Cənub
bölgəsində yeni mədəniyyət
və turizm obyektləri qurulur
Prezident
İlham Əliyev Lənkəran və Cəlilabadda
görülən işlərlə tanış olub
İyulun 31-də Prezident İlham Əliyev
ölkənin Cənub bölgəsinə səfər edib. Təyyarə
ilə Lənkərana gələn dövlət
başçısı əvvəlcə şəhərin mərkəzindəki
Heydər Əliyev xatirə parkında xalqımızın
ümummilli liderinin abidəsini ziyarət edib, önünə
gül dəstəsi qoyub.
Sonra Prezident Lənkəranda Heydər
Əliyev Mərkəzinin yenidənqurmadan sonra
açılışında iştirak edib. Yenidənqurmadan əvvəl
mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub, hazırda isə
nəfis tərtibatda işlənmiş ikimərtəbəli
binanın ümumi sahəsi 3 min kvadratmetrdir. Mərkəzdəki
300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun
ictimai-siyasi və mədəni tədbirlərin keçirilməsi
üçün geniş şərait yaradılıb. Binada
3D avadanlığı ilə təchiz edilmiş kinozal,
elektron kitabxana, internet klub, kafe, linqivistika otağı, rəsm
studiyası, fotostudiya, sərgi salonu, şahmat və
intellektual oyun otaqları, virtual sinif var.
Ölkə başçısı
Lənkəranda Bayraq Meydanı ilə də tanış olub.
Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev
prospektində yerləşir. Bayraq dirəyinin
hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə
10 metrdir. Burada Azərbaycanın dövlət bayrağı,
himni, gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran
şəhərinin gerbi barədə məlumatların əks
olunduğu guşələr yaradılıb. Ərazidə
geniş abadlıq işləri aparılıb,
yaşıllıq zolağı salınıb.
Prezident daha sonra Lənkəran
şəhərindəki Heydər Əliyev prospektində
inşa olunacaq hotel kompleksinin təməlinin qoyulması mərasimində
iştirak edib. 4,7 hektar ərazidə tikiləcək hotelin 114
nömrəlik yeddimərtəbəli binasından əlavə,
beşi VİP olmaqla, 22 kottec inşa ediləcək. Burada həmçinin
disko-klub, uşaq əyləncə kompleksi, 40 yerlik avtodayanacaq,
80 yerlik kafe, 300 yerlik konfrans zalı, 1400 kvadratmetrlik hovuz, park,
idman meydançaları və s. yaradılacaq.
Dövlət
başçısı Lənkəranda Gənclər Mərkəzinin
təməlqoyma mərasimində də iştirak edib. İkimərtəbəli
binada gənclərin asudə vaxtlarını səmərəli
keçirmələri üçün hər cür şərait
yaradılacaq.
* * *
Prezident Cəlilabad rayonunda da həyata
keçirilən quruculuq-abadlıq işləri ilə
tanış olub. Dövlət başçısına Cəlilabad
şəhərinin mərkəzindəki istirahət
parkında aparılan işlər barədə məlumat
verilib. 1952-ci ildə salınan parkda ilk dəfə əsaslı
yenidənqurma tədbirləri görülüb. Yenidənqurmadan
sonra park füsunkarlığı, müasirliyi və səliqə-sahmanı
ilə diqqəti cəlb edir. Müasir işıqlandırma
sistemi, rəngarənglik və layihənin mükəmməlliyi
ərazinin cəlbediciliyini daha da artırır.
Dövlət
başçısı Cəlilabadda Heydər Əliyev
adına Yaradıcılıq Mərkəzinin
açılışında da iştirak edib. Ərazisi 1200
kvadratmetr olan bina orijinal memarlıq üslubu ilə diqqəti
cəlb edir. Birinci mərtəbədəki “Cənub palitrası”
təsviri incəsənət studiyasında rayon gənclərinin
rəsm və digər əl işləri nümayiş
etdirilir.
Xalçaçılıq
studiyasında gənclərimiz Azərbaycan
xalçaçılıq məktəblərinin ənənələri
ilə yaxından tanış olacaq və bu qədim sənətin
sirlərinə yiyələnəcəklər. Muğam
studiyasına da cəlilabadlı gənclər xüsusi maraq
göstərirlər. Burada onlara məşhur xanəndələr
və tanınmış bəstəkarlar haqqında geniş
məlumat veriləcək, Azərbaycan muğamının incəlikləri
tədris olunacaq.
Prezident Cəlilabad şəhərində
yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə
və Bayraq Meydanı ilə də tanış olub. Kompleks Gənclər
Parkı, Bayraq Meydanı, restoran və tikinti işləri
davam etdirilən üçmərtəbəli, 30 yerlik hoteldən
ibarətdir. Burada mədəni-kütləvi tədbirlərin
və el şənliklərinin keçirilməsi
üçün 200 nəfərlik restoran da inşa
edilmişdir. Parkda gənclər və rayon sakinləri
üstüörtülü 22 istirahət guşəsindən
istifadə edə biləcəklər.
Mədəniyyət.-
2012.- 1 avqust.- S. 2.