Bakıda
teatr tamaşaları göstərilən binalar
Milli teatr tariximizdən naxışlar
1900-cü ildən 1920-ci ilə qədər
Bakıdakı müxtəlif teatr dəstələri, həmçinin
1919-cu ildə rəsmiləşdirilən Hökumət
Dövlət Teatrosu (1930-cu illərə qədər mətbuatda,
teatrın afişa və proqramlarında “teatro” yazılıb)
öz tamaşalarını ayrı-ayrı illərdə
aşağıdakı binalarda göstərmişlər. Həmin
binaların az bir qismində XIX əsrin sonlarında da
tamaşalar oynanılıb.
“Nəciblər klubu”. 1873-cü il
martın 10-da Azərbaycan dilində ilk teatr tamaşası -
“Lənkəran xanının vəziri” (Mirzə Fətəli
Axundzadə) məhz bu binada göstərilib. 1940-cı illərə
qədər fəaliyyət göstərən həmin klub
indiki Sabir bağının ətəyində, Gənclər
meydanında yerləşən binalarla üzbəüz olub.
Binanın birinci mərtəbəsi dükanlar idi. İkinci mərtəbəyə
qalxan pillələrin sol tərəfindəki dəhliz
böyük tamaşaçı salonuna aparırdı. Sağ
tərəfdə isə yardımçı otaqlar vardı.
Burada müxtəlif ictimai təşkilatlar yerləşirdi.
Qoşa qala qapısının
qarşısındakı Gənclər meydanına o dövrdə
Haşımov meydanı və Duma meydanı da deyilirdi. Teatr
afişalarında tamaşanın “Haşımov meydanı”nda
oynanılacağı da yazılırdı. “Artistlər cəmiyyəti”,
“Gürcü cəmiyyəti”, “Artistlər klubu”, “Dənizçilər
cəmiyyəti”, “Kommersiya klubu”... müxtəlif vaxtlarda burada
qərar tutub. Ona görə də bina həmin adlarla da
tanınıb. Bir müddət isə bura “Zəhmət klubu”
və “Mərkəzi Fəhlə klubu” kimi fəaliyyət
göstərib.
Tağıyev teatrı. Bakı
milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binanı
1883-cü ildə özünün taxıl anbarının
özülü üzərində tikdirib. Tikintiyə mühəndis-memar
Lemkul başçılıq edib. Bina bir neçə dəfə
yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının
17-dən 1960-cı ilin avqustuna qədər bu binada fəaliyyət
göstərib. 1960-cı ildən akademik teatr indiki binasına
(Füzuli meydanına) köçüb. Tağıyev
teatrı binası isə Azərbaycan Dövlət Musiqili
Komediya Teatrına verilib. 1990-cı illərin əvvəllərindən
uçmaq təhlükəsi olduğuna görə həmin
bina söküldü. Fasad görkəmi, əsasən ilkin
şəkildə saxlanılmaqla Tağıyev teatrı yenidən,
müasir memarlıq üslubunda tikilib hasilə gətirildi.
Tağıyev teatrı bir müddət
qəzet məlumatlarında, afişa elanlarında,
tamaşaların məramnamələrində “Şəhər
teatrı” kimi də yazılıb. El arasında da “Şəhər
teatrı” ifadəsi işlənib.
“Köhnə Duma”. Hazırda
Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi
binanın ikinci mərtəbəsindəki salon.
“Obşestvennoe sobraniye”. Səməd
Vurğun küçəsində, Xaqani və Üzeyir bəy
Hacıbəyli küçələrinin arasında yerləşən,
“Zabitlər evi” adı ilə tanınan bina. Bakı neftxudası
Ağa Musa Nağıyev həmin binanı 1890-cı ildə
xeyriyyə məqsədli tədbirlər keçirmək
üçün tikdirib. Burada müsamirələr
keçirilir, konsertlər, teatr tamaşaları verilirdi. Bəzən
qəzet elanlarında, mətbuat məqalələrində
Musa Nağıyev teatrı kimi də yazılıb.
Hazırkı Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasının
binası (1900-1904 və 1910-1912-ci illərdə tikilib)
“Obşestvennoe sobraniye”nin Yay salonu kimi fəaliyyət göstərib.
“Kolizey” teatrı. İndiki Gənc
Tamaşaçılar Teatrı binasının yerində olub.
1917-ci ildə həmin binada Opera Teatrı müqabilində
“Malı teatr” yaradılıb. Əsasən rusca tamaşalar
göstərilən bina “Malı teatr” kimi də
tanınıb. Burada Azərbaycan truppaları da tamaşalar
oynayıblar.
Haşımovun evi. Gənclər
meydanında Qoşa qala qapısına yaxın olan bina.
Milyonçu Hacıbaba Haşımovun evi olub. Fasaddan dörd
mərtəbəlidir. Tamaşa salonu üçüncü
qatdadır. Bir vaxtlar Siyasi Maarif Evi adlanırdı. Hazırda
Konstitusiya Məhkəməsi bu binada yerləşir.
Dənizçilər evi (Morskoe
sobraniye). Xaqani küçəsi ilə Bülbül
prospektinin kəsişdiyi tində, bağla üzbəüz
binanın birinci mərtəbəsində olub. Hazırda burada
Bakı Dənizçilər Klubu fəaliyyət göstərir.
Girişi Bülbül prospektindən idi. Afişalarda “Bəhriyyə
klubu” kimi də yazılıb. “Dənizçilər evi” əvvəllər
“Nəciblər klubu”nda və çox az müddətə
müxtəlif binalarda yerləşib.
Nikitin qardaşları sirki. Opera
teatrının fasad qapısı ilə Bülbül
prospektinin arasında, həmin sırada olub. 1904-cü ildə
istifadəyə verilib. Yanandan sonra keçmiş “26-lar
bağı”nın (Mirzə Fətəli Axundzadə adına
Milli Kitabxananın həndəvərində) yanında taxta
binada yerləşib.
“Pelmel” teatrı. “Pelmel” həftəbecər
kimi qəbul edilib. Milyonçu Hacıbaba Haşımovun
oğlu Yaponiyada xoşuna gələn kazino binasını
Bakıda, indiki Rus Dram Teatrı binasının yerində
(Xaqani küçəsi) daş və taxta materialdan tikdirib.
Burda kazino ilə yanaşı konsertlər verilib, musiqili-əyləncəli
proqramlar göstərilib, tamaşalar oynanılıb. “Pelmel”
teatrı binasında, əsasən rus və digər millətlərin
teatr və musiqi həvəskarları, əcnəbi truppalar
çıxış ediblər. Bina “Mikado” teatrı adı ilə
də tanınıb.
Mayılov teatrı. Mirzə Fətəli
Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının hazırda fəaliyyət göstərdiyi
bina. Bakı milyonçusu, qara kürü
istehsalçısı Mayılov bu binanı on aya tikdirib
(29.04.1910-27.02.1911). Məhz opera tamaşaları
üçün nəzərdə tutulub. Binaya Mayılov
qardaşlarının teatrı da deyilib.
İnsanpərvərlər klubu
(“İnsanpərvərlər cəmiyyəti”). Səməd
Vurğun küçəsi ilə Xəzər dənizinə
tərəf düşəndə Tolstoy küçəsinin
sol tərəfdəki tinində yerləşirdi. Son illər
mətbəə kimi fəaliyyət göstərib. Hazırda
burada çoxmərtəbəli bina ucalır və onun
aşağı qatlarında müxtəlif kommersiya
mağazaları yerləşir.
Lalayev pasajı, “Qran vio” salonu. “Azərbaycan” kinoteatrı ilə üzbəüz duranda sol tərəfdəki
ikimərtəbəli böyük
mülkün birinci qatı Lalayev pasajı kimi tanınıb. Uzun illər
şəhər növbətçi
qastronomu (baqqaliyəsi)
kimi işləyib.
Pasajın içərisində kiçik salon olub. “Qran vio” adlanan həmin salonda həvəskar teatr dəstələri tamaşalar oynayıblar.
Həmin
bina 1886-1896-cı illərdə
tikilib.
Tağıyev pasajı. Köhnə univermaq
kimi tanınan, hazırda ticarət mərkəzi kimi fəaliyyət göstərən
ikimərtəbəli nəhəng
bina. Tağıyevin 1898-ci ildə tikdirdiyi,
əsasən məktəblilər
üçün dərs
ləvazimatı və
geyim satılan binada kiçik tamaşa salonu da olub.
Kələntərovun evi. Sonralar “Muza”
kinoteatrı olub.
Gənclər meydanında yerləşən,
Haşımovun evinə
bitişik, 6 mərtəbəli
böyük mülk Kələntərovun olub.
Onun bir salonu tamaşa
zalı kimi istifadə edilib. Sovetlər dövründə AHİŞ-in (Azərbaycan Həmkarlar İttifaqı Şurası)
binası kimi tanınıb.
“İsmailiyyə”.
İstiqlaliyyət küçəsində (1920-ci
ilədək “Nikolayevsk”,
sonralar “Kommunist” adlanıb) Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi bina.
Gözəl memarlıq abidəsi
olan bu binanı
Musa Nağıyev gənc
yaşlarında vərəm
xəstəliyindən rəhmətə
gedən oğlu İsmayılın xatirəsinə
tikdirib. Təməli 1908-ci ildə qoyulan, inşası bir neçə dəfə dayandırılan abidə-bina
1913-cü tamamlanıb. Tamaşalar ikinci qatdakı böyük salonda oynanılıb.
Bekkendorfun ümumi teatrı.
Balaxanıda olub. Sonralar Balaxanı
klubu adı ilə də məşhurlaşıb.
Forer sirki. Forer adlı
sirk truppasının sahibi bu binanı
1883-cü ildə Teatr
meydanında tikdirib.
Elə bir əhəmiyyətli memarlıq sənətkarlığı
xüsusiyyəti daşımayan,
çox hissəsi taxtadan quraşdırılan
bina sonralar sökülüb və yerində dördmərtəbəli
mülk tikilib.
Teatr meydanı. Tağıyev teatrının inzibati giriş qapısı ilə üzbəüz boş meydançaya deyilib. “Uşaq
və ana” kafesinin yerləşdiyi binanın arxa hissəsi, hazırkı Yusif Məmmədəliyev
küçəsinin başlanğıcındakı
sahəni əhatə
edib.
“Odeon” salonu. Petrovsk meydanında (sonralar
Lenin muzeyinin tikildiyi ərazi. Hazırda orada Muzey Mərkəzi fəaliyyət
göstərir), Qarşılıqlı
Kredit Cəmiyyətinin
yerləşdiyi binanın
bir zalı.
Taurek truppası sirki.
Nikolayevsk küçəsinin (indiki İstiqlaliyyət) ayağında, təxminən
Nizami heykəlinin yerində XIX əsrdə taxtadan tikilib.
“Ekspress”
salonu. Həkim Qarabəyovun evinin
bir salonu. Köhnə univermaqla eyni küçədə üzbəüz
bina.
“Rekord”
salonu. Birja meydanına (sonralar
“26-lar bağı” adlanıb)
baxan böyük mülkün bir salonu.
“Ampir”
salonu. Malakan bağının Xaqani və Rəsul Rza küçələrinin kəsişdiyi
yerdə olub.
İlham Rəhimli
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 6.