Musiqi sənətimizin parlaq
səhifəsi
“Koroğlu” operasının ilk tamaşasından 75 il
ötür
Aprelin 30-da ölməz bəstəkarımız
Üzeyir Hacıbəylinin
yaradıcılığının zirvəsi sayılan
“Koroğlu” operasının ilk tamaşasının 75 ili tamam
olur. Üzeyir bəy bu əsər üzərində 1932-ci
ildən işləməyə başlamışdır.
Operanın yaradıcı heyəti - libretto müəllifi Heydər
İsmayılov, şeirlərin müəllifi M.S.Ordubadi,
rejissor İsmayıl Hidayətzadə, rəssam Rüstəm
Mustafayev olmuşdur. İlk tamaşaya Üzeyir bəy
özü dirijorluq etmişdir. Baş rolları Bülbül
(Koroğlu), Gülarə İsgəndərova (Nigar), Məmmədtağı
Bağırov (Həsən xan) ifa etmişlər.
Üzeyir musiqisinin incəliyi,
parlaqlığı, möhtəşəmliyi bir daha bu opera
vasitəsilə özünü sübuta yetirmişdir. Bəstəkar
musiqi dili ilə Koroğlunun yenilməzliyini, mərdliyini,
mübarizliyini dinləyiciyə, tamaşaçıya
çatdıra bilmişdir. Üzeyir bəyin hər bir əsəri
ayrılıqda sənət incisidir. Lakin “Koroğlu”
operasının Azərbaycan musiqi tarixində yeri əvəzolunmazdır.
5 pərdədən ibarət operanın uvertürası sanki
ayrıca bir əsərdir. İnsanın qəlbini dinləndirən
bu musiqi qəhrəmanlıq operasına girişdən əlavə,
həm də Üzeyir bəyin qəlbinin dərinliklərində
olan arzu və istəklərinin ifadəsi kimi səslənir.
Opera bəstəkarın necə yüksək zövqə, həssas
qəlbə və eyni zamanda güclü vətənpərvərlik
hissinə malik olduğundan xəbər verir. Üzeyir bəy
“Leyli və Məcnun”dan “Koroğlu”ya qədər” məqaləsində
yazır: “...Həm ilk, həm də hələlik
axırıncı Azərbaycan operasının müəllifi
olmaq şərəfi mənə nəsib olmuşdur. Beləliklə,
“Leyli və Məcnun”dan “Koroğlu”ya qədər keçilən
yol təkcə Azərbaycan operasının otuz illik tarixi
deyil, həm də mənim şəxsi yaradıcılıq
yolumdur... ”
“Koroğlu” operasının musiqisi
insanda yüksək duyğular, milli fəxarət hissi
oyatmağa qadirdir. Bir sıra görkəmli sənətkarlar
opera haqqında fikirlərində “Koroğlu”nun əzəmətli
musiqisini xüsusi vurğulayıblar. Bu baxımdan Koroğlu
obrazının ilk və əvəzsiz ifaçısı
Bülbülün sözləri yerinə düşür:
“”Koroğlu” operası ilk tamaşadan sonra ürəklərə
yol tapdı, bir çox müğənnilərin ifasında
qardaş respublikaların səhnələrində, efirdə
tez-tez səslənməyə başladı. Mən
teatrımızın səhnəsində xalq qəhrəmanı
Koroğlu rolunda 400 dəfədən çox
çıxış etmişəm. Hər dəfə bu rolu
ifa edərkən Üzeyir bəyin sənətinə valeh
oluram. Bu operanın uvertürasına mən dəfələrlə
qulaq asmışam. Uvertüra başlananda insanı cuşa gətirir.
Elə bir musiqi həvəskarı tapılarmı ki, bu musiqi
onu həyəcana gətirməsin? Uvertüra operanın qəhrəmanı
kimi səslənir, bütün hadisələrin tərcümanı
kimi qəbul olunur. Üzeyir sənətinin qüdrəti
orasındadır ki, bəstəkarımız Azərbaycan xalq
musiqisinin, muğamlarımızın bütün incəliklərini
bilir, onun məlahətini duyur, öyrənir və xalqın
sevəcəyi yeni əsərlər yaratmaq üçün
geniş axtarışlar aparırdı”.
Opera 1938 və 1959-cu illərdə
Moskvada keçirilən Azərbaycan incəsənəti
dekadasında nümayiş etdirilmiş və 1941-ci ildə
müəllifinə Stalin mükafatı laureatı
adını qazandırmışdır.
“Koroğlu” operası Azərbaycan
musiqili teatrının parlaq yüksəlişinə səbəb
oldu. Onun səhnə taleyində Üzeyir Hacıbəyli musiqisini
dərindən duyan Niyazinin böyük rolu vardır. Operaya həmçinin
Əşrəf Həsənov, Rauf Abdullayev, Kazım Əliverdibəyov
və başqaları dirijorluq etmişlər. 75 yaşlı
“Koroğlu” səhnəyə qədəm qoyduğu gündən
neçə-neçə sənətkar nəsli
yetişdirib. Müxtəlif illərdə Koroğlu
obrazını yüksək peşəkarlıqla yaradan
Bülbül, Lütfiyar İmanov kimi sənətkarlarla
yanaşı, gənc nəslin nümayəndələri -
Samir Cəfərov, Həsən Enami, Ülvi Qılınc da
bu obrazın öhdəsindən layiqincə gələ
bilmişlər.
Əsər 1958-ci ilə qədər
İ.Hidayətzadənin, sonralar isə F.Səfərovun
quruluşunda təqdim olunmuşdur. Bülbüldən sonra
Koroğlunu Lütfiyar İmanov, Adil Məlikov
canlandırmışlar. Nigar rolunda isə Firəngiz Əhmədova,
Fidan Qasımova, Xuraman Qasımova çıxış
etmişlər.
Aşqabadda türkmən dilində
(1939), Daşkənddə özbək dilində (1950) səhnələşdirilmiş,
həmçinin Azərbaycan Dövlət Opera və Balet
Teatrının qastrol tamaşaları zamanı Təbriz,
Tiflis, Kiyev, Peterburq və s. şəhərlərdə
nümayiş etdirilmişdir. 2009, 2010-cu illərdə
TÜRKSOY-un təşkilatçılığı ilə keçən
Beynəlxalq İstanbul Opera Festivalı çərçivəsində
professor Rauf Abdullayevin dirijorluğu və Həsən Enami
(Koroğlu), Zemfira İsmayılovanın (Nigar) iştirakı
ilə tamaşaya qoyulan opera böyük müvəffəqiyyət
qazanmışdır.
Musiqi sənətimizin parlaq səhifəsi
olan “Koroğlu” operasının 75 yaşı münasibətilə
bəstəkarın ev-muzeyində sərgi təşkil olunub.
Sərgidə müxtəlif illərin tamaşalarının
afişa və proqramları, operadan müxtəlif səhnələri
əks etdirən fotoşəkillər və s. maraqlı
materiallar nümayiş etdirilir. İllər, əsrlər
ötüb keçəcək, lakin Üzeyir bəyin musiqisi
heç zaman qocalmayacaq, unudulmayacaq. Hər zaman öz layiq
olduğu yerlərdə - zirvələrdə səslənəcək.
Aytən
Heydərova,
Üzeyir Hacıbəylinin
ev-muzeyinin
baş mühafizi
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 10.