29
aprel “Beynəlxalq rəqs günü”dür
Rəqs
sənətimizin tanınmış simaları bu günün
ölkəmizdə də geniş qeyd olunmasını istəyirlər
Rəqs
insana psixoloji və mənəvi rahatlıq verir. O, sadəcə,
musiqinin müşayiəti ilə hər hansı hərəkətin
ifası deyil, əslində həyatın əksidir. Bu hərəkətlərlə
insanlar bir çox məqamları izah edə və ya
içindəkiləri göstərə bilərlər.
Hər rəqs özündə bir
mənanı, tarixi, incəsənəti yaşadır. Biz rəqs
vasitəsilə həm tarixi, incəsənəti öyrənir,
həm də mənəvi zövq alırıq. Amma bir
çoxları bunun mahiyyətinə varmır. Əgər qədim
zamanlarda rəqslər Allaha sitayiş, onun xeyir-duasını
almaq mənası kəsb edirdisə, müasir mədəniyyətdə
rəqslər daha çox əyləncə sahəsinə aid
edilir.
Hər xalqın özünəməxsus
rəqs mədəniyyəti var. Azərbaycanın milli rəqsləri
də qədim köklərə bağlanıb, özündə
zəngin tarixi yaşadır.
Dünyanın bir çox ölkələrində
rəqs sənətinin tarixinə, onun yaşadılmasına
böyük önəm verilir. Hər il 29 aprelin “Beynəlxalq
rəqs günü” kimi qeyd olunması buna sübutdur. Bu gün
1982-ci ildə UNESCO-nun qərarı ilə fransız
baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi
sayılan Jan-Jorje Noverin (1727-1810) xatirəsinə ehtiram olaraq
təsis edilib.
Bu günü bütün rəqs
dünyası - opera və balet teatrları, müasir rəqs
truppaları, xalq və müasir rəqs ansamblları, peşəkar
və özfəaliyyət artistləri bayramı kimi qeyd edirlər.
Azərbaycanda da “Beynəlxalq rəqs günü”nün
geniş qeyd olunması bu sənətdə
çalışan hər kəsin arzusudur. Rəqs sənəti
nümunələrimizin təqdim olunacağı, rəqssevərləri
bir araya gətirəcək günün keçirilməsi həm
də milli rəqslərimizin təbliği, gənc nəslin
bu xüsusda maariflənməsi baxımından önəmli
olardı. Həmsöhbət olduğumuz tanınmış rəqqaslar
da bu fikridədir.
Əməkdar artist, bir çox
filmlərdə rəqs səhnələrinin əvəzedilməz
ifaçısı Kamil Dadaşov: “Vaxtilə Milli
Konservatoriyanın nəzdindəki İncəsənət
Gimnaziyasında “Beynəlxalq rəqs günü” qeyd olunurdu.
İndi də ayrı-ayrı sənət ocağında bu
tarix yada salınır. Xalqımız rəqsi çox sevir,
bizim zəngin rəqs sənətimiz var. Amma onu
ortalığa çıxarmaq, təbliğ etmək
lazımdır. Rəqs tariximizlə öyünməliyik. Ona
görə də bu günün geniş qeyd olunmasını
istərdik”.
Rəqqas “Beynəlxalq rəqs
günü”nün ayrı-ayrı ölkələrdə sənət
bayramı kimi qeyd edildiyini bildirdi: “Kubada, ABŞ-da, Fransada bu
günün təntənə ilə keçirilməsinin
şahidi olmuşam. Kubada bu günə aylar öncəsi
hazırlığa başlayırlar. Bayram üçün
lazım olan geyimlər, məkan seçilir. Bu ölkədə
rəqs bayramını izləyərkən böyük
zövq aldım. Noverin vətəni Fransada da bu gün gözəl
qeyd olunur. Bizim də çoxlu rəqs ansambllarımız var.
Elə isə bayramın təntənəsi niyə bizdə
olmasın? Bütün dünyanın qeyd etdiyi bayramdan gərək
kənarda qalmayaq. Bunun üçün vaxtilə
respublikamızda keçirilən rəqs festivallarının
təcrübəsindən yararlanmaq olar. Həmin festivallara
bütün rayonlardan iştirakçılar gəlir və
gözəl rəqslər qurulurdu. Bu formatda “Beynəlxalq rəqs
günü”nü qeyd edə bilərik. Respublikanın
bütün rəqs kollektivlərini dəvət etmək olar.
Qoy hər kəs öz rəqsini, məharətini təqdim
etsin. İnanın ki, bu hamının çox xoşuna gələr”.
Müasir rəqqaslardan söz
açan sənətkar bir gileyini də bildirdi: “Gənclərin
daha çox müasir rəqslərə üstünlük
verməsi məni narahat edir. Bizim gözəl rəqs ənənəmiz
var. Müasir rəqslə xaricdə uğur qazanmaq
mümkün deyil. «Mirzəyi», «Vağzalı»,
«Qaytağı» kimi lirik rəqslərimiz var. Gərək
onları yaddan çıxarmayaq. Rəqsi müasir musiqi ilə
deyil, folklorumuzla qurmaq lazımdır”.
Əməkdar artist Aliyə
Ramazanova da həmkarı ilə eyni fikirdədir: “Hələ
sovetlər dövründə biz xarici ölkələrdə
Azərbaycanın gözəl rəqslərini təbliğ
etmişik. Çünki bu bizim milli sənətimiz, mədəni
sərvətimizdir. Avropada, Asiyada, ərəb ölkələrində,
Afrikada milli rəqslərimizi təbliğ edirdik. Belə
bayramların keçirilməsi sevindirici haldır. Arzu edərdim
ki, bizdə “Beynəlxalq rəqs günü” sənət
bayramı kimi qeyd olunsun, rəqslərimiz nümayiş
olunsun. Əvvəllər festivallar zamanı yaşlı və
güclü baletmeysterlər öndə olmaqla çoxlu
özfəaliyyət dərnəkləri bir araya gəlirdi.
Bir neçə ay məşqlər keçirilirdi. Festival
zamanı rəqs kollektivləri şəhərimizin müxtəlif
yerlərində - Füzuli meydanında, İçərişəhərdə
Qoşa qala qapılarında çıxış edirdi. Milli
rəqslərimizin yaşaması, təbliği
üçün belə bayramlara, günlərə ehtiyac
var”.
Müasir dövrdə texnika ilə
qurulmuş rəqslərə üstünlük verildiyini
bildirən A.Ramazanova xarici rəqslərə marağın
artmasının xoşagəlməz hal olduğunu bildirdi: “Rəqslərdə
milli kolorit getdikcə azalır. Tariximizi saxlamaq istəyiriksə
milli rəqslərə, milli koloritə fikir verməliyik. Bu
işdə məsuliyyətli olmaq lazımdır. Biz saatlarla
konsert verir və yoruldum demirdik. Yorğun olduğumuzu
yalnız evə çatanda hiss edirdik. Heç bir bayramı
evdə televizor qarşısında keçirmirdim.
Bütün bayramlarda insanların içində olur, onlara
milli rəqslərimizi təqdim edirdik. Müasir rəqqaslarımızın
da bu qədər cəsarətli olmalarını
arzulayıram”.
Gülər
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 10.