Ömrün 65-ci baharı
Azərbaycan kinosunun
inkişafında özünəməxsus dəst-xətti olan
rejissorlardan biri də Ələkbər Muradovdur. Bu günlərdə
65 yaşını qeyd edən rejissor zəngin həyat və
sənət yolu keçmiş, milli kino sənətimizə dəyərli
töhfələr vermişdir.
Ələkbər
Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə anadan olmuşdur.
1971-ci ildə M.Əzizbəyov adına Neft və Kimya
İnstitutunu (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) bitirmişdir. Kinoya olan hədsiz məhəbbət
onu bu sahədə də ali təhsil almağa sövq
etmiş və o, 1978-ci ildə Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsini
uğurla başa vurmuşdur.
1966-1971-ci illərdə «Neftximfilm»
həvəskar kinostudiyasına rəhbərlik edən Ə.Muradovun
bu studiyada çəkdiyi «İmtahana üç gün
qalıb!» adlı qısametrajlı sənədli filmi
respublika və ümumittifaq kino həvəskarları
festivalında mükafata layiq görülmüşdür.
1973-cü ildən C.Cabbarlı adına «Azərbaycanfilm»
kinostudiyasında çalışan kinorejissor burada «Qərib
cinlər diyarında» (1977), «Mən mahnı qoşuram» (1979),
«Qorxma, mən səninləyəm» (1981) bədii filmlərində
II operator işləmişdir. O həmçinin «Qaladan
tapılan mücrü» (1982, V.Kərimovla birgə), «Zirzəmi»
(1990), «Müqəddəs oda yanaram» (1991), «O dünyadan salam»
(1992), «Mənim ağ şəhərim» (1993), «Hökm» (1994,
R.Əliyevlə birgə) bədii filmlərinin
quruluşçu operatorudur.
Kinorejissor «Anaya məktub», «Gəmiqaya
rəsmləri», «Səadət təranələri», «Odlu
ürək», «Nəsrəddin Tusi», «Üçüncü
növbəti», «Bakı, müharibə illəri», «Təkəlduz»,
«Armudu», «Qonaq-qaralı ev» və s. sənədli filmlərə
ekran həyatı vermişdir. Sənətkarın 2002-ci ildə
quruluş verdiyi «Güllələnmə təxirə
salınır» bədii filmi milli kinomuzda özünəməxsus
yer tutur.
Mədəniyyət.-
2012.- 1 avqust.- S. 6.