Gənc
istedadın növbəti uğuru
Yaşının az olmasına baxmayaraq,
qazandığı uğurlar, vətəninə gətirdiyi qələbələrin
sayı ilə adından tez-tez söz etdirir. Geniş vokal
imkanları ilə müsabiqə və festivallarda uğurlar
qazanan, əldə etdiyi nailiyyətlərlə kifayətlənməyək
daim irəliyə, daha böyük qələbələrə
can atan Yasinin tərcümeyi-halı da bu mənada zəngindir.
Yasin Həsənov 2000-ci ildə
Bakıda dünyaya göz açıb. 2008-ci ildən Tofiq
Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin vokal
sinfində təhsil alır. Fərqli səs və ifa
manerası ilə seçilən Yasin 2009-cu ildən
başlayaraq müxtəlif müsabiqə və festivallara
qatılaraq diplomlar qazanıb. 2010-cu ildə "V&V
Company" tərəfindən keçirilən tədbirdə
“Gənc istedadlar” nominasiyasında Qran-priyə layiq
görülərək “İlin ən gənc müğənnisi”
adını alıb. Həmin il Mahnı Teatrında
keçirilən "Zirvədəkilər" müsabiqəsinin
diplomantı olub.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə müxtəlif beynəlxalq
müsabiqə və festivallara qatılan Yasin ötən il
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən
XII "Prazdnik detstva" Beynəlxalq uşaq müsabiqəsində
27 ölkədən gələn 700 iştirakçı
arasında Qran-priyə layiq görülüb. Belarusun
Mozır şəhərində təşkil olunan VII
"Zemlya pod belımi krılyami" adlı Beynəlxalq
vokal müsabiqəsində də 25 ölkədən 600
iştirakçı arasında Qran-pri ona nəsib olub.
Növbəti Qran-prini isə 2011-ci ilin mayında
Rumıniyanın Oneşti şəhərində keçirilən
XVI Beynəlxalq "Tİ AMO" pop müsabiqəsində
qazanıb. Ötən il həmçinin Belarusun Klimov şəhərində
gerçəkləşən "Zolotaya pçyolka" beynəlxalq
uşaq müsabiqəsində uğurla iştirak edərək
xüsusi diplom və II yerlə mükafatlandırılıb.
Bundan əlavə, 2011-ci ilin
yayında Belarusun Vitebsk şəhərində “Slavyan
bazarı” IX beynəlxalq uşaq müsabiqəsindən II yer,
noyabrda Almaniya paytaxtında keçirilmiş “Berliner Perle-2011”
beynəlxalq musiqi müsabiqəsindən I yer və xüsusi
mükafatla qayıdıb. Qazandığı nailiyyətlərə
görə ölkə başçısının sərəncamı
ilə adı gənc istedadların «Qızıl kitab»ına
yazılmaqla Prezidentin xüsusi təqaüdünə layiq
görülüb.
Vaxtilə istedadlı
uşaqların təmsil olunduğu “Bəri bax” qrupunun solisti
olan Yasin hazırda musiqinin sirlərini Xalq artisti Rauf Babayev və
istedadlı vokalçı Ramil Qasımovdan öyrənir.
Yeniyetmə musiqiçinin vokal imkanlarına uyğun
mahnılar da yazılıb. Bu nümunələr arasında bəstəkar
mahnılarımızdan “Vətənim”, “Dostuma məktub”,
“Ana”, “Azərbaycanım”, “Mənim dünyam”, “Bakı”
“Dostlar” və s. mahnıları qeyd etmək olar. Yasinin 20
mahnıdan ibarət iki albomu və “Vətənim” adlı
klipi də işıq üzü görüb.
Onunla budəfəki
görüşümüzün səbəbi də növbəti
uğuru, yeni nailiyyətidir. Qoy bu barədə özü məlumat
versin:
- Aprelin 18-19-da Moskvanın ‘’Borodino
Xoll” konsert zalında populyar mahnıların gənc
ifaçılarının “Detskaya novaya volna 2012” adlı beynəlxalq
müsabiqənin yarımfinal mərhələsi gerçəkləşdi.
Ümumilikdə 4 mərhələdən ibarət müsabiqə
8-13 yaş qrupunda keçirilir. Təxminən bir ay əvvəl
mən müsabiqənin birinci mərhələsində
çıxış etdim və səbirsizliklə nəticələri
gözləməyə başladım. Bir aydan sonra müsabiqənin
təşkilatçıları tərəfindən Mədəniyyət
və Turizm Nazirliyinə məktub və mənim adıma
yarımfinalda iştirak üçün dəvətnamə gəldi.
Məktubda mənim birinci mərhələdən birbaşa
yarımfinala vəsiqə qazandığım bildirilirdi. Bunu
eşidəndə çox sevindim. Beləliklə, aprelin
18-19-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə həmin yarışmada iştirak etdim. İnanın
ki, gecə-gündüz böyük həyəcanla bu
müsabiqəyə hazırlaşırdım. Müəllimlərim
- Xalq artisti Rauf Babayev və Əməkdar artist Məlahət
İsmayılova ilə Azərbaycanı təmsil edəcəyim
mahnılar üzərində işləyirdik».
Yarımfinalın birinci mərhələsində
18 ölkədən 150 nəfər iştirakçı
yarışıb. Azərbaycanla yanaşı Rusiya, Ukrayna,
Belarus, Almaniya, Estoniya, Moldova təmsilçilərinin
qatıldığı yarışmada ikinci mərhələyə
vəsiqə qazanan 30 iştirakçının arasında
Yasin də vardı. Yasin bu mərhələdə dünyaca
şöhrətli Müslüm Maqomayevin repertuarından ifa
etdiyi «Azərbaycan» mahnısı ilə münsiflərin
böyük rəğbətini qazanıb. 19 apreldə
keçirilən ikinci mərhələdən də qalib
ayrılan Yasin finala vəsiqə qazanan 15
iştirakçıdan biridir.
İfaları ilə məşhur
musiqiçilərdən ibarət olan münsiflər heyətini
heyrətdə qoyan Yasin artıq final həyəcanını
gözləyir. İnanırıq ki, yeniyetmə
istedadımız 15-17 avqust tarixlərində keçiriləcək
final mərhələsindən də qalib qayıdacaq.
Yasin onda sənətə məhəbbət yaratmış görkəmli sənətkarların yolunu davam etdirmək istəyir: «Hər dəfə korifey sənətkarlarımızın ifalarını dinlədikcə bu arzu ilə yaşayıram. Buna görə də daim öz üzərimdə çalışmaq, əldə etdiklərimlə kifayətlənməyərək daha böyük nailiyyətlərə can atmaq istəyirəm. Bilirəm ki, bu, çətindir. Amma mümkündür. Ona görə də gələcəkdə Bülbül, Müslüm Maqomayev və Rəşid Behbudov kimi ölməz sənətkarlarımızın yolunun davamçısı olmaq istəyirəm”.
H.Rüstəmova
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 8.