Burada səfir kimi işləməyim taleyimdə mühüm rol oynadı”

 

   “Azərbaycan və Koreya xalqlarının öz ənənəvi mədəniyyətini qoruyub inkişaf etdirməsi çox təqdirəlayiqdir”

  

   Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci Ha ilə müsahibəni təqdim edirik.

   

   - Cənab səfir, necə oldu ki, Azərbaycana səfir təyin olundunuz?

   - Mən 1981-ci ildə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyinə işə qəbul olmuşam və artıq 30 ildən çoxdur ki, diplomatik fəaliyyətlə məşğulam. Nazirlikdə işə başlayandan sonra Fransada beynəlxalq əlaqələr kursunda təlim keçmiş, daha sonra isə əksər fransızdilli ölkələrdə fəaliyyət göstərmişəm. 2009-cu ilin iyun ayında Azərbaycana səfir təyin olunmağım haqda təklifi alandan sonra Azərbaycan və rus dillərini bilmədiyim üçün bu işlərin öhdəsindən necə gələcəyimdən narahat idim. Bununla belə, Koreya və Azərbaycan arasında qısa zaman ərzində əlaqələrin çox sürətlə inkişafına nəzər yetirdikdə bu ölkənin dilini bilməməyimə baxmayaraq, burada işləməyə qərar verdim. Azərbaycandakı diplomatik fəaliyyətim artıq başa çatmaq üzrədir və bu ölkədə səfir kimi işləməyimin taleyimdə mühüm rol oynadığını düşünürəm.

   - Azərbaycanla Koreya arasında münasibətlərin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

   - Ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ilin mart ayında yaranmasına baxmayaraq, ikitərəfli münasibətlərimiz xüsusilə son illər sürətlə inkişaf yolu keçib. Qısa zamanda siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə fəal əməkdaşlığa nail olmuşuq. 2006-cı ildə Prezident No Mu Hyonun Azərbaycana səfəri çərçivəsində Koreya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2007-ci ildə Prezident İlham Əliyev Koreyaya səfər edib və həmin il Koreyada Azərbaycan Respublikasının səfirliyi açılıb. Bundan sonra əlaqələrimiz daha da inkişaf etdi. Ötən müddətdə iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər gerçəkləşib. Dövlətlərimiz arasında əməkdaşlığa dair 40-dək sənəd imzalanıb.

   2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edib. Koreya Azərbaycana investisiya yatıran ölkələr sırasında 7-ci yerdədir. Koreya hökuməti ölkəmizin XX əsrin sonunda nail olduğu inkişaf təcrübəsini bölüşmək məqsədilə 2012-2014-cü illər üçün 26 əsas tərəfdaş ölkə seçmişdir və Azərbaycan da bu ölkələr sırasına daxildir. Ölkələrimiz arasında təhsil sahəsində yaxşı əməkdaşlıq yaranıb. Hazırda 20 nəfər koreyalı tələbə Azərbaycanda, 70 nəfərdən çox azərbaycanlı tələbə Koreyada müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura pilləsində təhsil alır.

   Mədəniyyət sahəsində də əlaqələrimiz inkişaf edir. İki ölkə xalqlarına bir-birinin mədəniyyətini tanıtmaq üçün müxtəlif tədbirlər təşkil olunur. İyunun 21-də Heydər Əliyev Sarayında ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş mədəniyyət tədbiri keçirildi. Həmçinin Koreya xalqına əsrarəngiz Azərbaycan mədəniyyətini tanıtmaq üçün Yesu şəhərində keçirilən EXPO-2012 ümumdünya sərgisi çərçivəsində iyunun 12-də “Azərbaycan günü” adlı tədbir gerçəkləşdi. Bu ilin oktyabrında isə Azərbaycanda Koreya mətbəxinin təqdimatı və Koreya dilində danışıq üzrə yarış keçiriləcək.

   2007-ci ildə iki dövlət arasında gənclərin mübadiləsi sahəsi üzrə anlaşma memorandumuna uyğun olaraq, 2008-ci ildən etibarən hər il ölkələrimizdən 10 nəfər gənc tarix, mədəniyyət, incəsənət və s. sahələrdə təcrübə qazanmaq imkanı qazanır.

   - Belə görünür ki, ölkələrimiz arasında, mədəniyyət sahəsi də daxil olmaqla, geniş əməkdaşlıq imkanları var. Bu münasibətləri inkişaf etdirmək üçün daha nələr etmək lazımdır?

   - Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün təkcə dövlət rəsmiləri deyil, xalqlar arasında da münasibətlərin genişlənməsinə nail olmaq lazımdır. Müxtəlif səfərlər, sərgi, forum, seminarlar və s. təşkil edərək bu əlaqələri gücləndirmək vacibdir. Azərbaycanda olduğu kimi, Koreyada da belə bir atalar sözü var: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır”. Düşünürəm ki, bu fikir ölkələrimiz arasındakı əməkdaşlıq üçün yaxşı misaldır. Koreya dövləti belə görüşlərin həyata keçirilməsi üçün bir sıra işlər görür ki, buraya təqaüd proqramları, dövlət işçilərinin təlim proqramlarında iştirak etməsi, təqaüdə çıxmış koreyalı mütəxəssislərin öz sahəsi üzrə biliklərinin azərbaycanlı həmkarları ilə bölüşməsi, mədəniyyət sahəsində çalışan şəxslərin qarşılıqlı səfərləri və s. layihələr aiddir. 2006-cı ilin mayında iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlıq sənədi imzalanıb. Bundan sonra, kino günlərinin keçirilməsi, rəsm sərgisi, ənənəvi milli musiqi konserti, moda şousu, taekvando, milli mətbəxin tanıtımı və s. müxtəlif mədəniyyət tədbirləri həyata keçirilib. Düşünürəm ki, bu sahə üzrə daha da aktiv fəaliyyət göstərmək lazımdır.

   - Konkret olaraq mədəniyyət sahəsini götürsək, hansı istiqamətlərdə əməkdaşlıq qurmaq mümkündür?

   - Mədəniyyətin müxtəlif sahələrində əlaqələrimiz inkişaf edir. Bu xüsusda səfirliyin əməkdaşlıq etdiyi tərəfdaşlarından biri kimi SEBA (Seul-Bakı) Koreya- Azərbaycan Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə birgə layihələri qeyd edə bilərik. Bu günə kimi təşkilat səfirliklə birlikdə müxtəlif mədəniyyət tədbirləri həyata keçirib. Seul Universitetinin arxeologiya və antropologiya fakültəsinin professorları Qəbələdə tarixi məkanların araşdırılması üçün Azərbaycana dəvət olunub. SEBA-nın təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq incəsənət festivalında koreyalı artistlər iştirak edib. Artıq üç ildir ki, Şəki şəhərində keçirilən beynəlxalq “İpək Yolu” musiqi festivalına Koreyanın Koncu Buyoq şəhərindən iştirakçılar qatılır. 2011-ci ildə Koncu Buyoq şəhərində təşkil olunan Peqçe mədəniyyət festivalına da Şəki şəhərindən iştirakçılar dəvət olunmuşdu. Ümumiyyətlə, biz Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrilə mədəni əlaqələri inkişaf etdirməyə çalışırıq. Düşünürəm ki, bölgələrdə yaşayan insanlarla mədəniyyət mübadiləsi də çox önəmlidir. Məsələn, 2011-ci ilin noyabrında Gəncə şəhərində Koreya filmləri günləri keçirilib. Azərbaycanda Koreya kinosuna, musiqisinə maraq var. Hətta Bakı Dövlət Universitetində tələbələr Koreya fan-qrupu yaradıblar. Səfirlik tərəfindən bu qrupun aktiv fəaliyyət göstərməsi üçün daha çox dəstək veriləcək.

   - Azərbaycan tarixi, mədəniyyəti və musiqisi haqqında təəssüratlarınızı bilmək maraqlı olardı. Mədəni tədbirlərə, teatra, opera tamaşalarına, konsertlərə getməyə vaxt tapırsınızmı?

   - Azərbaycan və Koreya tarixlərinə nəzər yetirdikdə hər iki ölkənin zaman-zaman güclü dövlətlərin müdaxiləsinə məruz qaldığını görə bilərik. Xalqların istəyi olmadan ölkənin iki hissəyə ayrılması ağrısını da yaxşı başa düşürük. İki ölkənin öz ənənəvi mədəniyyətini qoruyub saxlayaraq inkişaf etməsi çox təqdirəlayiqdir. Mən də işlərimin çox olmasına baxmayaraq, həyatımın mənəvi hissəsini kənara qoymayaraq onu da zənginləşdirməyə çalışıram. Opera, balet, konsert, sərgi, sirk və s. mədəni istirahətdə xoş vaxt keçirmişəm. Azərbaycanın musiqisini, xüsusilə də muğamı daha çox xoşlayıram. Sizin muğam Koreyanın ənənəvi musiqisinə çox oxşayır və sözlərini başa düşməsən belə, ifaçının ifa zamanı göstərdiyi hislərdən musiqinin mövzusunu anlamaq olur. Keçən ay Şəki şəhərində keçirilmiş beynəlxalq musiqi festivalında Azərbaycanın Xalq artisti Mələkxanım Əyyubova tərəfindən ifa olunan muğamın gözəlliyini hələ də unuda bilmirəm. Azərbaycanın mədəniyyəti və musiqisi çox zəngindir. Burada yaşayışdan danışarkən gecə saatlarında, şəhər və ya rayon olmasına baxmayaraq, hər kəsin təhlükəsiz şəkildə küçədə sərbəst dolaşmasını da qeyd etmək istərdim. Dünyanın böyük şəhərləri ilə müqayisədə Bakı bu baxımdan çox təhlükəsiz bir şəhərdir.

   - Ölkələrimiz arasında turizm əlaqələri ilə bağlı nə deyə bilərsiniz? Bu sektorun perspektivlərini necə görürsünüz?

   - Ölkələrimiz coğrafi nöqteyi-nəzərdən bir-birindən uzaqda yerləşir və birbaşa təyyarə reysi olmadığından, turizm sahəsində əlaqələrimiz hələ yaxşı inkişaf etməyib. Turizm mübadiləsinin inkişaf etməsi üçün turistlərin istədiyi zaman rahat şəkildə səfər etməsinə şəraitin yaradılması vacibdir. Bu baxımdan ölkələrimiz arasında sıravi insanların, yəni ümumvətəndaş pasportuna malik şəxslərin gediş-gəlişi üçün vizasız razılaşmaya dair danışıqlar aparılır. Bununla bağlı saziş imzalandığı təqdirdə turizm sahəsində inkişaf olacaq və vətəndaşların mübadiləsinin genişləndirilməsi üçün müsbət təsir yaranacaq.

   - Azərbaycanda olduğunuz müddətdə ölkənin görməli yerlərinə səfər edə bilmisinizmi? Boş vaxtlarınızda nə ilə məşğul olmağı sevirsiniz?

   - Vaxtım olanda Azərbaycanın Xızı, Quba, Xınalıq, Şabran, Şamaxı, Lahıc, İsmayıllı, Qəbələ, Şəki, Qobustan, Lənkəran, Lerik və s. gözəl guşələrinə səyahət edirəm.

   Həftə sonları həmkarlarımla birlikdə “Golfland”a gedərək orada golf və ya Tennis Akademiyasına gedib tennis oynayıram. Bəzən həyat yoldaşım ilə birlikdə dənizkənarı bulvarda gəzirik. Həftə içində isə əsasən kitablar oxuyur, müxtəlif televiziya proqramlarına baxmaqla boş vaxtımı keçirirəm.

   - Azərbaycan mətbəxini bəyənirsiniz?

   - Azərbaycanın milli mətbəxində ən çox bəyəndiyim yeməklər sırasına mərci şorbası, dolma, toyuq kababı və s. daxildir.

   - Bakını hansı təəssüratla tərk edəcəksiniz?

   - Azərbaycandakı diplomatik fəaliyyətim diplomat kimi həyatımda sonuncu iş olduğuna görə, mənim üçün xüsusi məna kəsb edir. Burada çalışdığım zaman iqtisadi, təhsil və mədəniyyətin mübadiləsi sahələrində əməkdaşlığın inkişafı üçün çalışmışam. Ölkənizi də xoş hislər, zəngin təəssüratla tərk edəcəyəm.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 1 avqust.- S. 10.