Vətəndə
vətənsiz teatrın sənət dünyasından
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
Ölkənin qocaman sənət ocaqlarından, milli
teatrımızın ilk binələrindən biri də qədim
yurd yerimiz olan İrəvanda yaradılan, özünəməxsus
yaradıcılıq yolu keçən və bu gün də
tarixi adını yaşadan İrəvan Dövlət Azərbaycan
Dram Teatrıdır. Artıq neçə illərdir ki, tarixi
torpaqlarımızı tərk etməyə məcbur olmuş
minlərlə soydaşımız kimi vətəndə vətənsiz,
doğma yurdda didərgin, qaçqın taleyi yaşayan teatr
bütün çətinliklərə baxmayaraq, böyük
sənət üçün yüksək amallara xidmət
yolundan dönməyib. Bizimlə müsahibəsində bu məqamı
xüsusi qeyd edən teatrın direktoru, Əməkdar mədəniyyət
işçisi İftixar Piriyev zəngin tarixə malik
teatrın dünəninə boylandı, keçmişinə
nəzərlə söhbətə başladı.
- Mirzə Fətəli Axundzadənin
komediyaları ilə 1873-cü il mart ayının 10-da
Bakıda və elə həmin ildə Tiflisdə peşəkar
Azərbaycan teatrının bünövrəsi qoyuldu. Bir
müddət sonra, 1882-ci il aprelin 2-də isə İrəvanda
peşəkar teatrımız yarandı. Daha sonralar Azərbaycanın
əksər bölgələrində teatrlar yarandı,
inkişaf etdi, milli mədəniyyətimizə öz töhfələrini
verdi. Cəfər Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrı ilə bağlı diqqəti çəkən
bir məqam da budur ki, İrəvanda Azərbaycan
teatrının tarixinin daha əvvələ təsadüf etməsinə
dair kifayət qədər faktlar var. İrəvan Azərbaycan
Teatrının yaradıcılıq yolu böyük çətinliklərdən
keçib. Teatr dəfələrlə düşmən qəsdinə
məruz qalaraq qapadılmış, mərkəzdən əyalətə
köçürülmüş, doğma yurdundan didərgin
salınmışdır. Lakin bu qocaman sənət
ocağı əzmkar sənət fəaliyyəti ilə həmişə
düşmənlə layiqli mübarizə aparmış və
bu mübarizə indi də davam etməkdədir.
- Necə
düşünürsünüz, hər teatrın dəst-xəttini
mütləq olaraq rejissor müəyyən edir?
- Bəli, teatrın yaradıcılıq
istiqamətini rejissorlar müəyyənləşdirir. Lakin dəst-xətt
deyilən bir amil artıq öz mahiyyətini itirmişdir.
Dünya teatrları birşaxəli inkişafın
çoxşaxəli inkişafla əvəz olunması mərhələsini
çoxdan aşmışdır. Ona görə də teatrlar
öz dəst-xətt anlayışından müxtəlif
üslublu əsərlərin meydana gətirilməsi ilə
geniş miqyas ala bilən ölçüsüz bir mahiyyət
anlayışına yüksəlməlidirlər. Məhz
inkişaf da bu müstəvidən boy verə bilər.
- Teatrınızın repertuar siyasətini
necə müəyyənləşdirirsiniz?
- Bildiyiniz kimi, İrəvan
Teatrı erməni millətçiləri tərəfindən
xalqımıza qarşı törədilən etnik təmizləmə
nəticəsində Azərbaycanın əzəli
torpaqları olan Qərbi Azərbaycan adlı məmləkətdən
1989-cu ildə respublikamızın paytaxtı Bakı şəhərinə
deportasiya olunmuşdur. Ona görə də repertuar müəyyənləşdirilən
zaman, Azərbaycan və dünya dramaturgiyası ilə
yanaşı, vətənpərvərlik mövzusunda olan əsərlərə
də geniş yer veririk. Hesab edirik ki, Ermənistan tərəfindən
zəbt olunmuş Qarabağ torpaqları azad olunana və
İrəvan Teatrı öz yurduna, İrəvan şəhərinə
dönənədək teatrın repertuar siyasətini məhz
bu məntiq üzərində qurmaq daha doğrudur.
- İrəvan teatrı və ona gənclərin
münasibəti: aktyor kontingentinizdə gənclərin
üstünlüyü varmı?
- Mən bu teatra 2000-ci ildən rəhbərlik
edirəm və ilk gündən teatrın yaradıcı və
texniki heyətinin gənc qüvvələrlə zənginləşməsini
prioritet hesab etmişəm. Nəticə etibarilə bu gün
İrəvan Teatrında çoxlu istedadlı gənc fəaliyyət
göstərir ki, onların da hər biri təkcə öz
istedadları ilə kifayətlənmir, həm də yorulmadan,
teatr sənətini sevə-sevə bir gündə bir neçə
əsərin məşqlərində böyük həvəslə
çalışırlar. Hazırda teatrımızda ölməz
M.F.Axundzadənin “Mürafiə vəkilləri”, Azərbaycanın
görkəmli ədibi İlyas Əfəndiyevin “Büllur
sarayda”, görkəmli şair-dramaturq Hidayətin “Vətəndən
Vətənə deportasiya” (ad şərtidir) və mənim
müəllifi olduğum “Soyqırımı tarixinin
dastanı” mənzum əsəri üzərində
yaradıcılıq işləri aparılır və burada
da əsasən gənclər aparıcı qüvvə kimi
iştirak edirlər.
- Ölkədəki digər
teatrlarla yaradıcılıq əlaqələriniz hansı səviyyədədir?
- Qürur hissi ilə qeyd etmək
istəyirəm ki, İrəvan Teatrı 2000-ci ildən bu
günə qədər bir neçə istər
ümumrespublika, istərsə də beynəlxalq layihələrin
təşəbbüskarı və iştirakçısı
olmuşdur. Bir neçə tamaşanı paytaxt
teatrlarının birgə məhsulu olaraq
tamaşaçılara təqdim etmişik: Ü.Hacıbəyli
- “O olmasın, bu olsun”, S. Rəhman - “Yalan”, Hidayət - “Bu
dünyanın adamları”, A. Babayev - “Xilaskar”, İftixar - “Dan
yeri söküləndə”. Bu tamaşaların hazırlanmasında
Akademik Milli Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar,
Rus Dram, “Yuğ”, Sumqayıt Musiqili Dram teatrlarının sənətkarları
İrəvan Teatrının kollektivi ilə
çiyin-çiyinə çalışmışlar. Bundan əlavə,
Türkiyədə beynəlxalq layihə kimi hazırlanan Z.Papaqçının
“Çanaqqalaya can verənlər” əsərinin
tamaşasında İrəvan Teatrı iştirak etmiş,
daha sonra mənim müəllifi olduğum “Körpü” əsərinin
beynəlxalq layihə kimi hazırlanmış və layihədə
Gürcüstanın Xalq artisti Dimitri Caiani, Tiflis Dövlət
Azərbaycan Dram Teatrının aktyoru Turqay Vəlizadə və
Dərbənd Ləzgi Musiqili Dram Teatrının aktyoru, Əməkdar
artist Ağaxan Ağaxanovun da iştirak etmişdir.
Premyerası Bakı və Tiflis şəhərlərində
oynanılan səhnə əsəri teatrımızın
qazandığı nüfuzun göstəricidir.
Ötən il hazırlanan və
özünəməxsusluğu ilə seçilən daha iki
layihə - Beyləqan rayonunda “Soyqırımı” abidəsinin
və açıq havada yaradılmış “Azərbaycanın
Dövlətçilik Tarixi” muzeyinin parkında nümayiş
olunan doktor Z.Papaqçının “Soyqırımı abidəsinin
dastanı” və mənim müəllifi olduğum
“İşıqlı, nurlu sabah” mənzum əsərləri də
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılandı.
- Dəvətli rejissorların
quruluşuna müraciət edirsinizmi? Elədirsə, bu
hansı ehtiyacdan yaranır?
- İrəvan Teatrının
2000-ci ildən bəri, son dörd ilə qədər
apardığı iş prodüserlik sistemi ilə həyata
keçirilmişdir. Bu iş prinsipi teatra həmin müddətdə
60-dan çox tamaşanın hazırlanmasına imkan
yaratmışdır. Truppanın müxtəlif rejissorlarla
ünsiyyəti, müxtəlif üslublu yaradıcılıq
mühiti ilə qarşılaşması, yaradıcılıq
emalatxanasının zənginləşməsinə xidmət
edir. Bu gün də, baxmayaraq ki, teatrımızın
istedadlı baş rejissoru vardır (Əməkdar incəsənət
xadimi Oruc Qurbanov - red.), biz yenə də tamaşaların
hazırlanması üçün başqa rejissorları da dəvət
edirik.
- Yeni dramaturqlar nəsli və
onların zamanla səsləşən əsərləri
sarıdan əksər teatr direktorları gileylidirlər. Siz
necə düşünürsünüz, zamanın nəbzini
tutan ədəbiyyat nümunələri yaranmır, yoxsa
teatrlar yeni adlardansa məşhur əsərlərə
üstünlük verirlər?
- Mən hesab edirəm ki, bu,
çox ciddi və diqqət yetirilməsi vacib olan bir məsələdir
və buna mütləq milli strategiya nöqtəsindən
baxılmalıdır. Ayrıca bir proqram işlənib
hazırlanmalıdır. Ümumiyyətlə, milli-mənəvi
sərvətimizin yeni resurslarının aşkarlanması və
ya yaradılması istiqamətində, o cümlədən ədəbiyyat
sahəsində, bu sahənin çətin janrı olan
dramaturgiyanın inkişaf etməsi məqsədi ilə
xüsusi iş aparılmalıdır. Yalnız belə olan
halda bu sahə dirçələ bilər. Mən
teatrımıza təqdim olunan hər bir yeni, istedadla
yazılmış əsərin üzünə
qapılarımızı açıq elan etmişəm.
- Azərbaycan teatrı bu gün
özünün yeni inkişaf mərhələsini
yaşayır. Artıq teatrın məqsəd və məramında
da müəyyən tendensiyalar müşayiət
olunmaqdadır. Bu barədə sizin də fikirlərinizi bilmək
maraqlı olardı...
- Şübhəsiz ki,
teatrlarımız böyük bir ictimai quruluşun tənəzzülündə
bataqlığa düşmüş bir haldan sonra özünə
yenicə gəlməyə başlayır və burada da
dövlət qayğısı mühüm əhəmiyyət
kəsb edən amildir. Bəllidir ki, hər bir inkişaf bir
çaxnaşmanın labirintində bərkiyir və
özünə güc, stimul tapa bilir. Ümumiyyətlə, mən
hesab edirəm ki, hər bir müəssisə mütləq və
mütləq öncə təfəkkür islahatları həyata
keçirməlidir və bu məsələyə
ağlın dərk edə bilmədiyi miqyasdan boylanmağa
çalışmalıdır. Bu məsələnin həllinə
nail olunduqdan sonra yaradılmış şəraitdə, hətta
şəraitsizlikdə belə inkişaf və yeniləşmə
perspektivinin bütün yollarını açmaq
mümkündür. Bugünkü dövlət
qayğısı fonunda isə inkişaf edə bilməmək
şikəst olmağa bərabərdir. Qayğıdan kim səmərəli
yararlana biləcək, o da inkişaf edəcəkdir.
Qayğının mənasını yanlış anlayanlar tənəzzülə
doğru gedəcək və belə halın da nəticəsi
məlumdur. Hazırda hər bir teatr öz içindən
yeniləşməyə çalışır və hesab
edirəm ki, Azərbaycan teatr sənəti inkişaf mərhələsinin
zirvəsinə qədər yüksələ biləcəkdir.
Mən bu məsələyə nikbin baxmağın tərəfdarıyam.
- İrəvan Azərbaycan
Teatrının qastrol səfərləri və iştirak
etdiyi tədbirlər barədə nə deyə bilərsiniz?
- İrəvan Teatrının
2007-ci ildə Prezident sərəncamı ilə 125 illik yubileyinin
qeyd olunmasına qədər göstərdiyi fəaliyyət,
yubileydən sonrakı dövrdə daha yüksək mərhələyə
qədəm qoydu. Yubiley tədbirləri Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə Türkiyə Cümhuriyyətində
bir neçə şəhərdə qeyd olundu. Daha sonra teatr
nazirliyin xətti ilə iki dəfə Gürcüstanda, iki dəfə
Dağıstanın Dərbənd şəhərində
uzunmüddətli qastrol səfərlərində oldu.
Keçən ilin noyabr ayında nazirliyin dövlət müstəqilliyimizin
bərpa olunmasının 20-ci ildönümü münasibətilə
həyata keçirdiyi tədbirlər planı çərçivəsində
kollektivimiz Türkiyənin Qars, Ankara, İstanbul, Manisa,
Muğla, Quşadası kimi şəhərlərində ulu
öndər Heydər Əliyevin 90-cı illər siyasi fəaliyyətindən
bəhs edən “Xilaskar” əsəri (A.Babayev) ilə təmsil
olundu və çox böyük uğurlar əldə edərək
altı mötəbər mükafatla təltif olundu.
- Hazırda hansı yeni
tamaşanı hazırlayırsınız?
- Hazırda teatrımızda
yuxarıda adlarını çəkdiyim dörd böyük
əsərin - M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə
dövlət sifarişi ilə hazırlanan “Mürafiə vəkilləri”,
İ.Əfəndiyevin “Büllur sarayda”, Hidayətin “Vətəndən
Vətənə deportasiya” və müəllifi olduğum
“Soyqırımı tarixinin dastanı” əsərləri
üzərində iş gedir. İlin sonuna qədər daha
üç əsərin də hazırlanması nəzərdə
tutulmuşdur.
Söhbətləşdi:
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 7.