Azərbaycan
haqqında nə bilirsiniz?
BMT-nin Azərbaycanda turizmin inkişafı layihəsi
çərçivəsində növbəti
sorğu-araşdırması maraqlı nəticələr
ortaya qoyub
BMT-nin
Azərbaycanda turizmin inkişafı layihəsinin sifarişi ilə
«Business İnsight İnternational Research GROUP» (“Business
İnsight”) Almaniya paytaxtında keçirilən “İTB Berlin
2012” sərgisində Azərbaycanla bağlı
araşdırma aparıb. “Azərbaycan haqqında nə
bilirsiniz?” adlı sorğu-araşdırmanın məqsədi
xarici turistlərin Azərbaycan haqqında məlumatlılıq
səviyyəsini öyrənmək və turizm vərdişlərini
ətraflı şəkildə tədqiq etməkdən ibarətdir.
“İTB Berlin 2012” sərgisinin davam
etdiyi günlərdə (7-11 mart) layihə çərçivəsində
xüsusi olaraq hazırlanmış anket gələn ziyarətçilərə
və iştirakçılara paylanıb. Sorğuda 521
respondent iştirak edib.
Sorğuda təqdim edilən ilk
sual insanların xarici turist səfərlərində
iştirakı ilə bağlı olub. Sərgini ziyarət edən
respondentlərin əksəriyyəti (47%) ildə 2-3 dəfə
xaricə turist səfərinə
çıxdığını bildirib. İldə bir dəfə
xaricə səfər edənlər respondentlərin 42,4 faizini
təşkil edib. Qalan 0,8% isə turist səfərinə getmədiyini
qeyd edib. Sorğu nəticəsində o da məlum olub ki,
turistlər səyahətə əsasən həyat
yoldaşları ilə (50,5%) gedirlər.
Əcnəbi turistlərin getdiyi
ölkələrdə xərclədikləri vəsait ölkələrin
iqtisadiyyatı üçün çox əhəmiyyətlidir.
Elə bu səbəbdəndir ki, turizmə dünya
iqtisadiyyatının intensiv inkişaf edən gəlirli bir sahəsi
kimi baxırlar. Bu amili nəzərə alaraq respondentlərə
ünvanlanan “Xaricə səyahət zamanı adambaşına
orta hesabla nə qədər pul xərcləyirsiniz” (nəqliyyat
və yaşayış daxil olmaqla) sualına verilən
cavablardan məlum olur ki, onların 34,9%-i xaricə səyahət
zamanı adambaşına 800-1200 avro vəsait sərf edir.
Yalnız 2,3% respondent adambaşına 3000 avrodan çox xərclədiyini
deyib.
Sorğunun nəticələrindən
bəlli olur ki, xarici səyahətə 800-1200 avro arası xərcləyən
turistlər arasında Azərbaycan haqqında eşidənlər
və ya Azərbaycanı görmək istəyində olanlar
çoxluq təşkil edir.
Turistlər
mədəni irsimizə maraq göstərir
Sorğuya cəlb olunan respondentlərin
71,7%-i xarici səyahət yerini seçərkən mədəni
irsə önəm verdiklərini deyiblər. Onların fikrincə,
bu amil səyahət yerini seçərkən prioritet
faktorlardandır. Eyni zamanda ölkəmiz haqqında məlumatlı
olan respondentlərin əksəriyyəti Azərbaycanın mədəni
irsinə çox böyük önəm verdiklərini qeyd
ediblər.
“Tətil yerini seçərkən
ən çox hansı məsələlərə diqqət
yetirirsiniz” sualına cavab olaraq ikinci yerdə “qiymət” faktoru
qeyd edilib (62,2%). Verilən cavablar arasında “SPA və
sağlamlıq imkanları” faktoru 39,5%-lə
üçüncü yerdədir. “Mətbəxin zənginliyi”
isə respondentlərin 25,1% üçün prioritet məsələ
kimi dəyərləndirilib.
Respondentlərin demək olar ki,
hamısı Türkiyə haqqında eşitdiyini (99,8%), təxminən
yarısı isə bu ölkəyə səyahət etmək
istədiyini qeyd edib (41,1%). Azərbaycan respondentlər tərəfindən
nisbətən az tanınan ölkə kimi qeyd edilsə də
(94,6%), Türkiyədən sonra səyahət
üçün arzu olunan ikinci ölkədir (26,5%). Təhlillər
göstərir ki, gender baxımından Azərbaycanı
tanıyanların əksəriyyətini (53.6%) qadınlar təşkil
edir.
“Eurovision” müsabiqəsi ölkəmizi təbliğ
edir
Araşdırmanın nəticələri
göstərir ki, Azərbaycan «Eurovision» mahnı müsabiqəsinin
Bakıda keçiriləcəyinə görə daha çox
tanınır (74,1%). Ötən il təmsilçilərimizin
bu müsabiqədə əldə etdikləri qalibiyyət
xarici vətəndaşların Azərbaycan haqqında məlumatlılığına
böyük təsir edib. Respondentlərin cavabları göstərir
ki, Azərbaycan «Eurovision» müsabiqəsindən öncə
xarici vətəndaşlar tərəfindən kifayət qədər
tanınmırdı. Nəticələrə əsasən demək
olar ki, ölkəmizi məşhur edən ikinci amil onun zəngin
təbii sərvəti olan neftidir (11,7%). Cavablardan
göründüyü kimi, Azərbaycanı qədim paytaxt
olan Bakı şəhəri ilə assosiasiya edənlər
10%, “İpək Yolu” ilə assosiasiya edənlər isə 7,3%
təşkil edir.
Respondentlərin 39,5 faizinin fikrincə,
Azərbaycan yeni turistlər cəlb etmək üçün
tarixi irs yerlərinə səfərlər təşkil etməlidir.
Lakin digər bir qrup respondentə görə, Azərbaycanın
orijinal səyahət ləzzəti bəxş edən bir
ölkə kimi (39%) özünü təşviq etməsi
daha məqsədəuyğun olardı. Həmçinin
ölkəmizin “macəra” səyahətinə
üstünlük verməsini istəyənlər 37,6% təşkil
edir. Cəmi 0,2% respondent isə Azərbaycanın viza şərtlərini
yüngülləşdirməsinin zəruri olduğunu qeyd
edib.
Təhlillər göstərir ki,
“Macəra”, “Digər bir ölkənin orijinal ləzzəti” və
“Aktiv asudə tədbirləri” cavabları 30-40 yaş qrupu tərəfindən
daha çox dəstəklənir.
Bundan başqa, “Kütləvi turizm
yerləri olmayan yeni yerləri ziyarət etmək” və
“Ekoturizm” kimi faktorlar da 30-40 yaş qrupu tərəfindən dəstəklənən
faktorlardandır.
Turizm təşkilatları belə
araşdırmaların nəticələrini nəzərə
almalıdır
Sorğunun nəticələri təsdiq
edir ki, respondentlərin səyahətlə bağlı məlumat
almaq üçün üz tutduqları əsas mənbə
veb-səhifələrdir (53,6%). Verilən cavablar göstərir
ki, xaricə səfərə gedənlərin önəmli bir
qismi dost və tanışlarının tövsiyələrinə
üstünlük verirlər (40,3%). Jurnal (8,6%) və qəzetlər
də (8,6%) həmin məqsədlə istifadə olunan
informasiya mənbələridir. Araşdırmada televiziya
kanalları da çox populyar mənbədir (22-27%).
Araşdırma nəticələri
təsdiq edir ki, Azərbaycanın yerləşdiyi coğrafi
mövqe, turizm üçün əlverişli təbii şəraiti,
son dövrlərdə infrastrukturun inkişaf etdirilməsi və
eləcə də əhəmiyyətli beynəlxalq tədbirlərin
ölkədə təşkil edilməsi səfər edənlərin
sayının artmasına gətirib çıxaracaq. Turizm təşkilatları
belə araşdırmaların nəticələrini nəzərə
almalıdırlar. Ölkənin yeni imicinin formalaşdırılması
məqsədilə milli səviyyədə marketinq siyasətinin,
həmçinin beynəlxalq arenada Azərbaycan və yeni tur
portfellər haqqında məlumatların yayılması və
digər konkret marketinq tədbirlərinin həyata
keçirilməsi tövsiyə olunur.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 9.