“Bahar oğlu” yad edildi
Aprelin 23-də Azərbaycan Milli
Konservatoriyası nəzdində fəaliyyət göstərən
İncəsənət Gimnaziyasında görkəmli dramaturq,
milli mədəniyyətimizin və incəsənətimizin
inkişafında müstəsna xidmətləri olan Cəfər
Cabbarlının anadan olmasının 113-cü
ildönümünə həsr olunmuş ədəbi-bədii
gecə keçirildi. Cəfər Cabbarlının ev-muzeyi ilə
İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə Cəfər
Cabbarlının ev-muzeyinin direktoru, dramaturqun qızı
Gülarə Cabbarlı, İncəsənət
Gimnaziyasının teatr şöbəsinin müdiri Hicran
Sadıqzadə, filologiya üzrə fəlsəfə doktoru
Asif Rüstəmli, filologiya elmləri namizədi, dosent Firudin
Qurbansoy, yazıçı-jurnalist Orxan Fikrətoğlu Cəfər
Cabbarlının həyat və
yaradıcılığına nəzər saldılar, ədibin
irsinin öyrənilməsində belə tədbirlərin
xüsusi əhəmiyyəti olduğunu vurğuladılar.
Ədəbi-bədii gecədə
İncəsənət Gimnaziyasının Azərbaycan və
rus bölmələrinin şagirdləri Cəfər
Cabbarlının əsərlərindən
hazırladıqları parçaları təqdim etdilər.
Gimnaziyanın müəllimləri Aysel Sadıqova və
Nurmila Rüstəmova dramaturqun teatr və kino
yaradıcılığından danışdılar.
Tədbirdə Cəfər
Cabbarlının həyat və yaradıcılığı
haqqında filmlərdən fraqmentlər nümayiş olundu.
Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli
Nurun və bədii qiraət ustası Ənvər Vəliyevin
ifasında Cəfər Cabbarlının şeirləri səsləndi.
Cəfər Cabbarlının
ev-muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı
mədəniyyət ocağının kollektivi adından gecənin
iştirakçılarına təşəkkürünü
bildirdi. O, İncəsənət Gimnaziyasının direktoru
Mahizər Şabanbəyova, teatr şöbəsinin müdiri
Hicran Sadıqzadə, rejissor Əliheydər Şahbazov və
ssenarist Göyçək Mehdiyevaya “C.Cabbarlı adına mədəniyyət,
elm və təhsilin inkişafına yardım” İctimai
Birliyinin diplomlarını təqdim etdi.
Təranə
Mədəniyyət.-
2012.- 27 aprel.- S. 6.