın yubileyi qeyd
olunub:
Yorulmaz alim və gözəl
pedaqoq Nailə Mehdiyevanın 80 yaşı münasibətilə
Vaxtilə bir yerdə təhsil aldığım
yoldaşlarımla tez-tez görüşürük, müəllimlərimizi
yada salırıq, tələbəlik illərinin hadisələrini
bəzən ən xırda təfərrüatlarına qədər
xatırlayırıq və sanki həmin illəri bir də
yaşayırıq. İndi biz özümüz müəllimik,
bizə dərs deyən müəllimlərimizlə həmkar
sayılırıq. Mən bundan çox böyük qürur
duyuram və onlarla ünsiyyətdən daxilən zənginləşirəm.
Elə müəllimlərimiz var ki, onlarla tez-tez
qarşılaşıram, fikirlərimizi
bölüşürük, hansısa problemləri müzakirə
edirik. Lakin elə müəllimlərimiz də var ki, demək
olar ki, ali məktəbi bitirdikdən sonra əlaqəmiz
olmayıb, lakin qiyabi də olsa onların fəaliyyəti ilə,
yaradıcılığı ilə maraqlanmışam.
Belə müəllimlərimizdən
biri - bu günlər 80 yaşını qeyd etdiyimiz hörmətli
musiqişünas-alim Nailə xanım Mehdiyeva haqqında
danışmaq istərdim.
Nailə Mehdiyeva 1932-ci il aprelin 21-də
Bakıda anadan olmuşdur, Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi
Akademiyasının) yetirməsidir. Konservatoriyanı
musiqişünas kimi bitirdikdən (1959) sonra “Musiqi tarixi”
kafedrasında müəllim kimi çalışmağa
başlayıb. 1993-cü ilə qədər burada dosent (1974),
professor (1989-1993) vəzifələrini tutmuş; kafedra
müdiri, tarix-nəzəriyyə fakültəsinin dekanı
(1971-1974) olmuşdur. Pedaqoji fəaliyyətlə
yanaşı, elmi yaradıcılığa da zaman
ayırmış, 1968-ci ildə dissertasiya müdafiə edərək
sənətşünaslıq namizədi elmi dərəcəsinə
layiq görülmüşdür.
Bu illər ərzində Nailə
xanımın bir sıra tədqiqat işləri də
çap olunur ki, bunlardan “Qara Qarayevin kino musiqisi”
monoqrafiyasını (1966), “XIX əsrin Qərb ölkələrinin
musiqi tarixi (romantizm dövrü)” metodik vəsaitini (1988),
“R.Qlierin “Şahsənəm” operası və rus oriyentalizmi”,
“Tofiq Quliyevin yaradıcılıq portreti”
kitabçalarını (1992), “Azərbaycan musiqi tarixi” (1993,
müəlliflər qrupu, rus dilində) dərsliyində “XIX əsr
- XX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyəti”
adlı fəsli, “Sovetskaya muzıka”, “Muzıkalnaya jizn” və
s. elmi jurnallarda və dövri mətbuat səhifələrində
çap olunmuş məqalələrini göstərmək
olar. Bütün bunlar onun elmi maraq dairəsinin genişliyini
sübut edir. Hazırda da bu elmi işlərdən
musiqişünaslıq tədqiqatlarında bir mənbə
kimi istifadə olunur.
Nailə xanımın ən
böyük uğurları pedaqoji sahə ilə
bağlıdır. Xüsusi müəllimlik və lektorluq
istedadına malik olan N.Mehdiyevanın mühazirələri
haqqında ayrıca danışmaq lazımdır. Bu
baxımdan, yəqin ki, ondan dərs almış bizim nəslin
musiqişünaslarının xatırlamağa çox
sözü var.
Konservatoriyada təhsil alan
musiqişünasların digər tarixi və nəzəri fənlərlə
yanaşı, əsas ixtisas fənlərindən biri dünya
musiqi tarixi üzrə mühazirələrdir ki, birinci kursdan
başlayaraq sonuncu kursa kimi biz onu mərhələlərlə
mənimsəyirdik. Nailə xanım qədim dünya və Qərbi
Avropa musiqi tarixi üzrə mühazirələri ilə, elə
ilk dərsdən, sözün əsl mənasında, bizi
heyran etmişdi. Müəllim sanki dərs demirdi, mühazirə
oxumurdu, o elə bil bu tarixi gözü qarşısında
canlandırırdı və bunları bizə də
aşılamağa çalışırdı. Biz istər-istəməz
onun emosional danışıq tərzinin, ifa edərək əyani
surətdə nümayiş etdirdiyi musiqinin təsiri altına
düşürdük. Onun dünya musiqi tarixinin müxtəlif
dövrlərinə aid musiqi mədəniyyətinin inkişaf
mənzərəsini şərh etməsi, müqayisəli
şəkildə onları əlaqələndirməsi
böyük maraq doğururdu.
Musiqi tarixinin mərhələləri
və cərəyanları, bəstəkarların həyat və
yaradıcılığı, əsərlərin dinlənilməsi
və təhlili - bütün bunlar haqqında hələ məktəbdən
müəyyən məlumatımız olsa da, Nailə
xanımın geniş əhatəli təqdimatında biz
mövzunu dərinliyinə kimi mənimsəyirdik. Dünya
musiqi mədəniyyəti tarixi ilə yanaşı,
sonrakı kurslarda Nailə xanım bizə həm də
SSRİ xalqlarının musiqi tarixindən də dərs
demiş, o dövrdə bütün sovet
respublikalarının musiqi mədəniyyəti haqqında bizə
ətraflı bilgilər vermişdir.
Pedaqoji təcrübədə tələbənin
düzgün istiqamətləndirilməsi çox
böyük əhəmiyyətə malikdir və bu sahədə
Nailə xanım tələbədən öz biliyini əsirgəməyən
bir müəllimdir. Bu da bizi özünə cəlb edirdi.
Nailə xanım bizdə daha çox öyrənmək, daha
çox bilmək həvəsini artırırdı. Bu məqsədlə
o nə qədər elmi ədəbiyyat tövsiyə edirdi və
biz bütün bunları mənimsəmək
üçün kitabxanadan çıxmırdıq, oxuyurduq,
tərcümə edirdik, konspektləşdirirdik, əsərləri
dinləyirdik. Bu da bizdə elmi ədəbiyyatla işləmək
və tərcüməçilik vərdişlərini
yaradırdı. Əlbəttə ki, bütün bunlar
musiqişünas kimi yetişməyimizdə mühüm mərhələ
idi və bunda Nailə xanımın da böyük zəhməti
vardı.
1993-cü ildən Nailə
Mehdiyevanın həyat və fəaliyyəti Türkiyə ilə
bağlı olmuşdur. O, Ankarada görkəmli alim və
ictimai xadim İhsan Doğramacının yaratdığı məşhur
Bilkənd Universitetinə dəvət almışdır.
Universitetdə Avropa musiqi tarixi, dünya opera incəsənəti
tarixi, iyirminci yüzilliyin çağdaş musiqi tarixindən
mühazirələr oxumuşdur. Eyni zamanda 1995-2009-cu illərdə
Bilkənd Universitetinin musiqi və səhnə sənətləri
fakültəsində musiqi tarixi kafedrasına rəhbərlik
etmişdir.
Nailə xanımın qardaş
ölkədəki fəaliyyəti haqqında məlumatım
tam və əyani olmasa da, qeyd etməliyəm ki, burada da o
öz pedaqoji prinsiplərinə sadiq qalaraq var qüvvəsi ilə
çalışmış, türkiyəli gənclərdən
də öz bilik və bacarığını əsirgəməmiş
və onların hörmətini qazanmışdır.
Onu da nəzərə
almalıyıq ki, Türkiyədə musiqi mədəniyyətinin
inkişafında azərbaycanlı musiqiçilərin
çox böyük rolu vardır. Bu haqda dəfələrlə
deyilib, yazılıb (hətta dissertasiyalar da meydana gəlib).
Bu baxımdan, əlbəttə ki, bizim tanınmış
musiqi xadimlərinin bu ölkədəki fəaliyyəti
xüsusilə diqqətəlayiqdir və bunun səmərəli
nəticələri Türkiyədə musiqi mədəniyyətinin
və musiqi təhsili sisteminin uğurları timsalında
göz qabağındadır.
Türkiyədə N.Mehdiyevanın
elmi yaradıcılığı da məhsuldar olmuşdur.
Pedaqoji işi ilə yanaşı, o, Bilkənd simfonik
orkestrinin proqramlarına daxil olan əsərlər haqqında
məlumatlar yazmışdır ki, sonradan həmin yazılar
ingilis, fransız, alman dillərinə tərcümə
olunaraq, disklərin üzərində çap olunmuşdur.
Onu da deyək ki, Türkiyədə
musiqişünaslıq sahəsində bir çox dərs vəsaitləri
də elə azərbaycanlı musiqiçilər tərəfindən
yazılmışdır. Bu istiqamətdə N.Mehdiyevanın
apardığı maarifçilik işi xüsusi əhəmiyyətə
malikdir. Onun hazırladığı bəstəkarların həyat
və yaradıcılığı, simfonik və opera əsərlərinin
təhlili üzrə proqramlar Bilkənd Universitetinin tələbələri
üçün dərs vəsaiti olmaqla yanaşı, ölkənin
digər ali məktəblərində də
yayılmış və çox istifadə olunan bir mənbəyə
çevrilmişdir.
2008-ci ildə Bilkənd simfonik
orkestrinin konsert proqramları əsasında N.Mehdiyevanın
“Konser kılavuzu” adlı kitabı ərsəyə gəlmişdir.
Kitabda musiqişünas müxtəlif ölkələrdən
olan 92 bəstəkarın 267 simfonik əsərinin təhlilini
vermişdir. Bu kitabın daha da genişləndirilmiş ikinci
nəşrində isə 116 məşhur bəstəkar
haqqında məlumat və 484 simfonik əsərin şərhi
öz əksini tapmışdır.
Əlamətdardır ki, burada
Avropa bəstəkarları ilə bərabər, Azərbaycanın
görkəmli bəstəkarlarının - Üzeyir Hacıbəyli,
Qara Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Soltan Hacıbəyov
və başqalarının yaradıcılığı da
yer almışdır. Türkiyə bəstəkarları Əhməd
Adnan Sayqun, Ülvi Camal Erkin, Fərid Tüzün və digər
sənətkarlar haqqında geniş məlumat, onların əsərlərinin
təhlili də diqqətəlayiqdir.
Ümumiyyətlə, Azərbaycan
musiqi mədəniyyəti haqqında, bəstəkarlarımızın
yaradıcılığı haqqında zəngin məlumatların
Türkiyə ictimaiyyətinə
çatdırılmasında N.Mehdiyevanın əməyini
xüsusi qeyd etməliyik. Onun Türkiyə jurnalistlərinə
verdiyi müsahibələrdə də Azərbaycan musiqi mədəniyyətinin
rəngarəng mənzərəsi öz əksini
tapmışdır. Həmin müsahibələrin mətni
“Bilincin işığında müzik” adlı kitabda çap
olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur.
Tanınmış
musiqişünas-alim və pedaqoq Nailə Mehdiyevanın 80
yaşı tamam olur. Biz bu münasibətlə Nailə
xanımı təbrik edir, ona cansağlığı, uzun
ömür arzulayırıq.
Nailə xanım, Siz mənalı
ömrünüzü musiqiyə, sorağı müxtəlif
ölkələrdən gələn tələbələrinizə
həsr etmisiniz. Düşünürəm ki, əsl müəllimin
tələbələrinin yaddaşında saldığı
izlər həqiqətən də silinməzdir. Bu, müəllim
əməyinin ən böyük bəhrəsidir.
Cəmilə
Həsənova,
sənətşünaslıq
üzrə elmlər
doktoru, Ü. Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
professoru
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 11.