İşıq
və kölgənin əsrarəngiz dünyası
Rəşad
Ələkbərov: “Yaradıcılıqda ən əsası
mənəvi rahatlıqdır”
Sənətin haradan başlayıb harada bitməsi heç kimə məlum deyil. Hansı
tərəfdən yanaşsan,
o, istənilən halda
özünəməxsus bir
dünyadır ki, öz sirləri, qanunları, əbədiyyəti,
yaşamı var. Müsahibim
də sənətin özünəməxsusluğundan danışdı.
Rəssam Rəşad Ələkbərov
1979-cu ildə Bakıda
anadan olub. Mədəniyyət və İncəsənət
Universitetində təhsil
alıb. Rəssamlığa isə lap uşaqlıqdan
başlayıb.
“Yadıma
gəlir, uşaq ikən evimizin divarlarında rəsmlər
çəkirdim. Bu rəsmlərim evimizin divarlarında uzun illər qaldı. Atam mənə şərait yaradırdı. Uşağın inkişafında valideyndən
çox şey asılıdır” - deyən
Rəşadın bugünkü
işləri orijinallığı
ilə seçilir.
Rəssam işıq-kölgə prinsipi ilə işləyərək şüşə,
qab-qaşıq, digər
əşyalarla maraqlı
kompozisiyalar yaradır.
- Rəsmlər
necə yaranır, yəni ideya nədən doğur? Bu rəsmlərdə önəmli olan nədir?
- İdeya
qəfil yaranır.
Bunu izah etmək çətindir. Birdən ideya
gəlir və əsər yaranır.
Önəmli olan isə hər şeydir. Yaradıcılıqdır. Bu prosesin özüdür. Orada qoyulan
ideyadır. O ideyanı
yaradan səbəblərdir.
İnsandır, faktdır.
- Necə oldu ki, işıq-kölgə
ilə rəsmlər meydana gəldi?
- Təxminən
10-12 ildir ki, bu üsulla rəsmlər yaradıram.
Bunun yaranması təsadüfən
oldu. Deməzdim ki, oturdum düşündüm və
alındı. Düşünmədən,
plan qurmadan. Sonra sərgilərə
çıxdım. İlk dəfə
2000-ci ildə Bakıda
sərgidə iştirak
etdim. Daha sonra İsveçrə, Fransa, İtaliya və s. ölkələrdə
sərgilərə qatıldım.
Bu tədbirlərdə iştirakın yaradıcılığa
müsbət təsiri
var.
- Sizin rəsmləri alıb evdən asmaq mümkün deyil. Yəni işləriniz ancaq muzeydə sərgilənə
bilir. Bu, rəssamı narahat etmir ki?
- Bu vaxta qədər bir işimi satmışam. İtaliyanın Venesiya şəhərində.
Həmin insan bu iş üçün
evində bir guşə ayırmışdı
və mən onun evinə gedib rəsmi qurdum. “Şəhərlər”
adlı həmin rəsmə bir tərəfdən işıq
düşəndə Şərq
şəhəri, digər
tərəfdən işıq
düşəndə Qərb
şəhəri yaranır.
İşlərimin satılma
ehtimalının az olması isə məni bir o qədər narahat etmir. Bu
mənim sevdiyim işdir. Yaradıcılıqda ən əsası
mənəvi rahatlıqdır.
Son bir ildə
təkliflər almışam.
Kompozisiyalarım böyük şirkətlərdə,
hotellərdə, foye və qalereyalarda quraşdırıla bilər.
Düzdür, şəxsi evlərdə
quraşdırmaq, saxlamaq
bir qədər çətinliklər yaradır,
lakin irimiqyaslı məkanlarda bu mümkündür.
- Rəssamlıqdan
başqa nə ilə məşğul olursunuz?
- Qazanc mənbəyi kimi dizayn işi ilə məşğulam.
Bu da rəssamlığa
yaxın sənətdir.
Yaratmaqdır, zövq tələb
edən işdir.
- Sizcə, sənəti öyrətmək
olar?
- Rəsm çəkməyi, ustalıqla
fırça-qələmdən istifadəni qısa zamanda öyrənmək olar. Əsas məsələ düşünə bilmək,
analiz etmə bacarığıdır. Sözsüz ki, hər işdə
olduğu kimi, burada da təcrübənin
rolu böyükdür.
Rəssamlığa istiqamət vermək
olar, lakin öyrətmək çətin
məsələdir.
- Rəsmlərinizdə
Bakı təsviri də yer alır.
Sizcə,
məkan yaradıcı
insanın ilham qaynağı kimi nə dərəcədə
önəm daşıyır?
- Mənim üçün önəmli
olan məkandan daha ziyadə ünsiyyətdir. İnsanlarla
ünsiyyətdən, informasiya
mübadiləsindən meydana
bir iş çıxır. İlham mənbəyi
insanın gündəlik
həyatıdır. Ətraf
mühitdir, bu an baş verəndir.
Harada bu proses varsa, həmin məkan da yaradıcılıq
yeridir.
- Kimlərdən
dərs almısınız?
Hansı
məşhur rəssamları
özünüzə müəllim
hesab edirsiniz?
- Ta qədimdən
bu günə qədər dünyada dahi rəssamlar olub və təbii
ki, onların yaradıcılığından çox şey öyrənmək olar. Azərbaycanda da Səttar
Bəhlulzadə, Mikayıl
Abdullayev, Tahir Salahov, Böyükağa Mirzəzadə və digərlərinin adını
çəkə bilərəm.
Hər kəsdən nəsə götürmək, öyrənmək
olur.
- Sizdən sonra gələn gənc rəssamlara istiqamət verirsiniz?
- Təbii ki, sərgilərdə, tədbirlərdə mənə
yaxınlaşanda, soruşanda
onlara zaman ayırıram, maraqlandıran
məqamları bölüşürəm.
İstiqamət verirəm. Çünki gənclər arasında çox istedadlı uşaqlar var. İnsan yeni potensialı gördükdə özündə
də stimul artır. Bu həmçinin
bir borcdur. Sənə öyrədiblər və
sən də özündən sonra gələnlərə öyrədirsən.
- Yəqin qarşıda yeni sərgilər, layihələr
var...
- May ayında Müasir İncəsənət
Mərkəzində sərgi
keçiriləcək. Həmin sərgidə
fərqli bir işlə - heykəllə
iştirak edəcəyəm.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə keçirilən
“Bakıya uşuş”
(“Fly to Baku”) silsilə sərgilərində
“Bakı buxtası” işimlə iştirak edirəm. Sərgi artıq Londonda
və Parisdə təqdim olunub.
Berlin, Nyu-York və s.
şəhərlərdə keçirilməsi də nəzərdə tutulur. Düşünürəm ki,
bu il
maraqlı layihə və tədbirlərlə
yadda qalacaq.
Söhbətləşdi: Reyhan
İsayeva
Mədəniyyət.-
2012.-27 aprel.- S. 8.